Riqa sammitinin əsas `əmma`sı – TƏHLİL

Riqa sammitinin əsas `əmma`sı – TƏHLİL
  20 May 2015    Oxunub:3190
Sahil İsgəndərov, siyasətşünas
Xüsusi olaraq AzVision.az üçün

Hazırda dünyanın güc mərkəzlərinin eyni səciyyəli problemlərə və münaqişələrə ikili standartlar prizmasından yanaşması beynəlxalq münasibətlər sistemində elə bir halın yaranmasına səbəb olub ki, yeni dünya nizamının yaradılması günün aktual mövzusuna çevrilib. Belə bir ortaq məxrəc tapılmasa, İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sistemini tənzimləyən yaradılmış Yalta-Podstam mexanizminin tam iflasa uğrayacağı artıq heç kəsdə şübhə doğurmur.

Bu sistemin sıradan çıxmasında maraqlı olan qüvvələrin ən əlverişli aləti məhz `ikili standartlar`dır. Bilərəkdən və ya bilməyərəkdən həmin qüvvələrin yedəyində gedənlərin sayı da kifayət qədərdir. Gəlin, faktlara müraciət edək.

Riqada keçirilən «Şərq Tərəfdaşlığı»nın növbəti sammiti öncəsi layihənin xüsusi tapşırıqlar üzrə səfiri Yuris Poykansın dediyinə görə, tədbirdə Azərbaycana, Belarusa və Ermənistana Avropa İttifaqıyla əməkdaşlıq müstəvisində xüsusi təkliflər olunacaq. Xüsusi təkliflə ilk növbədə viza rüsumunun aşağı salınmasını nəzərdə tutur. Razılaşın ki, bu, elə də bir taleyüklü əlahiddə təklif deyil. Poykans Brüsselin hər üç dövlətlə münasibətləri bərabərlik prinsipi əsasında qurmaq əzmində olduğunu, habelə Avropa İttifaqyıla Ermənistan arasında Assosiasiya Sazişi barədə yeni müqavilə hazırlana biləcəyini də söyləyib.

Biz uzun illərdəir ki, Avropa İttifaqının müxtəlif rütbəli məmurlarının bərabərlik prinispi əsasında əməkdaşlıq etmək və münasibətlər qurmaq barədə saysız-hesabsız açıqlamalarını eşidirik. Amma, belə təsəvvür yaranır ki, əksər hallarda «bərabərlik» və «bərabərhüquqlu» məfhumlarını məqsədyönlü şəkildə identikləşdirən Brüssel əslində sofistikayla məşğul olur. Gəlin, necəsini aydınlaşdıraq. Birincisi, «Şərq tərəfdaşlığı» layihəsində iştirak edən altı postsovet dövlətin iqtisadi-siyasi potensialı, beynəlxalq aləmdə nüfuzu və regional proseslərə təsir gücü müxətlif səviyyədə, yəni onların çəkisi fərqli olduğundan bərabərtutmulu əməkdaşlıqdan söhbət gedə bilməz. Məsələn, müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan və bu parametrlər üzrə kənar qüvvələrdən tam asılı olan Ermənistanla Brüssel necə eyni səviyyəli münasibətlər qura bilər?

İkincisi, həmin münasibətlər qurulanda hər bir ölkənin və cəmiyyətin spesifikası, oradakı adət-ənənələr, dəyərlər sistemi və mentallıq mütləq nəzərə alınmalıdır ki, bu da dediyimiz kontekstdə bərabərlik anlamını aradan götürür. Yeri gəlmişkən, Avropa İttifaqının genişlənmə siyasəti üzrə sabiq komissarı Ştefan Füle fəaliyyətinin sonunda məhz bu məqamların nəzərə alınmadığını ən böyük səhv və “Şərq Tərəfdaşlığı” layihəsini demək olar ki, iflasa uğradan ən əsas səbəb kimi qiymətləndirmək zorunda qaldı.

Bəli, əməkdaşlıq bütün iştirakçı dövlətlərlə mütləq eyni müstəvilərdə aparılsa da, dövlətlərin iqtisadi-siyasi çəkisindəki fərqlər və spesifik komponentlər mütləq nəzərə alınmalıdır. Əks halda bu yağla şora eyni qiymət verilməsinə bənzəyir ki, belə yanaşmanın nəticəsinin isə çox acınacaqlı olduğu hamıya bəllidir.

Üçüncüsü və ən əsası. Təcavüzkar Ermənistanla təcavüzə məruz qalan Azərbaycanla Brüssel necə bərabər səviyyəli əməkdaşlıq qura bilər? Bax, burada məhz beynəlxalq hüquq qarşısında dövlətlərin bərabər məsuliyyəti kontekstində Avropa İttifaqı ilk növəbədə Azərbaycanın qeyd-şərtsiz ərazi bütövlüyünün təminatını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 məlum Qətnaməsinin yerinə yetirilməsinə çalışmalıdır. Habelə, Ermənistanın «Şərq Tərəfdaşlığı» Proqramında iştirakını məhz bu tələblə şərtləndirməlidir.

Xüsusilə də nəzərə alsaq ki, bir çox analoji hallarda Brüssel qibtəolunacaq prinispiallıq göstərir. Ukraynadakı separatçı rejimlərlərlə və Krımla bağlı Avropa İttifaqının sərt mövqeyi nədən Daqlı Qarabağ məsələsində bərabərlik prinsipindən loyallıq ətalətinə çevrilir? Əvəzində Avropa İttifaqında bəzi qüvvələr, hətta Avropa Palamenti belə Birinci Avropa oyunları ərəfəsində Azərbaycana qarşı qərəzli kampaniya aparmağı sanki özlərinin müqəddəs borcu hesab edirlər.

Məsələnin digər təəccüb doğuran tərəfi isə Brüsselin bərabərlik iddialarına yanaşmada belə nala-mıxa vurmasıdır. Son il yarımda Ukraynada baş verən hadisələr məhz Assosiasiya Sazişi imzalanması barədə rəsmi Kiyevin qarşısında Brüsselin qoyduğu konkret seçim tələbinin məntiqi nəticəsidir. Onda niyə bu müstəvidə Ermənistana əlahiddə preferensiya təklif olunur? Bəs hanı bərabərlik prinsipi?

Daha bir önəmli müqayisə. «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində ən az maliyyə vəsaiti ərazisinin 20%-i işğal olunmuş, bir milyondan artıq qaçqın və məcburi köçkün problemiylə üzləşmiş Azərbaycana ayrılır. Amma, bu fəsadların baisi olan və bütün həmsərhəd dövlətlərə ərazi iddiaları irəli sürən Ermənistan isə ən çox vəsait alan ikinci ölkədir.

Sadalananlar göstərir ki, Brüssel istər bərabərlik, istərsə də beynəlxalq hüquq qarşısında bərabər məsuliyyəti məsələlərinə əslində differensial yanaşır. Adi gözlə çətin seçilən bu differensiallıq isə heç də müsbət xarakter daşımır. Avropa Komissiyasının keçmiş tərkibinin işində ən neqativ məqamlardan biri məhz bu reallıq idi. Yeni tərkib fəaliyyətinin ilk günlərindən bu müstəvidə köklü dəyişikliklər edəcəyini vəd versə də, hələ ki, müsbət məcraya dönüş nəzərə çarpmır.


Teqlər:





Xəbər lenti