Dağların vurduğu ətir: Naxçıvan kəklikotusu – REPORTAJ

Dağların vurduğu ətir: Naxçıvan kəklikotusu – REPORTAJ
  10 İyun 2013    Oxunub:16401
Hər dəfə yaz ayları Naxçıvan dağlarını yaşıl rəngə boyayanda yamaclarına göz oxşayan mənzərə ilə yanaşı, xoş ətirlər də gəlir. Bu ətirlərin içərisində hər birimiz üçün doğma olan bir ətir var- Kəklik otu ətri...

Kəklik otu Naxçıvan dağlarında, aranda, yamaclarda , qumasallarda, demək olar ki, Muxtar Respublikanın bütün rayonlarında yetişir. Necə deyərlər, özünə əsl “Naxçıvan vətəndaşı” statusu qazanan bir bitkidir. Tarixi çox qədim olan bitkinin dərman kimi istifadəsi hələ IV-V ci əsrlərə gedib çıxır. O zaman yerli sakinlər - Naxçıvanda yaşayan qədim türklər bilirdilər ki, bu bitkinin soyuqdəymə, bağırsaq xəstəliklərində faydası çoxdur.

XVII əsrdə yaşamış Azərbaycan həkimi və alimi Hacı Süleyman İrəvani bu bitkinin müalicəvi əhəmiyyəti haqda yazırdı: “Kəklikotu iştahanı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir, ağ ciyər üçün xeyirlidir. Çiçəyinin sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul etmək məsləhətdir. Bu bitkinin həlimi qarında küt ağrıları (spazmanı) götürür, qurdları çıxarır, həzmə kömək edir. Kəklikotu və baldan hazırlanan məlhəmi zəhərli cücülərin dişlədiyi yerin üzərinə qoyurlar. Əncirlə qarışdırılmış həlimi astma və öskürəkdə faydalıdır. Təzə pendirlə yeyildikdə insanı kökəldir. Göz qarasına ləkə düşərsə, ora kəklikotu şirəsini damcılatmaq lazımdır. Yarpağı bal ilə ovxalanaraq məlhəmi bərk şişlərin üzərinə sürtüldükdə şişləri sorur, oturaq sinirinin iltihabında xeyrilidir”.

Bu faktlar hələ orta əsrlərdə yerli əhaliyə yaxşı məlum idi. Bundan başqa, müasir dövrdə kəklikotunun hipertoniya xəstəliklərində geniş istifadəsi də məlumdur. Kəklikotunu çеynəməklə diş ağrısını yox еtmək və damaqları möhkəmlətmək mümkündür. Həlimini bəlğəmgətirici və öskürəyə qarşı vasitə kimi içmək olar.



Tibet həkimləri isə ovxalanmış kəklikotu yarpaqlarından hazırlanmış məlhəmdən yarasağaldan vasitə kimi istifadə еtməyi məsləhət görürlər. Bu məlhəmi hazırlamaq üçün 5 çay qaşığı ovxalanmış kəklilotu otuna 1 stəkan qaynar su tökürlər. Bu kiçik qurtumlarla içilən gündəlik dozadır. Müasir tibb elmində kəklikotu – spazmolitikdir, o mərkəzi əsəb sistеmini sakitləşdirir, qan təzyiqini aşağı salır. Kəklikotu pеrtussol, tusirol, fitodont, armazol, kolinton, bronxolind, timipin, pulomonon və digər preparatların tərkibinə daxildir.

Müasir elmə kəklikotunun 400-ə qədər növü məlumdur. Naxçıvanda bu növlərin 17-si mövcuddur. Marqlı burasıdır ki, Naxçıvanda bitən kəklikotu növləri hansısa meyvənin, çiçəklərin dadını verməklə məşhurdur. Qızılgül, limon ətri verən kəklikotu bu gün də ən sevimli ədvalar kimi Naxçıvan mətbəxində özünəməxsus yer tutur. Hətta ən yaxın dosta, qohuma hədiyyə kimi də ətirli kəklikotu bağışlamaq onun üçün ən yaxşı sovqat sayılır. Qızılgül, limon dadı verən kəklikotu demək olar ki, ancaq Naxçıvan ərazisində yayılıb və əhali tərəfindən çayını dəmləməklə istifadə edilir.

Bəzi ərazilərimizdə adi kəklikotu geniş yayılsa da, ətirli kəklikotu konkret məkanı və yeri ilə tanınır. Əgər Gəmiqaya zirvələrində geniş ərazilərdə limon dadı və ətri verən kəlik otu yayılıbsa, Kəngərli rayonun Qarabağlar kəndində qızılgül ətri verən kəklikotunu hamı asanlıqla toplaya bilir. Hətta Şahbuz rayonunun Külüs kəndi ərazisində yerli sakinlərin nanəcövhər dadı verən kəklikotu topladığının da şahidi olmuşuq.

Naxçıvan şəhər sakini Elçin Axundov Batabatdan gətirərək kəklikotunu həyətində yetişdirib: “Bir ili əkdim, ancaq bitmədi. Növbəti il Batabatdan kəklikotu və 12 kisə də torpaq gətirdim. Elə öz torpağında da həyətdə əkdim. İndi kimə deuirəm ki, Naxçıvan şəhərində kəklikotu yetişdirmişəm, inanmırlar. Gəlib görəndə isə heyrətlənirlər. Çünki bu bitki ancaq dağlarda bitir. Bir də quyu suyu vermək olmaz. Suvaranda ancaq şirin sudan istifadə edirəm”.

Yerli əhali Naxçıvanda kəklikotunun müalicə məqsədilə arağını və çiçəklərindən mürəbbəsini hazırlayırlar. Bu mürəbbəyə demək olar ki, ölkənin digər bölgələrində rast gəlmək mümkün deyil.



Kəklikotu haqda çox danışmaq olar. Onun müalicəvi əhəmiyyətini də bütün naxçıvanlılar yaxşı bilir. Hətta ulu öndər Heydər Əliyevin Naxçıvana etdiyi səfərlərin birində çayxanada əyləşərək kəklikotu çayı içməsi hamımızın yaxşı yadındadır. O zaman Bakıdan Naxçıvana qonaq gələnlərdən biri kəlikotunu “Kəkotu” adlandırdı. Buna etiraz edən Milli Lider bu bitkinin adının “Kəklik otu” olduğunu bildirdi və ölkənin əksər rayonlarında yanlış olaraq “kəkotu” deyildiyini vurğuladı. “Bu, kəkliklərin yediyi bir otdur. Ona görə də kəklikotu adlanır ” –dedi.

Bu gün Naxçıvanda hər kəs bu bitkinin hansı dərdin dərmanı olduğunu çox gözəl bilir. Yazda , may, iyin aylarında toplanan kəklikotu qurudularaq qışa saxlanır. Soyuqdəymə üçün faydalı olduğundan qışda çay şəklində istifadə edilir. Maraqlı burasıdır ki, Naxçıvana məxsus bir çox nemətləri, meyvələri özünə çıxan ermənilər kəklikotu haqda o qədər də iddialı deyillər. Çünki bu torpağın əsl qədim sakinləri olan azərbaycan türkləri min illərdir yerli bitkilərin xüsusiyyətini öyrənir və ev sahibi kimi onların faydasını da yaxşı bilir.

P.S. Bəzən yovşanı qədim türklərin uzaq tarixindən bu günə yadigar qalan bitki kimi təqdim edirlər. Bu, faktdır. Çünki, Ötükəndən Şərqi Avropaya qədər qədim türklərin yaşadığı çöllərdə yövşan bitir. Kəklikotu isə payıza qədər Naxçıvanın əlçatmaz zirvələrində ətir saçdığı üçün elə Naxçıvan dağlarının əvəzedilməz ətridir...

Səməd Canbaxşıyev
Naxçıvan




Teqlər:  





Xəbər lenti