Kərimlinin pişikləri, yaxud ƏXCP üçün kvant mexanikası

Kərimlinin pişikləri, yaxud ƏXCP üçün kvant mexanikası
  18 Sentyabr 2015    Oxunub:10670
Vüsal Məmmədov

ƏXCP-nın (Əlinin Xalq Cəbhəsi Partiyası) daxilində baş verən hadisələri bizim alışdığımız həyat məntiqilə - yəni, Nyuton mexanikası ilə izah eləmək mümkün deyil. Burada gərək kvant fizikasının qanunlarını tətbiq edəsən. Çünki o partiyadakı zərrəciklər də fərqli aləmdə - siyasətin subatom dünyasında yaşayırlar. Elə isə, görək, bu yerdə kvant mexanikası nə deyir?


Subatom dünyasının əsas prinsiplərindən biri “Kvant qeyri-müəyyənliyi” adlanır (Quantum Entanglement). Bu prinsipə görə, zərrəciklərin eyni zamanda həm impulsunu, həm də yerini müəyyən etmək mümkün deyil; onlar eyni zamanda bütün nöqtələrdə və bütün hallarda olurlar, sadəcə, müşahidə zamanı həmin hallardan biri reallaşır. Yəni, elektron bizim bildiyimiz mənada nüvənin ətrafında fırlanmır, o, ehtimallar buludu şəklində nüvənin ətrafında ola biləcəyi bütün potensial nöqtələrdə eyni zamanda mövcuddur, sadəcə, biz müşahidə edəndə bu nöqtələrin birində maddiləşir.

Bundan başqa, subatom obyektlərinin zərrəcik, yoxsa dalğa olduğu da məlum deyil – onlar müşahidəçidən asılı olaraq, hər iki şəkli ala bilirlər. Başqa sözlə, elektron eyni zamanda həm dalğadır, həm də zərrəcik, amma ölçmə aparılanda bu hallardan birində reallaşır.

AXCP dünyası da bu prinsiplə işləyir. Oradakı zərrəciklər eyni zamanda həm müxalifətçidirlər, həm də iqtidara işləyən. Potensiallar şəklində Əlinin ətrafında siyasi ehtimallar buludu yaradıblar. Kimliklərini müəyyən edəndə mövqelərini, mövqelərini dəqiqləşdirəndə kimliklərini bəlirləmək olmur (Qeyzenberq prinsipində olduğu kimi).

Adi halda dalğa (müxalifətçi) əlamətləri göstərən obyekt ölçmə aparılan zaman zərrəcik (iqtidarçı) kimi maddiləşə bilir. Məsələn, lap təzə nümunə olaraq Sahib Kərimovu götürək: indiyə kimi sırf zərrəcik əlamətləri göstərirdi, Əli Kərimlinin uğrunda az qala atom kmi parçalanırdı, amma qəfildən dalğa halında maddiləşdi – Kərimliyə qarşı çıxdı. Demək, indiyə qədər hər iki halın potensialı (superpozisiyası) şəklində mövcud imiş... Yoxsa, bunun ayrı izahı yoxdur.

`Şrödinger pişiyi` adlı məşhur fikir eksperimentini yada salaq: Qutuda pişik var, eyni zamanda bir saat ərzində parçalanmaq ehtimalı 50% olan radioaktiv maddə yerləşdirilib. Maddə parçalansa, pişik öləcək. Bir saatdan sonra qutudakı maddə eyni zamanda 50% ehtimalla parçalanmış, 50% ehtimalla parçalanmamış vəziyyətdədir və kvant mezanikasının psi-funksiyasına görə, hər iki hal eyni zamanda mövcuddur. Yəni pişik də eyni zamanda həm ölüdür, həm də sağdır, yalnız biz qutunu açıb baxanda bu potensial hallardan biri reallaşacaq.

Eyni qaydada, ƏXCP-dəki hər bir üzv Şrödingerin pişiyi kimidir: onlar eyni zamanda 50% ehtimalla müxalifətçi, 50% ehtimalla iqtidara işləyəndirlər. Və psi-funksiyaya görə, hər iki hal eyni zamanda doğrudur. Sadəcə, məqamı düşəndə bu potensial hallardan biri reallaşır.

Çox qəliz danışmıram ki? Eybi yox, dözün – necə ki, biz illərdir hər dəfə müxalifətçi kimi özünü parçalayan adamların qəfildən materiyanın başqa halında maddiləşməsini görəndə buna dözürük. Zira ən maraqlısı hələ qabaqdadır...

Orasını da ərz edim ki, siz bu fikirləri qəbul etməyə bilərsiniz; eybi yox, kvant nəzəriyyəsini də çox dahilər qəbul etmək istəmirdilər. Eynşteyn kvant fizikasındakı bu qeyri-müəyyinliklə, hər şeyin ancaq ehtimallar çoxluğu kimi mövcud olması ilə barışa bilmirdi. Və 1927-ci ildə Nils Bor ilə məşhur mübahisəsi zamanı belə bir fikir işlədir: “Allah zər atmır”. Borun cavabı isə belə olur: “Allah nə etməli olduğunu sənsiz də yaxşı bilir”.
Başqa sözlə, bir tərəfdən düşünmək olardı ki, ƏXCP-dəki zərrəçiklər də müxalifətçi qalmaq, yoxsa iqtidara işləməyi seçmək üçün müəyyən periodlarla Eynşteynin dediyi kimi, zər atırlar. Amma digər tərəfdən, mənə elə gəlir ki, Borun sözü olmasın, ƏXCP-ni idarə edən qüvvə nə etdiyini yaxşı bilir...

Hazırda kvant dünyasındakı prosesləri izah edən əsas nəzəriyyə “Standart model” adlanır. Bu modelə görə, subatom dünyasında 61 zərrəcik (foton, lepton, bozon, qlyüon və s.) var. Əli Kərimlinin partiyasında 61 real adam qalıbmı, bilmirəm, amma bir çox alimlərin “standart model” ilə bağlı şübhələri var. Onların fikrincə, materiyanın quruluşunda 61 fundamental zərrəcik ola bilməz, güman ki, o zərrəciklərin hamısı əslində bir dənə NƏYİNSƏ müxtəlif formalarıdır. Amma nəyin?

Bu suala cavab verməyə iddialı olan əsas nəzəriyyə `Sim Nəzəriyyəsi` adlanır (Теория струн, String Theory). Nəzəriyyəyə görə, bütün subatom zərrəcikləri əslində müxtəlif tezliklərlə vibrasiya edən mikroskopik `sim`lərdən ibarətdirlər. Həmin simlərin bir cür vibrasiyası bizə elektron, başqa cür vibrasiyası isə məsələn, bozon kimi görünür. Bu yanaşma doğru çıxsa, `Hər şey nəzəriyyəsi` (Теория всего) olacaq.

Böyük ehtimalla, ƏXCP üzvlərinin də bir qədər alt dünyasına ensək, məlum olacaq ki, onların da hamısı müxtəlif şiddətlə vibrasiya edən eyni bir şeydən başqa heç nə deyillər. Nəzəriyyə hələ ki, bir qədər çiydir, əgər təkmilləşdirə bilsəm, adını `ƏXCP-nin şey nəzəriyyəsi` qoyacağam.


Teqlər:  





Xəbər lenti