Avropa Parlamentinin yeni anti-Azərbaycan sancısı – TƏHLİL

Avropa Parlamentinin yeni anti-Azərbaycan sancısı – TƏHLİL
  11 Sentyabr 2015    Oxunub:9431
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Qərbin təzyiq siyasətinin bir hissəsidir. Avropa Birliyinin ayrı-ayrı institutları ümumi Avropa siyasətin reallaşdırılması üçün üzərlərinə düşən vəzifəni həyata keçirirlər. Onlardan biri də Avropa Parlamentidir.

Əslində Avropa Parlamentinin hər hansı ölkəni insan hüquqları, yaxud demokratik standartlar baxımından tənqid etməsi absurddur. Belə ki, demokratik dəyərlər və standartların hansısa ölçü vahidi mövcud olmadığı üçün bunlar nisbi xarakter daşıyır və beynəlxalq münasibətlərin tərəflərinin birinin digərini `tənbeh etməsi` təkəbbürlülük və həyasızlıq nümunəsidir. Çünki demokratik standartlar mövcud olmadığı kimi, heç bir dövlət öz standartları üzrə hakimlik etmək üçün dünya icması tərəfindən seçilməyib.

Prezident İlham Əliyev son çıxışı zamanı bu məqama özünəməxsus şəkildə rəy bildirmişdi: “Biz kimə mane oluruq?! Ancaq o dairələrə ki, hər yerə hakim olmaq, hər yerdə “marionetka” görmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər”.

Aydındır ki, Avropa öz sərəncamında olan Avropa Parlamenti, Avropa Şurası, ATƏT-in Parlament Assambleyası kimi “beynəlxalq demokratik standartların müəyyən edilməsi və qiymətləndirilməsi” institutlarını əsasən seçki və beynəlxalq idman yarışları kimi hadisələr ərəfəsində işə salmaqla Azərbaycana təzyiq göstərməyə çalışır. Bu zaman təbii olaraq bir sual yaranır – niyə? Avropa niyə Azərbaycanla pisləşmək qərarına gəldi?

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsində qeyd edilir ki, “Azərbaycan hökumətindən vətəndaş cəmiyyəti və insan hüquqları işinə qarşı sərt tədbirlər görülməsini dayandırması tələb olunur”. “Vətəndaş cəmiyyəti və insan haqları işinə qarşı sərt tədbirlər” isə o deməkdi ki, avropalılar Azərbaycan hökumətinin QHT-lərin xaricdən maliyyələşməsinin qarşısını alması ilə barışmırlar.

Mahiyyət etibarilə qeyri-hökumət təşkilatları onun üçündür ki, demokratik ölkələrdə dövlətin milli maraqlarına uyğun dəyərlər cəmiyyətdə təbliğ edilsin. Bu, dövlətin idarəedilməsi formulunda öz əksini tapır. Əgər kommunist rejimində bu, birbaşa dövlət institutları vasitəsilə həyata keçirilirdisə, liberal ölkələrdə dolayı yolla, QHT-lər, yəni vətəndaş cəmiyyəti institutları vasitəsilə reallaşdırılır. Azərbaycanın da maliyyə imkanları artdığı üçün öz milli maraqlarının qorunması, cəmiyyətdə dövlət maraqlarına uyğun norma və dəyərlərin təbliğ olunması məqsədilə QHT-lərin kənardan maliyyələşməsini məhdudlaşdıraraq dövlət büdcəsi hesabına vəsayit ayırmağa başladı.

Xaricdən gələn maliyyə hesabına fəaliyyət göstərən QHT-lər, təbii ki, həmin ölkənin maraqlarına uyğun dəyərlərin aşılanmasını həyata keçirəcəklər. Azərbaycanın müstəqilliyinin ilk illəridə ölkəyə doluşmuş çoxlu sayda “vətəndaş cəmiyyəti fəalları”nın fəaliyyətinin nəticəsidir ki, Azərbaycanda ailə dəyərləri, milli mənəvi dəyərlər şüurlardan silinməyə başladı.

Xaricdən maliyyələşən QHT-lərin xalqın əleyhinə olan fəaliyyətinə aid çoxlu misallar gətirmək olar. `Xeyriyyə` adı ilə olkəyə daxil olan xarici təşkilatlar əslində radikal dini təriqətləri, xristian təriqətlərini, hansısa dövlətə xas mədəni dəyərləri təlqin edirdilər. Bu, insan şüuruna dolayı təsir mexanizmidir ki, gələcəkdə həmin şəxslər vasitəsilə dövlətə daxildən təsir etmək üçün sosial “rıçaq”ı yaransın. Təbii ki, belə bir əlverişli təsir mexanizminin ləğvi Avropanı razı sala bilməz.



Avropa Parlamentinin sənədində Leyla və Arif Yunus, Xədicə İsmayıl və digər bu kimi şəxslərin adlarının dönə-dönə hallandırılması onların Avropa üçün önəmindən xəbər verir və görünür, avropalı idarəçilər onlardan böyük nailiyyətlər gözləyirdilər. Nailiyyət nədən ibarət ola bilər? Təbii ki, inqilabi vəziyyətin yaradılması və hakimiyyət çevrilişinin həyata keçirilməsi. Bu məqamda bir amil xüsusi qeyd edilməlidir ki, həmin bu dövlət xainləri, görünür, daha çox `mənfəət` əldə etmək üçün öz fəaliyyətlərinə dair hesabatlarda sosial dayaqları barədə daha şişirdilmiş göstəricilərin təqdim olunmasına çalışıblar ki, nəticədə Avropa öz ümidlərini bu şəxslərə bağlayıb.

Təbii ki, prezident İlham Əliyevin Azərbaycanda “Maydan” hərəkatının yaranmasından, gənclərin bu işlərə cəlb olunmasından, vəziyyətin gərginləşməsi üçün on milyonlarla dolların xərclənməsindən söz açması təsadüfi deyil. Reallıq ondan ibarətdir ki, bir qrup şəxs Qərbin sifarişi və birbaşa maliyyə dəstəyi ilə Azərbaycanda hakimiyyət çevrilişi həyata keçirməyə cəhd göstərmiş, lakin buna nail ola bilməmişlər. İndi isə, Avropa açıq şəkildə belə qətnamələr verməklə öz xidmətçilərini ədalət mühakiməsinin cəzasından xilas etməyə çalışır.

O zaman sual yaranır ki, Qərb nəyə görə Azərbaycanda hakimiyyət çevrilişinin həyata keçməsini istəyir?

Bu, Azərbaycanın yürütdüyü müstəqil, suveren daxili və xarici siyasətilə bağlıdır. Məsələn Qərbin Rusiya ilə gərgin mübarizəsi fonunda Bakı-Moskva dostluğunun çiçəklənməsi Vaşinqtonla Brüsseli qıcıqlandırmaya bilməz. Əslində rəsmi Bakı Moskva ilə xoş münasibətlərin inkişafında artıq canfəşanlıq da etmir. Sadəcə hamının Kremldən üz döndərməsi fonunda Bakının əvvəlki qaydada münasibətləri saxlaması münasibətləri daha qabarıq göstərir.

Azərbaycan qonşusu və regionun ən böyük dövləti olan Rusiya ilə münasibətlərinə əhəmiyyət verməsi ilk növbədə insanların təhlükəsizliyi ilə bağlıdır. Bu, təbii ki, bir hakimiyyət dəyişikliyində Misir, Yəmən və ya Suriya kimi dövlətlərdə on minlərlə insanın ölümünə göz yuman Avropa Parlamentini o qədər də narahat etməz. Avropa üçün əsas geostrateji maraqlardır. Avropa üçün əsas Türkmənistan qazının Azərbaycan vasitəsilə Qərbə ixracıdır. Rusiya bu layihənin reallaşmasını istəmir, Azərbaycanla münasibətlərin yaxşı olması isə prosesi yubadmağa imkan verir. Avropa həm də Azərbaycanı ona görə sevmir ki, dəfələrlə müxtəlif bu tip qətnamələrə baxmayaraq Türkiyə məhz Azərbaycanın xahişini üstün tutaraq Ermənistanla sərhədi açmır.

Son olaraq prezident İlham Əliyevin sitatını diqqətə çatdırmaq istərdim. Ümidvaram ki, Avropa Parlamentinin bu qətnaməyə səs verən üzvləri həmin çıxışı dinləyiblər.

“Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox. Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə yox dedi, Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim əsas güc mənbəyimizdir”,- deyə prezident İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışı zamanı bildirib.
Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti