Açılış Şousunda gizlədilən simvollar – TƏHLİL

  13 İyun 2015    Oxunub : 112748
Açılış Şousunda gizlədilən simvollar – TƏHLİL
Numerologiyada 23 – mistik anlamı olan rəqəmlərdən sayılır. Yer Kürəsinin öz fırlanma oxuna nisbətdə mailliyi təxminən 23 dərəcədir; insanın bədənində qan 23 saniyəyə tam dövrə vurur; biz gündə 23 min dəfə nəfəs alırıq; insana hər valideyndən 23 xromosom keçir.

Belə misallar çoxdur və maraqlıdır ki, bu mistik rəqəm Azərbaycanın taleyində də özünü göstərib. İlk Respublikamız cəmi 23 ay yaşayıb. Amma bu il həmin mistik sərhəd keçildi, Azərbaycan Respublikası 24-cü ilinə qədəm qoydu, özü də tamam başqa bir ölkə kimi. Ona görə, İlk Avropa Oyunlarının Açılışında da geri sayım 24 rəqəmindən başladı.

Açılış Mərasimi təkcə möhtəşəm şou deyildi. Bu, həm də bütün rəmzləri dəqiqliklə, düşünülmüş şəkildə yerləşdirildiyi simvolik bir tamaşa idi. Azərbaycan nəhəng bir şou ilə özünün keçmişini, indisini, gələcəyini, mədəni irsini, Avropadakı yerini bütün dünyaya göstərdi. Dövlətin dünyada yeritdiyi siyasət, yaymağa çalşdığı ideologiya bu dəfə şou elementləri şəklində kodlaşdırılaraq, nümayiş etdirildi.

Alim Qasımovun Azanı xatırladan muğamını və Ledi Qaqanın ifa etdiyi, ateizmin musiqili rəmzlərindən sayılan “İmagine” mahnısını götürək. Bir çərçivədə bu ikisininin birləşməsi torerantlıq və əks fikirlərə hörmətlə yanaşmaq işarəsi idi. Yəni o ideologiya idi ki, Azərbaycan son illərdə dünyaya yaymağa çalışır.

Döyüşkənliyin rəmzi olan Cəngi rəqsinin müşayiəti ilə zərifliyi, gözəlliyi ifadə edən xalça naxışlarımızın yaradılması daha bir simvol idi. Əksliklərin vəhdəti fəlsəfəsinin təbliği bunlarla başladı və axıra qədər də bütün şou bu ideyanın üzərində davam etdi.

Paralimpiya çempionu İlham Zəkiyevin olimpiya məşəlini meydana gətirməsi isə bu rəmzi tamaşanın zirvəsi idi. Onun dediyinə görə, belə olmasını məhz dövlət başçısı və birinci xanım özləri istəyiblər. Fikir verin: məşəli ali baş komandan Atəşgahda yandırır və 48 gün sonra Qarabağ qazisi o məşəllə Olimpiada atəşini alovlandırır. Azərbaycan torpağından çıxan od elə Azərbaycan torpağına da qaytarılır. Və bunu gözlərinin işğını erməni snayperinin gülləsi ilə itirmiş bir əsgər edir. Yəni düşmən gülləsi bizim başımızı deşib keçə bilər, amma odmuzu söndürə bilməz! Hər şey bir qırağa, təkcə elə bu səhnəni görmək üçün Olimpiadanın bütün əziyyətini və xərcini çəkməyə dəyərdi!

Daha sonra Nizami Gəncəvini dünyaya İran şairi kimi təqdim etmək istəyənlərə böyük bir Olimpiya şapalağı dəydi. Şairin obrazı və onun “Xəmsə”si əsasında qurulan miniatürlər meydanda peyda oldular. Miniatür sənəti Azərbaycan incəsənətinə xas fenomendir və kiçik bir məkanda böyük miqyaslı hadisələri əks etdirmək məharətidir. Bu mənada İlk Avropa Oyunlarının açlışının özü bir müniatür idi – bir arenada Avropa tarixinin vacib bir hadisəsi yaşanırdı.

Olimpiya Arenasına enən narı çox fərqli şəkillərdə yozmaq olar. Amma lap dərinə getsək, biz hamımız, bütün bəşər övladları bir narın dənələri deyilikmi? Çox fəlsəfi və dini təlimlər əsrlərlə insanlara bunu başa salmağa çalışıblar. Fikir adamları inanıblar ki, bəşəriyyət bunu anlasa, savaşlar, toqquşmalar aradan qalxar, dünyaya sülh gəlir. Bu mesaj İlk Avropa Oyunlarının açılışında bir daha dünyaya ötürüldü.

Avropa öküzün belində minillərdir ki, yol gəlir. Bu gün Azərbaycan həmin yolun çox vacib bir dayanacağıdır. Avropa – qadındır. O, zərifdir, Zevs – Buğa isə güclü. Avropa bu cür əksliklərin vəhdətindən yaranıb, həm də buna görə güclüdür. Daha dəqiqi, əksliklər vəhdətdə qala bildiyi zaman güclü olur. Biz də o zaman güclü, tam, bütöv oluruq ki, əks anlayışları bir yerə gətirək. Alim Qasımovla Ledi Qaqanı, Cəngi ilə xalça ornamentlərini, od ilə suyu, səhra ilə yaşıllığı, Ay ilə Günəşi...

Açılış mərasiminin son bölümləri də rəmziliklər və mesajlarla bol idi. Yerdən çıxan Qobustan qayaları qədimliyin və möhkəmliyin, Bahar qız zərifliyin, su həyatın simvolu idi. Səhranın yaşıllaşması Azərbaycanın keçdiyi yolu göstərirdi. Yanan alovlardan formalaşan insan - bu, bizik, odlar yurdunun övladları. İnsan fiquru Leonardo da Vinçinin çəkdiyi çevrə daxilindəki insan nisbətlərilə eynidir – yəni biz, eyni zamanda Qərb mədəniyyətinin bir parçasıyıq.

Yallı – sadəcə rəqs deyil. Yallı – həm də birlik fəlsəfəsidir. Burada bircə rəqqasın bircə səhv etməsi bütün oyunu pozur, harmoniyanı itirir. O halda rəqs mübarizəyə çevrilir. Yəni hamının arasında mütləq uyumun olması vacibdir. İlk Avropa Oyunlarının özü bu mənada böyük bir yallıdır. Sanki Azərbaycan 50 Avropa ölkəsini bir səfə düzdü, onları qol–qola gətirdi və harmonik rəqsə başlatdı. Və bu mərasimə yüklədiyi simvollarla anlatmağa çalışdı ki, fərqli olsaq da, bir olaq. Həmin birliyin bizə qazandıracağı gücü isə bir-birimizə ancaq “zərif güc” şəklinidə göstərək. Məsələn, bu cür Olimpiadaların təşkili ilə.

Vüsal Məmmədov
AzVision.az

Teqlər: