“Araz” aciz olmayacaq – MÜSAHİBƏ

 “Araz” aciz olmayacaq – MÜSAHİBƏ
  14 İyun 2013    Oxunub:1751
Yeni mövsümdən Birinci Divizonda çıxış edəcək Naxçıvanın “Araz” futbol komandasının məşqləri davam edir. Şərur Olimpiya İdman Kompleksinin stadionunda baş məşqçı Əsgər Abdullayevin rəhbərliyi ilə 20-yə qədər yerli idmançı təlim məşqlərinə qatılıb. Məşqçı AzVision.az-a müsahibəsində komandanın planlarıdan danışıb.

- Komandanın hazırkı vəziyyəti necədir?
- Bu gün Şərur Olimpiya kompleksinin stadionunda məşq edən futbolçuların hamısı yerli idmançılardır. Əlbəttə, bu məşq seçim üçündür. Biz komanda üçün idmançı seçimimizi davam edirik. Hətta burda aşağı yaş qruplarından da idmançılar var. Yəni, xoşumuza gələn istedadlı idmançıların hamısını dəvət edirik. Çalışırıq ki, komandanın tərkibində ilk növbədə yerli idmançılar olsun. Əgər yerli idmançılar çatmasa, onda Azərbaycanın digər komandalarından da oyunçular dəvət etməyi planlaşdırırıq. Reqlamentlə 21 yaşlı 8 nəfər meydançada oynamalıdır. Meydançadan kənarda nə qədər oyunçu olmalıdır, o da aydındır. Əlbəttə, əgər bu tələblərə uyğun oyunçuları burada tapa bilməsək, onda istər-istəməz mövsümün əvvəlinə qədər digər komandalara, oyunçulara müraciət edəcəyik.

- Naxçıvanda məşqlər üçün şərait necədir?
- Çox yaxşı. Elə məşqləri keçdiyimiz Şərur idman kompleksində istənilən səviyyədə şərait var. Futbolçunun yetişməyi üçün də hər bir şərait yaradılır. Bizim də vəzifəmiz işləməkdir. Əlbəttə, çox istərdik ki, “Araz”ın köhnə ənənəsini yenidən özünə qaytara bilək. Məqsədimiz budur.

- Yeni komandanın tərkibinə salmaq üçün yerli futbolçuların arasında ümidvericilər varmı?
- Mən deyərdim ki, əzmkar, zəhmətkeş, özünə uyğun xarakteri olan futbolçular var. Sadəcə bunları düzgün istiqamətə yönləndirmək lazımdır. Hətta burda futbolçu var ki, 2001- ci il təvəllüdlüdür. O, məni cəlb elədiyi üçün hamı ilə bərabər məşqlərə buraxmışam. Onlar bizim gələcəyimizdir. İstəyirəm ki, həvəslənsin. Əlbəttə, var. Sadəcə, axtarıb tapmaq, cəlb eləmək lazımdır. Bayaq dediyim kimi, futbolçuda xarakter olmalıdır. O da ki buradakı futbolçuların əksəriyyətində var. Bu cür insanlarla işləmək o qədər də çətin deyil. Hər halda, işimizi gələcək göstərəcək. Mənə bu işdə Gürcüstandan gələn dostum, bir neçə komandada birlikdə işlədiyim fiziki hazırlıq üzrə məşqçi Yevgeni Georqadze kömək edir.

- Əsgər müəllim, naxçıvanlı azarkeşlər necə, digər futbol komandaların azarkeşlərinə deyə bilərlərmi ki, hazırlaşın növbəti mövsümdə “Araz” gəlir?!
- Düzü, mən əvvəlcədən belə şüarlarla çıxış eləməyi xoşlamıram. Bizim işimiz indi öz üzərimizdə işləmək, yaxşı, köklü komanda formalaşdırmaqdır. Məqsəd budur. Kimisə hədələmək və ya kiminləsə özümüzü müqayisə etmək fikirim yoxdur. Mən belə şeylər deyə bilmərəm ki, “Gözləyin, biz gəlirik!” Etiraf edim ki, köklü komandalar var, uzun illərdir “oturuşmuş”, təcrübəli kollektivlər tanıyıram. “Araz” komandası 10-12 ildir ki, oynamır. Ancaq bu, o demək deyil ki, “Araz” komandası kiminsə qabağında acız görünə bilər... Oyunu udmaq da olar, uduzmaq da olar. Ancaq hər iki halda layiqli olmaq lazımdır. Əlbəttə, biz hər bir rəqibə hörmətlə yanaşacayıq. Amma heç kimin vəziyyətini şişirtmək niyyətimiz də yoxdur. Gələnləri də hörmətlə qarşılayıb, yola salacağıq. İdman bunu sevir. Döyüş meydanda olmalıdır. Mənim komandamda olan hər bir idmançı bu döyüşə hazır olmalıdır.

Səməd Canbaxşiyev


Teqlər:





Xəbər lenti