Qriqoryanın Şuşa türməsindəki vəhşilikləri – DOSYE

Qriqoryanın Şuşa türməsindəki vəhşilikləri – DOSYE
  07 Yanvar 2016    Oxunub:54600
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

Beyləqanlı Tahirin bacısıgildə “Şahbazov” haqqında söhbət edərkən onların yaxın qohumu, əlli yaşlarında bir kişi məclisimizə gəldi. Onunla müzakirəmiz çox səmimi alındı. Ömrünün bir hissəsini dəmir barmaqlıqlar arasında keçirən, adını məlum səbəblərdən gizli saxlamağı lazım bilən həmsöhbətim mənə Şuşa həbsxanası və 7-ci kolon haqqında olduqca dəhşətli hekayətlər söylədi.

- Həbsxanadan yenicə çıxmışam. Ağrılı-acılı məhbus həyatı yaşamış, demək olar ki, 8 il cəhənnəm əzabı çəkmişəm. Mənə ağır gələn odur ki, həbsxanaya düşəndən sonra dost-tanış, qohum-əqraba, hətta doğmaca valideynlərim də məndən üz döndərdilər. Elə bil mən adlı bir insan yer üzündə yox imiş. Yanıma gəlib-gedən olmadı. Həyatım ağrılarda keçdi, boynum bükülü qaldı. Amma yaşadım. İndi azadlıqdayam. Qohum da, dost da, doğmaca valideynlərim də üzə çıxdılar.

Məqsədim yaxınları həbsxanada olanların qohumlarına, dost və tanışlarına müraciət etməkdir: “Türməyə düşənləri atmayın, onlar sizin qayğınıza möhtacdırlar”.

Həbsxanaya uyğunlaşdıqdan sonra bu həyatı yaddan çıxarmaq, oradakı vərdişlərdən aralanmağın çox çətin, hətta qeyri-mümkün olması (xüsusən də cəza müddəti uzun çəkəndə) əsas faktordur. Məhbusların insanlar və cəmiyyət tərəfindən qəbul edilməməsi, təhqir və inamsızlığa məruz qalmaları, onların azadlığa çıxandan sonra yeni-yeni pis əməllərə təhrik olunması isə ikinci amil rolunu oynayır. Həbsxanalardan normal cəmiyyətə dönüş çox şeyə görə qeyri-mümkünləşir. Sanki qapalı bir dairə yaranır. 10-15 illik bir müddətə azadlıqdan və hətta deyərdim ki, həyatdan təcrid edilən insanın vəziyyətini təsəvvür etməyə çalışın. Onun bütün sosial əlaqələri pozulur. Əksər hallarda ailəsi dağılır, yaşayış yeri əldən çıxır, dostları və tanışları tamamilə yadlaşır. Ümumiyyətlə, normal fəaliyyət strukturu pozulur. Keçmiş mşhbus elə bil ki, boşluğa düşür. Əgər yaş faktorunu da nəzərə alsaq (həbsxanalardan 40, 50, hətta 60 yaşında çıxanlar var), vəziyyət tamamilə aydınlaşır. Keçmiş məhbus nə yaşamaq üçün yer tapır, nə də işləmək üçün. Çarə qalır yenə də oğurluğa, qarətə... Nəticədə o, yenidən "boz divar"lar arasına düşür. Bura düşən heç cür geriyə yol tapa bilmir. Qəribə burasıdır ki, keçmiş məhbusların azadlıqdakı ömrü çox vaxt 1-2 ay çəkir. Deməli, cəza tədbirlərinin verilməsi və onun yerinə yetirilməsi sisteminə də yenidən baxmaq lazımdır.

...Şuşa həbsxanasında mən iki dəfə, ümumilikdə beş ilə yaxın oturmuşam. Burada Korzubı Vaqif, Razboynik Çingiz, Malış Söhbət, Tengiz və başqalarıyla rastlaşmışam. Nardaranlı Vaqif, Kutuzov Çingizlə çox az müddət otursam da, Söhbət və Tengizlə illəri yola salmışam. Vəlyəddin Məmmədov, Famil Vəliyev və Qriqoryanın rəislik etdiyi dövrlərdə, yəni 1980-ci ildən 87-ci ilədək bu xozeyinlərdən ən insanpərvəri birinci adını çəkdiyim idi.



Famil qanunpərəst, Qriqoryan isə qana susamış canavar xislətli admlardı. Məmmədovun dövründə də nadzorlar, xüsusən də erməni vertuxaylar dustaqlara həşərat qismində baxır, işgəncələr verir, təhqir edirdilər. Qriqoryanın ağalıq etdiyi intervallarda isə məhbusla rəftar əndazəsini aşmışdı və üzdəniraq qonşumuz başda olmaqla erməni qnidaların hamısı dustaqların məhvinə çalışırdılar.

1985-ci ilin əvvəlləri Şuşa qazamatının ittifaqın ən ağır rejimli türmələrindən sayıldığı bir dövr idi. Türmənin rəisi vəzifəsinə Vəliyevdən sonra 1985-ci ilin aprelin 3-də Qriqoryan təyin edilmişdi. Qriqoryanın türmədə törətdiyi əməllər Vəliyevin dövründəkindən dəfələrlə dəhşətliydi. Şuşa türməsinə ittifaqın hər yerindən dustaqlar yatab göndərilirdi. Buradakı rejim Solikamskdakı “Belıy Lebed”dən, Krasnoyarskdakı “Krasnıy Lebed”dən, Vladımirdəki “sentral”dan daha dəhşətli sayılırdı.

Qriqoryanın vampir xislətli adamları - Canavar Zaxar, qaniçən Xoren, rejim rəisi kapitan Rafael– zopası vardı antenna kimi dartılıb uzadılan, çalışırdı ki, dustağın düz sifətinə, yaxud başına vursun. Operlər - Yusifəli – Qriqoryanın sağ əli, Boksyor Şagen...

İyirmi səkkiz il keçib o vaxtdan. Hələ də özümə gələ bilmirəm. Məni ən çox dəhşətə gətirən bu idi ki, insan insana qarşı nə qədər zalım, cəllad olar. Mən əgər tutulmuşamsa, türməyə düşmüşəmsə, elə ömrüm o illərlə qurtarmır axı. Mən cəzamı çəkib yenə azadlığa çıxmalı, yaşamalıyam. O cəlladlar bunu qanmaq istəmirdi ki, hər bir dustağın da öz həyatı, gələcəyi var. Sabah bu dəmir barmaqlıqların arxasından çıxandan sonra o da sənin kimi bir adamdı. Onlarsa hər vəchlə çalışırdılar ki, dustağı şikəst eləsinlər, xəstə salsınlar. Bir sözlə, elə zədələsinlər ki, bir də özünə gələ bilməsin.

Hər gün bizi bir saatlıq proqulkaya (gəzintiyə) çıxarırdılar. Fevral ayının ortaları idi. Şuşada həmin vaxtlar elə şaxtalar olurdu ki, Kolıma onun yanında toya getməli sayılardı. Proqulkaya çıxarmazdan əvvəl nadzorlar üst-başımızı axtarır, sonra batinkaları, corablarımızı da soyundurub yoxlayırdılar. Yalın ayağımıza batinkaları geyinərək proqulkaya çıxarırdılar. Bir saat ərzində ayaqlarımız şişir, qaralır donurdu. Gəzintimiz beləcə cəhənnəm əzabına çevrilirdi. Növbəti dəfə bütün əzab-əziyyətlərə, işgəncələrə baxmayaraq, bu məsələni də həll etmək fikrinə gəldik. Söhbətin fikrindən conra sözü bir yerə qoyduq ki, sabahdan proqulkaya çıxanda corabları çıxarmayacağıq.

Səhəri nadzorlar (başda Xoren və Şagen olmaqla) proqulkaya çıxmazdan əvvəl yenə hər gün olduğu kimi üst-başımızı axtardıqdan sonra çəkmələrimizi çıxartdırıb, corabları da soyundurdular. Yoxlama qurtarandan sonra corabımı geyinib, botinkaları ayağıma keçirmək istəyirdim ki, qəddar nadzorlardan biri kimi tanınan Zaxar bunu gördü. Kinayəylə gülümsəyərək:
- Lotuluq eləmək istəyirsən? İndi göstərrəm sənə - deyib, bizi təzədən kameraya qaytardı.
Şagen və Xopeni də çağırıb:
- Bunu, gələcək avtoriteti görürsünüzmü, əmrə tabe olmaq istəmir, köhnə bazara təzə nırx qoymaq fikrindədir, - bağırdı.



Cəlladlar töküldülər üstümə. Bir xeyli döydükdən sonar Zaxar çənəmdən tutub başımı qaldırdı:
- Hə, necədir, soyunursan corabı, yoxsa dərsi davam etdirək? - deyə soruşdu.
İnandırım ki, dilimi tərpətməyə heyim qalmadığından, başımın hərəkəti ilə "Yox!" işarəsi verdim.
Söhbətgil də corablarını geyinib, məni müdafiə etdiklərini bildirdilər. Hamımızı dubinka ilə vura-vura məcbur elədilər ki, ayaqqabları və corabları soyunaq və ayaqyalın dəhlizə çıxaq.
- İndi gəzintiyə! Marş! Çıxın bayıra, it uşaqları!
İndi iəsəvvür elə də, Şuşa, fevral ayı… Ayaqyalın! Dizədək qarın içində iki saat dayananın halı necə olar?

Soyuq iliyimizə işləmişdi. Yerimizdə atılıb-düşürdük ki, ayaqlarımız donmasın. Bir azdan xozyain Qriqoryan özü də gəlib çıxdı. Leş görən çaqqal kimi nüfuzedici baxışlarıyla bizi bir xeyli süzüb Söhbətin qənşərində dayandı:
- Hə, indi nə deyirsən, smotryaşi? Botinkaları geyirsiz? - soruşdu.
Söhbət:
- Corabsız geyinməyəcəyik! Lap donub ölsək də … Mən elə burada, bu andan aclıq elan edirəm… - dedi.
Qriqoryan:
- Eybi yoxdur, elə, istəyirsən lap başını divara vur. Ara, aparın bunları korpusa, - deyib özü də korpusa doğru addımladı. O gedən kimi, nadzorlar da bizi dubinkayla döyə-döyə korpusa gətirdilər.

Axır ki, sözümüzdən dönmədiyimizi görüb, uzun məşvərətdən sonra belə qərara gəldilər ki, əsas səbəbkarları: Söhbətlə Yusifi karserə, qalanları isə kameraya göndərsinlər. məni də onlara qatıb demək olar ki, leşimizi sürüyüb karsa saldılar. Lüt bədən, ayaqyalın, fevralın soyuğunda beş sutka bizi karsda saxladılar. Amma bütün bunlara baxmayaraq, sözümüzdən dönmədik. Karsdan qayıtdıqdan sonra proqulkaya corabsız çıxmaq problemini də aradan götürdük...

Bu gün danışanda, bəlkə də mən sözlə o əzabların mindən birini çatdıra bilmirəm. Tək olan Allah bilir ki, bütün bunlar hansı müsibətlər, məşəqqətlər bahasına başa gəlib bizlərə.

“BİZİ TABUTA UZADIB DİVARIN İÇİNƏ SALIRDİLAR”

Bilmirəm, bundan hökumətin xəbəri vardı, ya yox, hər halda belə bir cəza növü bizim dövrümüzdə heç ağlasığan deyildi. Vallah, inanmıram ki, qanun belə bir cəza növünə icazə verəydi. Bu cəza tədbirini Qriqoryan özündən deyən oğlanları sındırmaq üçün icad etmişdi. Belə ki, bu cəzaya tab gətirmək hər oğulun işi deyildi. İnsan oğlu insan belə şeyə dözə bilməzdi. Bu cəzanın mahiyyəti nə idi?

Deməli, divarda xüsusi yer hazırlanmışdı – tabuta bənzər siyirmə formasında. Dustağı həmin dəmir siyirməyə qoyub, divarın içinə itələyirdilər. Formasına görə tabutdan fərqlənməyən bu qabın dərinliyi 25-30 sm-dən çox deyildi. Tabutun fərqi və üstünlüyü isə ondan ibarət idi ki, içindəki canlı insan yox, meyit olur. Burada isə adamı cismən deyil, ruhən qəbr əzabına məhkum edirdilər. Əlləri - ayaqları qandallı, buz kimi soyuq divarın içərisinə ötürülən dustaq soyuqdan çox, ordakı siçovulların dişdəyinə dözə bilmir. Nəsə əl-ayağımı qandallayıb məni də həmin tabut formalı dəmir qutuya qoyub, divarın içərisinə saldılar. Əl-ayağım bağlı, başımı qaldırıb oturmağa imkan yox. Bir sözlə, əsl qəbir idi. Qəbir yox ey, əsl cəhənnəm. Soyuqdan donmağım bir yana, bəlkə də 20-30 krısa tökülüb üstümə, didirlər məni. Özümü qoruya da bilmirəm. Əl-qolumu, bədənimi silkələməklə krısaları qovmağa çalışıram... İlahi!!

Həqiqətən də həmin gün insanın nə qədər dözümlü bir məxluq olduğunun bir daha özümdə sübutladım. Ayrı vaxt, vallah, elə krısa ayağıma dəyəndə, iyrəndiyimdən az qala ölürdüm. İndi üstümdə-başımda o yan-bu yana gəzirlər, dişləmək istəyirlər, mənsə dözürəm. Hardasa iki saata qədər məni saxladılar o cəhənnəmdə. Mən bu gün deyirəm ki, bəli, cəhənnəmi bu dünyada görmüşəm...



O illər ərzində neçə oğulları sındırdı Qriqoryan. Elə oğlanlar öldü orada ki...

Bakıdan Hüseyn adlı bir oğlan vardı, Sovetskidən idi. Çox sağlam, pəhləvan cüssəli oğlandı. Əsl cayıl idi. Deyilənlərə görə, 11-ci kolonda təkbaşına nizam-intizam yaratmışdı. Yeri gələndə kəskin idi, sərt idi. Narkomanlara qan udurar, tərgitdirməyə girişərdi. Amma ümumiyyətlə, olduqca mərhəmətli oğlandı. Zonda həmişə görərdin imkansız, yazıq dustaqları yığardı başına, əlindən gələn köməkliyi edərdi onlara. Bir sözlə, yetim-yesirlərin havadarı, zalımların, qəddarların qənimiydi Hüseyn.

Onunla hələ 11-ci kolonda olduğumuz vaxtlarda yaxından tanış olmuşduq. İmenovat olunmamışdı, cayıl idi. Şuşa türməsinə 11-ci kolonda “mal” buraxan Rafik adlı bir Gəncə ermənisiylə davasına görə göndərilmişdi. Nəşəsini əlindən alıb hamının gözü qarşısında “qnoynikə” (tualet) atmışdı. Tərslikdən həmin ermənini də elə onunla bir yerdə yatab eləmişdilər Şusaya. Cinayət aləmində də belə bir qayda var , aralarında ədavət olan iki nəfəri heç vaxt bir türməyə göndərmirlər. Ən dəhşətlisi bu idi ki, Hüseyni Rafiklə nəinki bir türməyə, hətta bir kameraya salmışdılar və onlar arasında hər gün dava-dalaş olurdu. Hüseyn çox cüssəli, güclü oğlandı. Rafik onun qabağında dayana bilməzdi. Beləcə, hər gün Hüseyn ermənini döyürdü, səsə gələn erməni nadzorlar da onu. Ancaq bir nəfərin də ağlına gəlmirdi ki, a kişi, gəlin elə bunların kamerasını dəyişək, dolanmırlar da. Yox, axı onların da öz "prinsipləri" var - sındırmaq. Bu minvalla düz 6 ayacan bu vəziyyət hər gün təkrar olunur. Amma nə Hüseyn inadından dönür, nə nadzorlar.



Sonra mən rəhmətlik Hüseynlə xəstəxanada olanda görüşdüm. Xəstəxana Bakıda yerləşirdi. Biz də Şuşadan yatab gələn günləri bilirdik. Hər dəfə həmin gün gələnlərin yolunu gözləyirdik, maraqlıydı görək nə var, nə yox, kimlər gəlir. Bir gün də yenə dayanmışdım, kormuşkadan baxıb gördüm, aha, bizim türmədən gələnlərdi. Üst-başlarından, əyri yerişlərindn o saat müəyyən etmək olurdu ki, bu bədbəxtlər Şuşa türməsindəndi. Gələnlərin arasında bir oğlan vardı, iki tərəfdən qoluna girib, zorla gətirirdilər, yeriyə bilmirdi. Elə cansız-çəlimsizdi ki, deyirdin elə indicə canını tapşıracaq.

Yaxınlaşanda gördüm ki, nəsə bu oğlanın sifəti mənə tanış gəlir. Ha fikirləşdim, kimliyini yada sala bilmədim. Uşaqlardan soruşdum: "Alə, baxın görün bu kimdi belə?" Dedilər ki, Hüseyndi də, Sovetskidən, tanımadın? Allaha and olsun, başımın tükü qabardı. Adam 5-6 ayın içində nə qədər dəyişə bilərmiş. O canlı-cüssəli pəhləvan kimi oğlandan əsər-əlamət qalmamışdı. Deməli, onu axıracan sındıra bilmədiklərini görəndən sonra, lap son nəfəsində xəstəxanaya göndərmək qərarına gəlmişdilər. Bizimlə bir kameraya saldılar Hüseyini.

O dövr Şuşa türməsindən xəstəxanaya yatab olunanların böyük əksəriyyəti “tubiklər” idi. O qədər ciyərlərin üstündən vururdular ki, ona ciyər dözərdi. Hüseynin də dərdi tuberkulyoz idi. Xəstəxanada Mkrtıç adlı bir tubik həkimi vardı, erməniydi. Onun bir xüsusiyyəti hamıya yaxşı məlumdu. Vəziyyətinin ağırlığından, yüngüllüyündən asılı olmayaraq, kamerə girib xəstəni müayinə etdikdən sonra əlini havada, "bundan keçib" işarəsiylə yellədisə, deməli, daha ona heç nəyin köməyi olmayacaq. Hüseyini müayinə etdikdən sonra hamımız dayanıb Mkrtıçın işarəsini gözləyirik...

Ümidimiz boşa çıxdı. İşini başa vurandan sonra əlini havada yellədib, kameri tərk elədi. Artıq Hüseynə heç nəyin xeyri yoxdu. İndiyədək xatirimdədi. Hüseyn uzanıb, mən də başının üstə dayanmışam. Deyir ki, qardaşım, mən yaşamaq istəyirəm. Nə görmüşəm ki, bu həyatda? Mən də ürək-dirək vermək istəyirəm. Deyirəm: "Hüseyn, sən hələ yaşayacaqsan, Allah qoysa, burdan çıxıb evə qayıdacaqsan. Möhkəm ol”.

Bu yerdə dünyanın ən dəhşətli hadisələrindən belə böyük təmkinlə danışmağı bacaran, cəhənnəmi bu dünyada gözləriylə gördüyünü söyləyən müsahibimin gözlərindən damla-damla yaş damcıları süzüldü. Bəlkə də bunu acizlik hesab etdiyindən, söhbətini davam etdirib, ağladığını gizlətməyə çalışsa da, göz yaşları dayanmaq bilmirdi...

Hüseyn də bilirdi ki, artıq ömrünün sonu çatıb. Uşaqlardan biri ilə xəbər göndərib həkimi çağırtdırdım. Bir piramidol iynəsi vurdular ki, heç olmasa o dəhşətli ağrılardan azad ola bilsin ölüm qabağı. Elə qollarımın arasındaca canını tapşırdı. Allah Hüseynə rəhmət eləsin...

(Ardı BURADA)


Teqlər:  





Xəbər lenti