Putinin planı: `bir güllə ilə iki dovşan ovu` - TƏHLİL
Son günlər bölgədə vəziyyət olduqca gərgindir. Dünyada qanlı müharibələrin, qlobal iqtisadi böhranın hökm sürdüyü məqamda Qərb-Rusiya və Qərb-İran davasının müstəvisi xeyli böyüyərək Cənubi Qafqaz regionuna qədər gəlib çatıb. Belə demək mümkünsə, tərəflər qeyd olunan strateji məkanı ələ keçirməklə Qərbə zərbə vurmaq və öz qüdrətlərini gücləndirmək istəyirlər. Bu istiqamətdə konkret addımların atılması regionda yeni oyunların qurulmasının ciddiliyindən xəbər verir.
Burada bir məqam diqqət çəkir ki, gizli oyunlar iqtisadi böhranın caynağından hələ də xilas ola bilməyən Gürcüstan üzərindən qurulur və bu oyunların bir ucu da regionun lider ölkəsi Azərbaycana toxunur.
Tarixən Cənubi Qafqaz ölkələrini nəzarətdə saxlamaq uğrunda mübarizə aparan Rusiya və İran bu dəfə Gürcüstanı ən zəif yerindən vurmaqla “Qaz oyunu”nu ortaya atıb, bölgədə dəngələri dəyişməyə çalışırlar.
İllərdir Azərbaycanla dostluq və strateji əməkdaşlıq edən Gürcüstanın birdən-birə İran və Rusiyadan qaz almaq istəyi təəccüblü görünməyə bilməzdi.
Səbəb nə idi?
Oyuna gələn Tbilisi rəhbərliyi belə bir iddia irəli sürdü ki, guya Azərbaycan qazı Gürcüstanı tam təmin edə bilmir və bu baxımdan onlar alternativ variant axtarışına başlayıblar.
Prezident İlham Əliyevin Gürcüstan səfəri isə bu iddiaları alt-üst etdi. Ölkə başçısı Tbilisidən dünyaya bəyan etdi ki, Azərbaycan qazı 100 il ərzində qonşularını, eləcə də digər ölkələri tam təmin edə bilər.
“Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları var. Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kub metr səviyyəsindədir. Bu o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, həm də Avropa ölkələrini böyük həcmdə təbii qaz ilə təmin edə biləcək”.
Prezidentin bu açıqlaması gürcülərin ucuz bəhanələrini ifşa etməklə kifayətlənmədiı, “Qaz oyunu”nun arxasında gizlənən “qəhrəmanlar”ı da üzə çıxarmış oldu.
Azərbaycan prezidentinin Tbilisidə gürcü nazirlərə verdiyi dərs “boz kardinal” və sabiq baş nazir Bidzina İvanişvilinin və onun arxasında duran güclərinin planlarını faş etdi. Qiyabi olaraq Gürcüstanın siyasi rəhbərliyindən gedən İvanişvili İlham Əliyevin səfərindən sonra mətbuat qarşısına çıxaraq bildirdi ki, İran və Rusiya gürcülər üçün mühüm əhəmiyyətə malik ölkələrdir və Gürcüstan onları itirmək istəmir.
Rusiyapərəs milyarder etiraf etdi ki, Gürcüstan yaxın vaxtlarda İrandan qaz nəql edəcək.
“Mən heç nəyi idarə etmirəm, lakin iqtisadiyyatla əlaqəli olan hər məsələdə fəal iştirak edirəm. Biz İranla maksimum möhkəm və geniş ticarət əlaqələrinin yaradılmasına nail olmalıyıq. Siz bilməlisiniz ki, İran, Çin və Rusiya bizə çox gərəkdirlər. İran qazı da Gürcüstana nəql edilsə, bu çox maraqlı olardı və mən düşünürəm ki, bu, böyük ehtimalla, belə də olacaq”.
İvanişvilinin maraqlı dediyi bu proje aysberqin görünən tərəfi idi. Arxada isə böyük və məkrli planlar yatır ki, gürcülər hələ də hansı oyuna gəldiklərinin fərqində deyillər.
Bölgədə baş verən prosesləri analiz edərkən maraqlı mənzərə ortaya çıxır: Rusiya Avropaya alternativ qaz verilişinin qarşısını almaq üçün hər vasitəyə əl atır və monopolist mövqeyini qorumağa çalışır. O da bəllidir ki, İran Avropaya çıxmaqda israrlıdır və bu iki ölkənin maraqları zəif Gürcüstan üzərində toqquşur.
Kasıb gürcülər İrandan ucuz qaz almaqla maddi durumlarını bir qədər yaxşılaşdırmaq istəyirlər. Əslində onları fars rejiminin hansısa siyasi marağından daha çox ciblərinin dolu olması və qarınlarının toxluğu düşündürür. Ruhani iqtidarı isə bu şansdan istifadə edərək gürcülərə ucuz qaz verib, Avropa bazarına çıxmağa can atır.
Rusiya ilə yaxınlıq isə sadə gürcülər üçün arzuolunan deyil. Onlar yenidən Moskvanın diqtəsi ilə yaşamaq istəmirlər. Bu, onların qəti mövqeyidir.
Azərbaycanın iştirak etdiyi `Qaz oyunu`nun pərdəarxasında daha ciddi maraqlar durur desək, bəlkə də yanılmarıq.
Öncə ekspertlərin rəylərinə diqqət yetirək. Mətbuat üzərində apardığımız analizlər göstərir ki, Gürcüstanın Rusiya, həm də İrandan qaz almaq niyyəti Moskvanın Avropanı alternativ qazla təmin edəcək Azərbaycana qarşı təzyiq kimi qiymətləndirilir.
Sadə dildə desək, Gürcüstanın birdən-birə İran və Rusiyadan qaz almaq niyyəti təbii ki, səbəbsiz deyil. Ortaya atılan kartlar Moskva və Tehran tərəfindən idarə olunur.
B.İvanişvilinin qeyd etdiyimiz açıqlaması da təsdiq edir ki, o siyasətdə olmasa da Rusiyanın əmrlərini icra edir və faktiki olaraq “boz kardinal” obrazında Kremlə işləyir və oradan gələn tapşıdırları yerinə yetirir.
Bu məqamda ciddi bir sual ortaya çıxır:
Rusiya Gürcüstan üzərində qaz oyunu qurmaqla nə əldə etmək istəyir?
Ekspertlər hesab edirlər ki, rəsmi Moskva Gürcüstanın Azərbaycan qazından asılılığını azaltmaqla Bakını təzyiq altında saxlamaq istəyir. Əsas hədəf isə Azərbaycanı Avrasiya İqtisadi İttifaqına (“Putin İttifaqı”-red) qoşulmağa məcbur etməkdir.
Görünən mənzərə onu deməyə əsas verir ki, geosiyasi maraqlarına nail olmaq istəyən Rusiya Azərbaycanı Avrasiya layihələrinə qoşmaq üçün mümükün olan bütün təzyiq rıçaqlarından istifadə edir. Gah Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxınlaşdığını bəyan edir, bu yolla Azərbaycanı öz tərəfinə çəkməyə çalışır, gah da energetika sahəsində təzyiqlərini işə salır.
Əslində Rusiya rəhbərliyi ənənəvi “bir güllə ilə iki dovşan ovu” mexanizmini işə salmaqla həm Bakını “Putin İttifaqı”na qoşmaq, həm də Gürcüstana qaz verməklə bu ölkəni yenidən nəzarətdə saxlamaq istəyir.
Krelmdə cızılan bu planın isə heç də belə asanlıqda reallaşacağı gerçək görünmür.
Elvin Abdulqədirov
AzVision.az