Güləş yığmamız Avropa çempionu oldu

Güləş yığmamız Avropa çempionu oldu
  20 İyun 2013    Oxunub:1769
Yeniyetmə sərbəst güləşçilərimiz 4 qızıl və 4 bürünc medal qazanıblar.
Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. AzVision.az xəbər verir ki, çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) sərbəst güləş yarışlarında mübarizəyə qoşulub.

63 kq çəkidə güləşən Teymur Məmmədov ardıcıl olaraq bütün görüşlərini qələbə ilə başa vurub və finala yüksəlib. Teymurun finalda rəqibi Rusiya güləşçisi olub. Rəqibinə heç bir şans verməyən Teymur qızıl medala yiyələnib.

76 kq çəkidə təmsilçimiz Şamil Sadullayev ilk görüşdə erməni rəqibini məğlub edib. Şamil Sadullayev bu uğurunu axıra qədər davam etdirə bilməyib. Təmsilçimiz yarımfinalda məğlub olub, ancaq bürünc medal uğrunda görüşdə Polşa güləşçisini məğlub edib və bürünc medal əldə edib.

Fazil Həsənov (46 kq) və Vurğun Əliyev (54 kq) də yarımfinala qədər maneəsiz irəliləyib. Hər iki təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Fazil Məmmədov Almaniya, Vurğun Əliyev isə Bolqarıstan təmsilçisini üstələyib, bürünc medala sahib olub.


Beləliklə, yeniyetmə sərbəst güləşçilər çempionatın ikinci gününü 1 qızıl və 3 bürünc medalla başa vurub.

Xatırladaq ki, Avropa çempionatının ilk günü yeniyetmə sərbəst güləşçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıb.

Ümumilikdə 4 qızıl və 4 bürünc medal qazanan yeniyetmə sərbəst güləşçilər komanda hesabında Avropa çempionu olub.

AzVision.az



Teqlər:  





Xəbər lenti