Türkiyə çətin vəziyyətdə: təkrar seçki ehtimalı artır – TƏHLİL

Türkiyə çətin vəziyyətdə: təkrar seçki ehtimalı artır – TƏHLİL
  20 İyun 2015    Oxunub:4701
Türkiyədə keçirilən 7 iyun parlament seçkilərinin nəticələri 13 ildir şəriksiz iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti dəfə tək başına hökumət qurmasına imkan vermədi. Prezident Rəcəb Tayyip Ərdoğanın qurduğu və Əhməd Davudoğlunun sədrlik etdiyi partiya 40 faizdən artıq seçicinin səsinə sahib olsa da, bu göstərici AKP-yə təkbaşına hökumət qurmaq üçün 276 deputatı parlamentə keçirməsinə imkan vermədi.

Bu seçkilər həm də onunla tarixə düşdü ki, ilk dəfə olaraq kürdlərin partiyası hesab olunan HDP 10 faizlik həddi keçə bildi və 13 faizdən artıq səs toplayaraq parlamentin 80 mandatına sahib oldu. 13 ildir müxalifətdə olan CHP 25, MHP isə 16 faiz səs topladılar.

Səsvermənin ilkin nəticələri məlum olduqdan sonra yeni hökumətin qurulması üçün partiyaların mümkün koalisiyaları ilə bağlı ehtimallar səslənməyə başladı. Seçkilərdən sonrakı ilk həftədə Türkiyənin siyasi vəziyyətinin gələcəyi ilə bağlı aktiv müzakirələr aparılsa da, artıq bu fəallıq nisbətən səngiyib. Ölkə ictimayyəti seçki nəticələrinin rəsmi elan olunmasını və bundan sonra hökumətin qurulması istiqamətində atılacaq addımları gözləyir.

Nəticələr gələn həftə açıqlanacaq və bundan sonra prezident seçkidə ən çox səs toplamış partiyanın rəhbərinə hökuməti formalaşdırmaq göstərişi verəcək. Əgər yeni hökumətin qurulması ilə bağlı partiyalar arasında razılıq əldə olunmasa prezident ikinci partiyanın rəhbərinə analoji göstəriş verə, yaxud növbədənkənar seçkilərin keçirilməsini elan edə bilər.

AKP-nin seçkidə üstünlük qazana bilməməsi, şərikli koalisya hökumətinin qurulması Ərdoğanın siyasi planları ilə üst-üstə düşmür. Ərdoğanın əsas hədəfinin Türkiyə konstitusiyasında dəyişiklik edərək ölkənin parlametli idarəetmədən prezident üsul-idarəsinə keçirmək olduğunu nəzərə alarsaq koalisiya hökuməti qurmaqla bunu həyata keçirməsi mümkünsüz görünür. Odur ki, AKP üçün ən məqbul variant növbədənkənar seçkilərə gedilməsidir.

AKP-nin məlum hədəflərinə baxmayaraq, prezident Ərdoğan və AKP sədri Davudoğlu koalisiya qurulmasına etiraz etmədiklərini açıq şəkildə bildirdilər. Ərdoğan partiya rəhbərlərini seçkidən sonra formalaşmış reallığa uyğun qərar verməyə, sabitliyin qorunub saxlanması üçün koalisiya formalaşdırmağa dəvət etdi. Davutoğlu isə bildirdi ki, partiyaların hər biri ilə, danışıqlar aparacaq və öz təkliflərini səmimi şəkildə bildirəcək.

AKP-nin əksinə olaraq digər partiyaların liderləri hakim partiya ilə koalisiyaya getməyəcəklərini bildirdilər. Kürdləri təmsil edən HDP lideri Demirtaş AKP istisna olmaqla istənilən partiya ilə koalisiyaya hazır olduğu bildirdi. Türk millətçilərini təmsil edən MHP lideri Bahçeli isə HDP olan heç bir koalisiyaya girməyəcəyini dedi. CHP-nin isə təməl platforması AKP ilə daban-dabana zidd olduğu üçün iki partiyanın koalisiyasından söhbət gedə bilməz.

Yaranan mənzərə ondan ibarətdir ki, MHP, CHP və HDP-dən ibarət müxalif partiyaların birgə koalisiyası mümkünsüzləşir. Bunu mümkünsüz edən isə, MHP-nin mövqeyidir. Əslində AKP-nin MHP ilə koalisiya hökuməti qurması mümükündür. Bahçeli keçən müddətdə lazımi məqamda AKP-nin mövqeyini dəstəkləyib. Ancaq AKP-nin MHP ilə koalisiyalı hökumət qurması Ərdoğanın məqsədlərinə nail olmasına imkan vermir. Çünki belə olan halda konstitusyon dəyişikliyi həyata keçirmək üçün lazım olan 330 səs toplana bilməyəcək.

Odur ki, prezidentli respublikaya keçidi təmin etmək üçün Ərdoğana AKP-nin 276 mandatı qazanması və təkbaşına hökumət qurması, sonrakı mərhələdə isə MHP-nin köməyindən yararlanaraq 330 səs yığmaqla referendum qərarını parlamentdə qəbul olunması lazımdır. MHP lideri Bahçelinin bu dəfə nə AKP, nə də HDP ilə koalisiyaya getmək istəmədiyini bildirməsi ondan xəbər verə bilər ki, əslində Ərdoğan növbədənkənar seçkilərə getmək istəyir və Bahçeli buna dolayı yolla şərait yaradır. Koalisiyanın alınmamasına görə isə məsuliyyət müxalifətin üzərində qalır ki, bu da növbədənkənar seçkilərdə AKP-yə əlavə dividentlər qazandıracaq.

Ərdoğan seçkinin nəticələri və seçkidən sonra səslənən fikirləri nəzərə alaraq ölkə ictimayyətinin bir tərəfdən AKP-nin təkhakimiyyətliliyinə qarşı çıxdığını, digər tərəfdən isə iqtisadi vəziyyətin pozulmaması üçün siyasi sabitliyin qalmasının istədiyini anlayır və bu iki məqam üzərində siyasətini qurur. Xalq faktiki seçim qarşısına qoyulur: ya AKP-nin təkhakimiyyətliliyi və siyasi-iqtisadi sabitlik, ya da, koalisiyalı qeyri-sabitlik.

Türkiyədə ORC şirkətinin keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən respondentlərin 53,1 faizi növbədənkənar seçkilərin keçirilməsini, 46,9 faizi isə koalisiya hökumətinin qurulmasını istəyirlər. İPSOS şirkətinin keçirdiyi sorğunun nəticələri isə göstərir ki, növbədənkənar seçki keçirilərsə AKP-yə səs verənlərin sayı 45 faizə qalxacaq, MHP-də 2, HDP-də isə 1 faiz azalma baş verəcək. “MAK Danışmanlıq” şirkətinin keçirdiyi anoloji sorğu da göstərir ki, yenidən seçki keçirilərsə AKP 44 faiz səs toplayacaq. Enmə isə MHP ilə HDP-də müşahidə olunacaq. Bu faizlər əslində AKP-yə təkpartiyalı hakimiyyət qurmağa imkan verir.

Görünən odur ki, hələ ki, əsas kartlar Ərdoğanın əlindədir və HDP ilə MHP bilərəkdən, yaxud bilməyərəkdən prezidentin xeyrinə oynayırlar. Güman etmək olar ki, prezident növbədənkənar seçkilərin keçirilməsi qərarını verəcək. Ərdoğan üçün HDP-nin parlamentə girməsi şərtilə AKP-nin 2-3 faiz artıq səs toplaması lazımdır ki, təkbaşına hökumət qursun, sonradan isə MHP-nin dəstəyinə arxalanaraq konstitusiya dəyişikliyi etsin. HDP-nin parlamentdə qalması isə, kürtlərin silahlı mübarizə əvəzinə siyasi mübarizə aparmalarını təmin edir.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti