Qərbin qorxduğu multikulturalizm Azərbaycana nə verəcək? – TƏHLİL

  11 Avqust 2015    Oxunub : 12148
Qərbin qorxduğu multikulturalizm Azərbaycana nə verəcək? – TƏHLİL
Keçən ildən Azərbaycanda dövlət səviyyəsində multikulturalizm siyasəti yürüdülməyə başlandı, multikulturalizmin təbliğatı ilə bağlı müxtəlif beynəlxalq və yerli əhəmiyyətli tədbirlər təşkil olundu. Məhz multikulturalizm siyasətinin qurulması üçün prezidentin sərəncamı ilə keçən il Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.

Ölkə rəhbəri Nazirlər Kabinetinin son iclasında bir daha bu məsələyə toxundu və bildirdi ki, Azərbaycan bölgədə multikulturalizm dəyərlərinin üstünlük təşkil etməsinin tərəfdarıdır.

Multikulturalizmin geniş mənada mahiyyəti ondan ibarətdir ki, dövlət cəmiyyətdəki müxtəlif və biri-birindən fərqli mədəniyyətlərin daşıyıcıları olan fərdlər, yaxud sosial qruplar arasında fərq qoymur, onların heç birini digərindən üstün, yaxud aşağı hesab etmir və bütün mədəniyyət daşıyıcılarına bərabər hüquqlar tanıyır. Başqa sözlə desək, dövlət cəmiyyətdə olan mədəni dəyərlərə birbaşa müdaxilə etmir və dövlət tərəfindən əvvəlcədən formalaşdırılmış mədəni dəyərlər sistemini cəmiyyətə yeritmir. Bu məsələdə sosial subyektlərə bir növ sərbəstlik tanıyır.

Multikulturalizm dedikdə çoxmədəniyyətlik başa düşülür. Ancaq burada “mədəniyyət” sözü adət etdiyimiz mənanı vermir və daha geniş məna çalarlarını əhatə edir.

Mədəniyyət dedikdə fərdin yaxud sosial qrupun daşıdığı, yaxud mənsub olduğu etnik, dini, irqi, sosial, tarixi, əxlaqi və s. dəyərlər sistemi başa düşülür. Bu dəyərlərin bir məfhumda birləşdirilməsinin səbəbi isə cəmiyyətdə surətli fərdiləşmə prosesinin getməsi və artıq hansısa cəmiyyət üzvünün konkret parametrlər üzrə qruplaşdırılmasının mümkünsüzlüyü ilə bağlıdır.

Məsələn, hansısa sosial qrupu “müsəlman” adlandırmaq artıq doğru deyil, çünki həmin müsəlmanlar müxtəlif təriqətlərə görə bir-birindən fərqlənirlər. Yaxud hansısa sosial qrupun etnik mənsubiyyətinə görə kürd, türk, erməni və s. adlandırılması müəyyən fikir ayrılıqlarına səbəb olur. Çünki həmin qruplar daxilində özünü həmin etnosa aid etməyən, etnik mənsubiyyəti önəmsəməyən, başqa millətin nümayəndəsi ilə qarışan, yaxud həmin etnosun dəyərlərini bölüşməyən fərdlər ola bilər.

Yaxud, eyni milli mənsubiyyətə malik olub müxtəlif dini inanc daşıyıcılarının olması mümkündür. Cəmiyyətdə fərdiləşmə prosesi ilə əlaqədar müxtəlif dəyərləri özündə birləşdirən sosial subyektlərin ortaya çıxması bu dəyərlər sisteminin ümumilikdə “mədəniyyət” adlandırılmasını ehtiva edir.

Dövlətin cəmiyyətdaxili mədəni münasibətlərə qarışmaması, mədəniyyət daşıyıcılarına bu mənada sərbəstlik tanıması ilk növbədə dövləti əlavə resurs xərcindən xilas edir. Çünki hansısa mədəniyyətin dövlət tərəfindən dəstəklənməsi, təbii olaraq digərinin müxalifliyi ilə nəticələnir. Bu zaman dövlət cəmiyyətin bir hissəsi ilə mübarizə üçün əlavə tədbirlər görmək məcburiyyətində qalır.

Ümumiyyətlə, hansısa dəyərlər toplusunun dövlət tərəfindən etalon kimi qəbul olunması dövlət üçün əlavə problem və yükdür, eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafına mane olan amildir.

Məsələn, İranda qəbul olunmuş farslaşdırma və şiələşdirmə yoluyla sosial qrupların assimilyasiya siyasəti əslində əks təsirlə nəticələnir. Təbii olaraq, etnik azərbaycanlılar, yaxud sünni azlıqlar buna etiraz edir. Dövlət isə bu zaman etirazların aradan qaldırılması üçün daha sərt tədbirlərə əl atmalı olur. Nəticədə dövlət əlavə resurslar (idarəetmə, maliyyə, hərbi və s.) sərf etmək məcburiyyətində qalır. Bu zaman azlıqda olan sosial qrup elə dövlətə qarşı mübarizəyə qalxır ki, bu da xaricdəki siyasi qüvvələrin ölkənin zəiflədilməsi yaxud ölkəyə təzyiq göstərilməsi üçün təsir `rıçaqına` çevrilir.

Eyni misalı Çinə də aid etmək olar. Çində etnik türklərin və müsəlmanların etirazları ən azı Türkiyə üçün bu ölkəyə təzyiq göstərmək imkanı tanıyır. Eynilə Yaxın Şərqdəki münaqişələrin kökündə dini fərqliliklər dayanır ki, xarici qüvvələr bundan istifadə edərək dövləti zəiflədir, hətta məhvə sürükləyirlər. Məsələn, Suriya və Yəməndə münaqişənin kökündə sünnilərin şiələrin hakimiyyətdə olmasına etiraz etmələri dayanır.



Multikulturalizm siyasəti ilk dəfə keçən əsrin 70-ci illərində əhalisinin yarısı fransız, yarısı isə ingilis olan Kanadada tətbiq olunmağa başlayıb. Kanada dövləti iki etnik qrupdan heç birinə üstünlük veməməyi, ümumiyyətlə cəmiyyətdaxili mədəni münasibətlərə qarışmamağı və “Kanada dövlətçiliyi”adlanan vahid çətir altında sosial qruplara öz mədəni seçimlərində azadlıq tanıdı.

Burada ən vacib məsələ dövlətin hüquq institutlarının obyektivliyi və möhkəmliyidir. Yəni fərdlər mədəni mənsubiyyətinə görə deyil qanunla təsbit edilmiş konkret hüquq pozuntusuna görə müəyyən edilmiş məsuliyyətə cəlb olunmalıdır.

Eynilə ABŞ-da keçən əsrin 70-ci illərin sonundan başlayaraq, multikulturalizm siyasəti aparılmağa başlayıb. Avropanın bir çox ölkələrindədə də, multikulturalizm ideyalarıpopulyarlaşdı və dövlətlər bu siyasətin tərəfdarı kimi çıxış etməyə başladılar. Lakin 2010-cu ildən sonra Britaniya, Almaniya və Fransa kimi dövlətlərin liderləri Avropada multikulturalizm siyasətinin uğursuzluğa düçar olduğunu və bu siyasətdən imtina etdiklərini bildirdilər.

Multikulturalizm siyasəti yürüdülərkən bir tərəfdən mədəniyyətlərə azadlıq təmin edilsə də, əslində dövlətin əsas məqsədi mədəniyyətlərin inteqrasiyasına nail olmaq və vahid çətir altında monolit cəmiyyət qurmaqdır. Buna görə, multikulturalizm siyasəti yürüdülərkən dövlət tam mənasıyla cəmiyyətə təsir rıçaqlarından özünü məhrum etmir.

Qeyri-hökumət təşkilatları kimi dövlətin cəmiyyətə dolayı təsir mexanizmlərinin fəaliyyəti belə olan halda genişlənir. Dövlət öz maraqlarına uyğun dəyərlərin ictimayi süura yeridilməsi üçün elə ictimayyətin nümayəndələrindən istifadə edir. Qərb dövlətləri öz maraqlarına uyğun dəyərlərinin zəif ölkələrdə təbliğatı üçün də bu üsuldan istifadə edirlər.

Avropada multikulturalizmin böhranının səbəbi onunla bağlıdır ki, mədəniyyətlərarası təbii intiqrasiya prosesində miqrantların gətirdiyi mədəniyyət daha güclü oldu. Avropa iki problemlə qarşılaşdı: Birinci müsəlmanlar yerli mədəniyyətlə inteqrasiyaya getmədi. Əksinə avropalılarda islama yönəlmə prosesi başlandı. Üstəgəl, müsəlmanlar arasında təbii artım səviyyəsinin yüksək olması Avropa liderlərini narahat etməyə başladı. Müsəlman icmasının sayının artmasında əsas təhlükə ondan ibarətdir ki, islamın mahiyyətində dövlətin islamlaşdırılması dayanır. Hər bir müsəlman cəmiyyətinin yekun hədəfi islam dövlətində yaşamaq istəyidir.

İkinci problem isə get-gedə ağ dərili irqin azalması və təbii artım hesabına qaradərililərin sayının durmadan artması idi. Bu tendensiya perspektivdə Avropada ağ dərili irqin yoxa çıxması təhlükəsini yaradır.

Qərbin əhalinin humanist yolla azalmasına istiqamətlənmiş təbliğatı Avropanın köklü əhalisində öz təsirini göstərdi. Ailə planlaşdırılması, qadın kişi bərabərliyi, cinsi azlıqların hüquqları, gender problemləri, qadının cəmiyyətdə rolunun artması və s. kimi məsələlər əslində doğum səviyyəsinin aşağı salınmasına hesblanıb. Lakin miqrantlar bu dəyərləri istənilən səviyyədə mənimsəmədikləri üçün nəticədə Avropa əhalisi azalmağa, miqrantların sayı isə artmağa başladı. Bu isə qərb mədəniyyətinin get-gedə assimilyasiya olunmasına gətirib çıxara bilər.

Rusiya özü də ideoloji böhranla üz-üzə qalıb. Dövlət rəsmi səviyyədə multikulturalizmdən imtina edir və millətçi, rusofil siyasətin tərəfdarı olan qüvvələr hakimiyyətdə çoxluq təşkil edir. Nəticədə dövlət daxilində ruslaşdırma siyasətinə qarşı milli identifikasiya prosesləri güclənir və milli azlıqlarda separatçılığa meyillər artır.



Azərbaycana gəldiktə multikulturalizm siyasəti hələ Heydər Əliyevin dövründən bu yana yeridilməyə başlamışdı. Prezident İlham Əliyev isə multikulturalizmi rəsmi dövlət siyasəti səviyyəsinə qaldırdı, sistematik fəaliyyətini təmin etdi. Heydər Əliyevin irəli sürdüyü “Azərbaycançılıq məfkurəsi” ölkədə mədəniyyətlər üçün vahid çətir rolunu oynayacaq.

Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik və inkişaf, həm də geosiyasi vəziyyəti nəzərə almaqla xarici əlaqələrdə mühüm əhəmiyyət daşıyır.

Bir vacib məqam qeyd olunmalıdır ki, dövlətin multikultural siyasət yürütməsi üçün bir sıra ilkin şərtlərə malik olması lazımdır. Dövlətin milli maraqlarına və milli təhlükəsizliyinə ziyan verə biləcək mədəniyyət daşıyıcılarının (əsasən radikal dini təbliğat) qarşısını alacaq dövlət qurumlarının effektiv fəaliyyətinin təmin olunması əsas şərtdir. Bu mənada əsas yük Milli Təhlükəsizlik Nazirliyi və Dini İşlər Üzrə Dövlət Komitəsinin üzərinə düşür. Digər əsas şərt isə, cəmiyyətdə dövlətin maraqlarına uyğun dəyərlərin təbliğ olunması üçün QHT və mediya şəbəkəsinin mövcudluğu və effektiv fəaliyyətinin təmin olunması üçün lazımi maliyyə vəsaitidir. Bu mənada dövlətin QHT sektoruna maliyyə yardımı ayırması və müxtəlif formalarda kütləvi informasiya vasitələrinə dəstək göstərilməsi qeyd oluna bilər.

Azəraycanda tarixən formalaşmış tolerantlıq multikulturalizm siyasətinin aparılmasına şərait yaradır. Hazırda Azərbaycanda etnik, yaxud dini zəmində qruplararası münaqişə vəziyyəti mövcud deyil. Lakin müstəqilliyin ilk illərində, dövlətin zəif vaxtlarında Azərbaycan etnik zəmində səparatçılıq meyilləri ilə qarşılaşıb. Üstəlik, İran, Səudiyyə Ərəbistanı və Türkiyə ayrı-ayrılıqda Azərbaycana bir-birindən fərqli məzhəblərin ixracını həyata keçiriblər. Bundan əlavə müxtəlif sosial statusa malik, regional əlamətlər və dil daşıyıcılığına görə fərqli sosial qruplar mövcuddur.
Multikulturalizm siyasəti yeritməklə Azərbaycan ilk növbədə daxilində olan mədəniyyətlərin təbii yolla inteqrasiyasına nail olacaq. Bu dövləti ayrı-ayrı mədəniyyətlərarası ziddiyyətlərə qarışmaqdan və bununla sosial sabitliyi daha da pisləşdirmək riskindən qoruyacaq. Dövlət gücünü daha çox əsas milli ideyanın reallaşmasına – iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsinə sərf edəcək.

Multikulturalizm Azərbaycanı kənar müdaxilə risklərinin yaranması baxımından mühafizə edəcək. Xarici qüvvələrin etnik və dini zəmində dövlətə təzyiq imkanları zəifləyəcək və get-gedə tamamilə tükənəcək. Məsələn Rusiya rusdillilərin hüquqlarının pozulməsi, İran müsəlmanların sıxışdırılması, ya da yəhudilərlə əməkdaşlığı bəhanə edərək Azərbaycana təzyiq göstərə bilməyəcəklər.

Avropa ilə inteqrasiya baxımından multikulturalizmin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın əhalisinin əksər hissəsinin müsəlman olması səbəbiylə Qərb ictimai şüurunda yarana biləcək antipatiya hisslərinin qarşısı alınacaq. Azərbaycanın Avropa üçün əhəmiyyəti həm də ona görə artacaq ki, ölkəmiz Qərblə müsəlmanlar arasın dialoq müstəvisi rolunda çıxış edə biləcək.

Multikulturalizm siyasəti erməni və Azərbaycan icmalarının Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bu ərazidə dinc yaşamaları üçün zəmanət yaradır. Bu baxımdan danışıqlar prosesində ermənilərin icmaların birgə yaşama problemlərinin olması, yaxud Azərbaycan dövlətinin mümkün təzyiq göstərməsi ilə bağlı irəli sürməyə əsasları qalmır.

Tofiq Əsgərov
AzVision.az

Teqlər: