Naxçıvanda yaşayan çex Leylisi – FOTOLAR, VİDEO

Naxçıvanda yaşayan çex Leylisi – FOTOLAR, VİDEO
  19 Fevral 2013    Oxunub:14925
Müharibə minlərlə, milyonlarla insan həyatını aldığı kimi, bəzən insanları birləşdirə də bilir. Eyni düşmənə qarşı mübarizədə minlərlə insan bir araya gəlir, bir məqsəd uğrunda döyüşür. Bəzən isə müharibədə müxtəlif xalqların təmsilçiləri olan gənclər arasında sevgi yaşanır. Naxçıvanlı Əhəd Əliyevlə çex əsilli alman qızı Erika Hempeli birləşdirən də məhz dəhşətinə görə analoqu olmayan 2-ci dünya müharibəsidir.
İndi Erika xanımın səksən altı yaşı var. Bu alman qadını uzaq Çexiyadan gəlib və ömrünün lap gənclik illərini Naxçıvana bağlayıb. Onu bura gətirən böyük bir sevgidir. Naxçıvanlı Əhəd Əliyevi sevən Erika xanım artıq Naxçıvanı doğma vətəni sayır.
Hər şey təsadüfdən başlayıb. 1944-cü ildə Sovet qoşunları almanları Çexoslavakiyadan sıxışdırıb çıxaranda ərazidə dəhşətli döyüşlər gedirdi. Elba üzərində yerləşən Usti-nad-laben şəhərində yaşayan 18 yaşlı gənc Erika və rəfiqələrini bir gün yaralı insanlara ilk tibbi yardım göstərməyin qaydalarını əyani şəkildə öyrənmək üçün hərbi hospitala gətirirlər. Burada onlar müharibənin qurbanı olan müxtəlif insanlara qulluq edirlər. Erikanın ilk yadında qalan isə gözlərini itirən gənc azərbaycanlı əsgər olur.

- Minaya düşərək gözlərini itirən gənc Əhəd Əliyev uzun müddət dinməzcə çarpayısında uzanmışdı,- deyir Erika.- O, hətta üst paltarlarını da çıxarmamışdı. Mən əvvəlcə elə bildim ki, onun ayaqları yoxdur. Sonra isə rəfiqəmdən öyrəndim ki, o, gözlərini itirib. Bir neçə gündür ki, heç nə yemir. Nədənsə mən ona yaxınlaşıb, ayağa qaldıranda dinməzcə tabe oldu. Biz onu yaxşıca yedirtdik. Sonra hər gün ona qulluq etmək üçün lazaretə gəlirdim.

Müharibə qurtarandan sonra isə ailəsinin etirazlarına baxmayaraq, yaralı Əhədi Çexiyadan uzaq Azərbaycana gətirir: “Axı onun gözləri görmürdü, mən fikirləşdim ki, o, bu halda necə gedib evlərinə çata bilər? Ona mütləq yanında getmək üçün köməkçi lazımdır!”

Bu minvalla da Erikanın köməyi ilə Əhəd Naxçıvana, öz evlərinə gəlib çıxır. Burada isə Əhəd öz sevgisini heç vaxt üzünü görmədiyi Erikaya etiraf edir. İlk gəlişdən hamının qonaqpərvərliyini, ətrafdıkıların mehribanlığını görən Erika Əhədlə bərabər Naxçıvana da vurulur. Bunadan sonra isə çexiyalı qadının azərbaycanlı taleyi başlayır. 3 övlad böyüdürlər. Ancaq tale Əhəd Əliyevin ömrünü yarımçıq qoyur. Övaladlarını sevə-sevə tərbiyə edən alman əsilli çex qızı isə sözün əsl mənasında öz sevgisinə sadiq qalır.
- Bəzi adamlar mənə öz vətənimə - Çexiyaya getməyi tövsiyə etdilər. Mən isə Əhədə, onun bu doğma evinə, şəhərinə elə bağlanmışdım ki, düşünürdüm, getsəm, ona xəyanət edərəm. Ona görə də heç yerə getmədim. Hətta cavanlığımı nəzərə alıb, mənə yenidən ailə qumağı təklif edənlərə bir cavab verdim: Necə olar ki, Əhədin baş qoyduğu balınca başqa kişi nəfəsi dəysin?

Bu isə artıq təkcə sədaqətli bir qadının deyil, həm də əsl həyat yoldaşının, ömür- gün yoldaşının ölməyən sevgisidir. Uzun illər sonra, 1970-ci illərdə Erika xanım öz doğmalarını görmək üçün Moskvadan icazə ala bilir. Valideynləri artıq Almaniyaya köçmüşdülər. 30 ildən sonra doğmaları ilə görüş səhnəsini Erika Naxçıvan ləhcəsi ilə o qədər gözəl təsvir edir ki, sanki həmin hadisə göz qabağında baş verir. Atası, anası və o zaman uşaq olan qardaşları ilə görüşür. 3 ay sonra atası rəhmətə gedir.
Bu günə qədər 7 dəfə öz doğmalarını görmək üçün Erika Hampel-Əliyeva Almaniyaya gedib.
Oğlanlarını vətənpərvər ruhda böyüdən bu qadın həm də şəhid anasıdır. Oğlu Səyyad 1990-cı ildə ermənilər Naxçıvana hücum edən zaman qəhrəmanlıqla həlak olub.
Adının mənası çex dilində “səhra gülü” deməkdir. Bu ölməz sevgi hələ o zaman şair İslam Səfərlinin diqqətini çəkib və “Çex qızının məhəbbəti” poemasını yazıb. Rejissor Tahir Əliyev isə dünyanı dolaşan “Səhra gülü” adlı film çəkib.
Bu gün Erika xanım həyətində çoxlu güllər becərir, hətta bir vaxtlar öz adaşı olan “Erika” gülünü də gətirib burada əkmək istəyib,ancaq bu çiçək Naxçıvanın istisinə tap gətirə bilməyib. Erika isə bütün varlığı ilə sevdiyi Əhədin və övladlarının məhəbbəti ilə düz 63 ildir ki, Naxçıvanda təkcə insanlar arasında deyil, xalqlar, millətlər arsasında əbədi sevginin simvoluna çevrilib.

Səməd Canbaxşıyev
Naxçıvan

Qalereya




Teqlər:  





Xəbər lenti