Qənirə Paşayeva: `Yaşlanmaqdan qorxmuram`

Qənirə Paşayeva: `Yaşlanmaqdan qorxmuram`
  15 İyun 2013    Oxunub:1465
Millət vəkilinin kitabı satışda
AzVision.az-ın məlumatına görə, iyun ayının sonunda millət vəkili,dr.Qənirə Paşayevanın "Məndən sonra..."(Özümə yolçuluq) kitabı satışda olacaq. Kitabın girişində Qənirə Paşayevanın aşağıdakı fikirləri yazılıb :

-38 yaşıma çatdım...Yaşlanmaqdan qorxmadım heç zaman. Məni bu 38 ildə ən çox üzən ən azı 38 dəfə insanlığın ölümünün şahidi olmam oldu... Xocalıda, Serebrenitsada, Ruandada, Somalidə, Əfqanıstanda, Çeçenistanda, Qəzzada, Myanmarda, İraqda, Suriyada.... Uzun bir siyahıdı. Günahsız insanlar, günahsız axan qanlar... Torpaq qandan, gözyaşından doydu, göylər ah-nalədən.Bir tək insan doymadı, yorulmadı insanlığı öldürməkdən, qətl etməkdən... Nə qədər acı olsa da insan hər gün bir az daha çox insanlığın qatilinə çevrildi. Sevgi getdikcə daha da azalır, nifrət çoxalır. Heç kəsin əbədi olmadığı, ölümün hər kəs üçün var olduğu bir dünyada nədir görəsən insanın insanlıqla dərdi ki onu getdikcə daha çox öldürür? İndi bu suala daha çox cavab axtarıram. İnsanı daha yaxından tanımaq istəyirəm. Elə özümü də... Bəlkə bizim hamımızın əslində özümüzə yolçuluğa çıxma zamanımızdır? Bəlkə özümüzə yolçuluğa çıxmaqla bir çox suallara cavab tapa bilərik? Bəlkə insanlığı bu yolla xilas edə bilərik? Bilmirəm... Sadəcə onu bilirəm ki insanlıq faciəsi yaşayan dünyada yaşamaqdan deyəsən yorulmuşam. Hər gün televiziya ekranlarından seyr etdiyim, mətbuat səhifələrindən oxuduğum dünyadan sözün gerçək mənasında utanıram.
38 yaşıma gəldim. Bəlkə də bu dünyada sadəcə sayılı günlərim qalıb və özümə yolçuluğa çıxmağa çox gecikmişəm... Bilmirəm... Bunu sadəcə böyük Yaradan bilir. Amma ən azı bəzi suallarıma cavab tapa bilmək, özümü xilas edə bilmək və insanlıq adına özümə yolçuluğa çıxdım. Bu yolda insana var-dövlət, şah-şöhrətin yoldaşlıq etməsi mümkün deyil. İzn verilmir... Bu yolda sadəcə 3 yoldaşla yolçuluq mümkündür. Sevgi, anlayış və səmimiyyət...
Gec oldu amma yola çıxdım...
Bir insanı xilas edən insanlığı xilas edərmiş...
Özümdən başladım..
Əslində hamımız özümüzü xilas etsək insanlığı tamamilə xilas edə bilərik...
Sizcə gec qalmırıqmı?

AzVision.az


Teqlər:  





Xəbər lenti