“Elşad Abdullayevin haqqımdakı ittihamları yalandır”

“Elşad Abdullayevin haqqımdakı ittihamları yalandır”
  19 Fevral 2013    Oxunub:1976
İlham Pirməmmədov Elşad Abdullayevdən təkzib verməsini tələb edib.
Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmmədov Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ittihamlarına cavab verib.

İ.Pirməmmədov qeyd edib ki, E.Abdullayevin mətbuat vasitəsi ilə yaydığı həmin məlumatlar kökündən yalandır: “Son zamanlar ABU-nun sabiq rektoru Elşad Abdullayev bir sıra kütləvi informasiya vasitələrində müxtəlif sərlövhəli yazılar dərc etdirir. Həmin yazılarda guya mənim Elşad Abdullayevi təcili olaraq yanıma çağırmağım, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alı Qocayevin Elşad Abdullayevə mənim vasitəmlə bir çemodan pul göndərməyim və həmin pulun mənim otağımda sayılaraq onun tərəfindən götürülməsi kimi cəfəng məlumatlar qeyd olunub. Bununla bağlı bildirirəm ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı A.Qocayev mənə heç vaxt pul göndərməyib, mənim xidməti otağımda pul sayılmayıb və tərəfimdən Elşad Abdullayevə pul verilməyib. Göstərilənlər barədə Bakı şəhər prokurorluğunda istintaq olunan cinayət işi üzrə ifadə vermişəm. Elşad Abdullayevin mənim barəmdə kütləvi informasiya vasitələrinə ötürdüyü məlumatlar həqiqətə uyğun deyil və göstərilənlərin hamısı yalan və böhtandır”.

APA-nın sorğusunu cavablandıran İ.Pirməmmədov E.Abdullayev və A.Qocayevlə münasibətlərindən də danışıb: “Elşad Abdullayev və Alı Qocayevlə heç bir yaxın münasibətlərim, o cümlədən qohumluq əlaqələrimiz olmayıb. Güman edirəm ki, Elşad Abdullayevin kütləvi informasiya vasitələrində mənim barəmdə yalan və böhtan xarakterli məlumatlar yaymasının səbəbi ABU-nun fəaliyyətinin dayandırılması prosesində lisenziya komissiyası ilə yanaşı Təhsil Nazirliyinin Aparat rəhbəri kimi mənim də iştirak etməyim olub. Həmin yazı dərc olunduqdan sonra mən bir neçə gün gözlədim ki, bəlkə Elşad Abdullayev həmin məlumatın yalan olması barədə təkzib verər. Lakin o, hələ də qeyd olunanların yalan olması barədə təkzib verməyib. Bu səbəbdən özüm sizin vasitənizlə bir daha bildirirəm ki, mənimlə bağlı kütləvi informasiya vasitələrində təsvir olunan hadisə olmayıb və göstərilənlər həqiqətə uyğun deyil. Göstərilənlərlə bağlı Elşad Abdullayevdən təkzib verilməsini tələb edirəm”.


Teqlər:





Xəbər lenti