ABŞ-in Avropadakı ştatı – Təhlil

  30 İyun 2015    Oxunub : 7626
ABŞ-in Avropadakı ştatı – Təhlil
1999-cu il aprelin 25-də general Uilyam Odomun dililə Vaşinqton Berlinə belə bir mesaj göndərdi: “Biz Koreya, Yaponiya və Almaniyada əbədi varıq...” Əslində tarixə diqqətlə baxdığımızda, Berlinin məcburən, xüsusən də 2005-ci ildən bu yana Vaşinqtona tamamilə boyun əydinin şahidi oluruq.

Almaniyada 2005-ci ildə Angela Merkel kansler seçildi. Ona qədərki dövrdə - Şröder-Fişer hökumətilə bağlı ABŞ-ın ciddi problemleri yaranmışdı. Gerhard Şröderin hakimiyyəti dönəmində Almaniya ABŞ-ın İraqa girməsinin qəti əleyhinə idi, o cümlədən, Şröder koalisiyası Quantanama məsələsində ABŞ-ı sərt tənqid edirdi. Amerika dəfələrlə Berlinə səslənsə də, Almaniya heç İraqda aktiv hərbi əməliyyatlarda iştirak da etmədi.

Bütün bu səbəblərdən dolayı tərəflər arasında uzun müddət soyuqluq yarandı. Ona görə də, Ağ Evə Berlində etibarlı və ona tabe olacaq birinin seçilməsi lazım idi. Nəhayət, 2005-ci ildə Şröderin kanslerlik postunu Merkel tutdu. Mütləq qeyd olunmalıdır ki, 2005-ci ildə ilk seçkilərdə Merkel səs faizi ilə Şröderə uduzmuşdu, lakin Şröder bu postda qalmaq istəmədi.

Angela Merkel kanslerlik fəaliyyətinin ilk vaxtlarında ABŞ-a rəsmi səfər etdi, ancaq ən önəmli fakt onun düz yarım əsr sonra ABŞ Konqresində çıxış edən ilk alman kansleri kimi tarixə düşməsi oldu. Elə Almaniyanın da sırf Birləşmiş Ştatlar yönümlü siyasəti bu illərdən başlayır.

Doğrudur, müəyyən məsələlərdə ABŞ həm Almaniyaya güvənir, həm də güvənmir. Gəlin, ümumən Almaniyanın Amerikaya xidmət etdiyi önəmli məqamlara fikir verək:

1) ABŞ Almaniyanın Rusiya ilə yaxınlaşacağından ehtiyatlanır. ABŞ-ın `Stratfor` araşdırmalar mərkəzinin rəhbəri Corc Fridmana görə, ABŞ Ukrayna savaşını bilərəkdən yaratdı ki, rus-alman birliyi yaranmasın. Bir növ arada bufer zona formalaşsın, eynilə geosiyasətin önəmli simalarından biri olan Makinderin dediyi kimi. G7-nin böyük Almaniya konfransının gedişində alman vətəndaşların etirazı və etirazda Putinə olan sayğının, hörmət və sevginin dilə gətirilməsi sadə bir misaldır, çünki almanlar həmişə güclü liderə simpatiya bəsləyiblər.



2) Azərbaycan və Almaniya əlaqələrinin sıxlaşması fonunda ABŞ-ın çirkin siyasi oyunları ortalığa atıldı. Cənab Prezident İlham Əliyevin Almaniya səfəri öncəsi Almaniya xarici işlər nazirliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən rəsmi bəyanatın yayımlaması, eləcə də səfər çərçivəsində kansler Angela Merkelin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək olduqlarını, həmçinin ATƏT-in Minsk qrupunun tərkibində aktiv fəaliyyətdə olan üzvlük istəyinin dilə gətirilməsinin ardından Almaniyanın Azərbaycana qarşı siyasəti 180 dərəcə dəyişdi. Maraqlıdır, niyə? Çünki ABŞ-ın, ələlxüsus da Con Kerrinin başlatdığı anti-Azərbaycan siyasətini məcburən Almaniyaya qəbul etdirdilər. Əks halda, birdən-birə Berlinin belə dəyişməsi heç cür ağılabatan deyil.

3) Alman mediasının böyük hissəsinə ABŞ nəzarət edir. Ciddi məqamlarda Vaşinqton bu mediadan istifadə edir, məsələn, Azərbaycana qarşı olduğu kimi.

4) Casusluq – Merkelin hökumətində ABŞ casusunun ifşa olunduğu ortalığa çıxdı, daha sonra Merkelin şəxsi telefon danışlarınının Amerika tərəfindən dinləndiyi üzə çıxdı. Sanki, ABŞ II Dünya Müahribəsində olduğu kimi “Enigma”nı işə salıb, Hitleri dinləyirmiş kimi davranmağa başladı. Bu yaxınlar isə alman xüsusi xidmət orqanı “BND”-nin Avropanın gizli dinlənilməsi məsələrində Amerikaya yaxından kömək etdiyi üzə çıxdı. Xatırladım ki, “BND” II Dünya Müahribəsindən sonra nasist kəşfiyyatçılarının iştirakı ilə Amerika tərəfindən yaradılmışdı və alman hökumətində casusluq şəbəkəsi vardı. Bütün lazımi informasiyanı Vaşinqtona ötürürdü. Onun rəqibi isə SSRİ-nin yaratmış olduğu “Ştazi” idi.

5) Silah satışı – Almaniya ABŞ-ın istəyilə kürdlərə silah satır, onları dəstəkləyir. Səudiyyə Ərəbistanını və İsraili silahlandırır. Habelə çoxlu sayda alman “cihad” adı altında Suriyaya gedib savaşır. Alman kəşfiyyatı Suriya münaqişəsinin ilk günlərində Amerikaya hər cür kəşfiyyat məlumatları ötürürdü. İsrailə qeyri-şərtsiz bütün növ silahları satır, həm də müəyyən kompromislərin olması şərti ilə satır.

Yekun fikir olaraq Almaniya hərbi əks-kəşfiyyat idarəsinin keçmiş başçısı Gerd-Helmut Komossanın yazdığı fikirləri qeyd etmək tam yerinə düşərdi. O, yazır ki, “1949-cu il mayın 11-də imzalanmış sənədlə Almaniya Federativ Respublikasının suverenliyi məhdudlaşdırılmışdır. Müharibədə qalib gələnlər Almaniyanın xarici siyasətinə, kütləvi informasiya vasitələrinə, ideologiyasına və ən əsası isə qızıl ehtiyatlarına əl qoydular. Sənədə əsasən Almaniyanın qızıl ehtiyatlarının hamısı ABŞ banklarında saxlandı. Böhran zamanı ABŞ həmin ehtiyatı dondura bilər və həmin sənəd 2099-cu ilə qədər qüvvədə qalacaq...

Fərrux Həsənov
AzVision.az

Teqlər: