Qafqaz Universitetində təntənəli məzun gecəsi

Qafqaz Universitetində təntənəli məzun gecəsi
  15 İyun 2013    Oxunub:2192
Ahmet Saniç çıxışında bir dünya universiteti olma yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürur duyduğunu dilə gətirib.
Qafqaz Universitetində 2013-cü il məzunlarına həsr olunmuş "İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya" devizi altında təntənəli 16-cı məzuniyyət gecəsi keçirilib.

AzVision.az xəbər verir ki, İlk olaraq çıxış edən rektor Ahmet Saniç bildirib ki, bu ali təhsil ocağı ümummilli lider Heydər Əliyevin əsəridir. O, uca insan Türkiyə universitet modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə başlamasına təkan verib".

Ahmet Saniç çıxışında bir dünya universiteti olma yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürur duyduğunu dilə gətirib. Sonra valideynlərə, müəllim heyətinə, məzunlara ürək sözlərini bildirən rektor deyib: "Əziz valideynlər! Min bir zəhmətlə böyüdüb yetişdirdiyiniz və beş il əvvəl Qafqaz ailəsinə təslim etdiyiniz övladlarınız yüksək bilik, bacarıq, və tən sevgisi ilə dolu məzunlar artıq canımız qədər sevdiyimiz, Azərbaycanımızın keşiyindədirlər. Siz övladlarınızla fəxr edə bilərsiniz. Hörmətli müəllim heyəti! Bu gün çəkdiyiniz zəhmətin bəhrəsi artıq məzun adı alaraq həyat məktəbinə yola salırıq. Hədəfinizi bilirəm, bir dünya universiteti olma yolunda sürətlə irəliləyirsiniz. Qafqaz Universiteti 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürur duymaqdadır. Sevgili məzunlarımız! Bu gün burada məzun gecəsi keçirməmizin səbəbi sizlərsiniz. Bizlər sizləri sabahlara hazırlayırıq. Əziz gənçlər! dünya kiçildi, bir kənd halına gəldi.

Elm insanın xəyal etdiklərindən də çox sürətlə irəliləyir. Bu gün dünənin dünyasında yaşamırıq. Sabah isə bu günün dünyasında yaşaya bilmərik. Elmi biliklərimizi birləşdirib daha gözəl nailiyyətlər əldə edək. O zaman daha savadlı olacağıq. Bu düşüncə ilə sizi həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun».

“Bu məzunları görəndə ürəyim dağa döndü”, - sözləri ilə çıxışına başlayan Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 24 il əvvəlki tələbə həyatını xatırladı: “O zaman bizi Rusiyanın şəhərlərində oxumağa ulu öndər göndərmişdi. O elmə, təhsilə yüksək qiymət verirdi”. Daha sonra isə dedi: “Siz müstəqil, son illər öz inkişafı ilə dünyanı heyran qoyan Azərbaycanın məzunlarısınız. Artıq son illərin məzunlarının sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Təbii ki, bütün bu uğurlar ulu öndərin adı ilə bağlıdır”. Onun sözlərinə görə, bu gün ölkə başçısı İlham Əliyev də neft kapitalını insan kapitalına çevirmək istiqamətində səylə çalışır. O, həmçinin rəhbərlik etdiyi qurumun təhsil sahəsində həyata keçirdiyi proqramlarla bu siyasətə xidmət etdiklərini də vurğuladı. Bildirdi ki, elə bu niyyətlə də Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi təşkil olunub. Rövnəq Abdullayev çıxışını bu sözlərlə bitirdi: “Mən bu məzunların simasında Azərbaycanın gələcəyinin əmin əllərdə olduğuna əminəm”.

Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil ocaqlarının iki məqsədi olduğunu qeyd etdi: vətəndaş yetişdirmək və peşəkar kadrlar hazırlamaq. Onun sözlərinə görə, Qafqaz buna nail olmuş ali təhsil ocağıdır: “Bu isə təbii ki, kollekt ivin uğurudur”. Nazir həmçinin bir məqama da toxundu: Qafqazın məzunlarının 87 faizi işlə təmin olunur. Zənnimcə, bu fakt hər məktəbə örnək ola bilər”.

Azərbayan Beynəlxalq Təhsil Mərkəzinin Təhsil Şurasının sədri Ənvər Özərən rəhbərlik etdiyi qurumun əldə etdiyi nailiyyətlərdən söz açdı. Universitetdən indiyəcən məzun olmuş gənclərin işlədikləri müəssisələrdən hər zaman xoş xəbərlər eşitdiyini söyləyərək builki məzunların da bu ənənəni davam etdirmələrini, ölkəmizə, insanlığa faydalı olmalarını arzu etdi: “Ulu öndərin şah əsəri olan və etimada sədaqətlə xidmət edən “Çağ” təhsil sahəsində hələ çox ilklərə imza atacaq”. O, “Çağ” öyrətim ş irkətinin 1991-ci ildə, Azərbaycan öz müstəqilliyini elan edər-etməz, Türkiyədən gəlmiş iş adamlarının dəstəyi ilə bir qrup maarifçi tərəfindən qurulduğunu və fəaliyyətə başladığını vurğuladı və bu məsələdə ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri olduğunu söylədi. Onun sözlərinə görə, bu məsələ ilə bağlanmış müqavilə iki qardaş ölkə arasında bağlanmış ilk sənəddir.

Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə, millət vəkilləri - Fəttah Heydərov, Abel Məhərrəmov, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Durmuş Gökmən də çıxış etdilər.

Sonra 2012-2013-ci tədris ilində beynəlxalq və respublika fənn olimpiadalarında, müxtəlif bilik yarışları və müsabiqələrdə fərqlənmiş tələbələrə, təhsil ocağında qrup, bölmə, fakültə və universitet birincisi olmuş tələbə və məzunlara xatirə hədiyyələri verildi. Xatirə hədiyyələrini tələbələrə təqdim edən qonaqlar onlara həyatda daha böyük uğurlar arzuladılar. Universitetin birincisi kimi tanınan Ayşən Həsənli isə məzun kürsüsünə öz adını həkk etdi. O cıxışında bildirdi ki, mən Qafqazda yalnız təhsil almadım: “Bu məktəb məni, sözün həqiqi mənasında həyata hazırladı. Bu gün çox sevinirəm. Sevinirəm ki, hər yerdə fəxrlə deyəcəyəm: mən “Qafqaz”ın məzunuyam”. Millət vəkili, akademik Abel Məhərrəmov ilin elm adamı Az ərbaycan Dövlət Neft Şirkəti ilin şirkəti elan olundu. Məzun gecəsi tələbələrin hazırladıqları bədii proqramla davam etdi.

Məlumat üçün bildirək ki, 1993-cü ildə fəaliyyətə başlayan universitet bu il mühəndislik fakültəsindən 65, iqtisadiyyat və idarəetmə fakültəsindən 135, pedaqoji fakültəsində 170 və magistratura pilləsində isə 160 tələbə olmaqla 550 tələbəsini məzun edir. Qafqaz Universitetinin tələbələri 2012/2013-ci tədris ilində bir çox nailiyyətlərə imza atmışlar. Belə ki, 18 noyabr 2012-ci il tarixində Qafqaz Universitetində təşkil olunmuş "Proqramlaşdırma üzrə tәlәbәlәrin 37-ci ACM beynәlxalq müsabiqәsi"nin dörddəbir final mərhələsində Azәrbaycan bölgәsi üzrә ko manda müsabiqəsində I yer - Azərbaycan Çempionu, II yer və 2 III yer; 2-5 dekabr 2012-ci il tarixlərində Gürcüstan Respublikasının Tiflis şəhərində təşkil olunmuş "Proqramlaşdırma üzrə tәlәbәlәrin 37-ci ACM beynәlxalq müsabiqәsi"nin yarım final mərhələsi, Cənubi Qafqaz açıq birinciliyi komanda müsabiqəsində 2 III dərəcəli diplom, fərdi müsabiqədə II dərəcəli və III dərəcəli diplom; 28 aprel 2013-cü il tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə «Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş» «Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika olimpiadası»nda komanda müsabiqəsində I yer, 2 II yer və III yerə layiq görülmüşlər. Eyni zamanda, Azərbaycanın 13 ali məktəbi arasında Bakıda keçirilən Azərbaycan Sahibkarlıq Yarışmasında (Enactus) iştirak edən Qafqaz Universitetinin komandası Azərbaycan çempionu olub və sentyabr ayında Meksikada keçiriləcək Dünya Sahibkarlıq Çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə "Univision" - tələbələrin II mahnı müsabiqəsinin final mərhələsində Qafqaz Universitetinin təmsilçisi Zərrin Mahmudzadə 1-ci yer tutub.

Anar


Teqlər:  





Xəbər lenti