Gülün yeni missiyası, yoxsa Ərdoğanın hiyləsi? – TƏHLİL

Gülün yeni missiyası, yoxsa Ərdoğanın hiyləsi? – TƏHLİL
  09 Aprel 2015    Oxunub:3734
Türkiyənin bəzi mətbu orqanları ölkənin keçmiş prezidenti Abdullah Gülün rəhbərliyilə yeni siyasi partiyanın təsis olunması istiqamətində fəaliyyətin başladığı barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, yeni partiya AKP-nin strukturuna bənzər tipdə qurulacaq və Türkiyənin Ali Babacan, Taner Yıldız, Hüseyin Çelik kimi siyasətçilərinin bu partiyada yer alacaqlar. Yeni partiyanın hansısa mənada “Hizmət” hərəkatının rəhbəri Fətullah Gülənlə əlaqəsi barədə isə heç bir məlumat verilmir.

Artıq iki ilə yaxındır ki, Fətullah Gülən hərəkatının Türkiyədə siyasi partiya yaratmaq niyyətində olması barədə müxtəlif ehtimallar irəli sürülməkdə idi. Hazırki prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP-nin yaranması və hakimiyyətə yiyələnməsində “Hizmət” hərəkatının rolu danılmazdır. Ərdoğanla Gülənin siyasi böhrana səbəb olmuş sonrakı fikir ayrılığı da, məhz Gülən camaatının göstərdikləri dəstəyin müqabilində siyasətə müdaxilə istəyinin artması ilə bağlıdır. Hər-halda Türkiyədəki siyasi hadisələrin ilkin təhlili bunu göstərir.

Əslində Gülən camaatına siyasi partiya yaratmaq təklifini ilk dəfə elə Ərdoğanın özü vermişdi. O, təklif etmişdi ki, əgər “Hizmət” hakimiyyət uğrunda mübarizə aparmaq istəyirsə, bunu ümumi qəbul olunmuş sivil yolla – yəni siyasi partiya yaradaraq həyata keçirməlidir. Fətullah Gülən isə dəfələrlə öz açıqlamalarında siyasi partiya yaratmaq fikrində olmadığını və siyasətə qarışmaq istəmədiyini vurğulasa da, faktik olaraq siyasətə qarışmış vəziyyətdədir. Təbii ki, onun siyasi partiya yaradıb hakimiyyət uğrunda mübarizəyə başlayacağı inandırıcı səslənməsə də, Fətullah Gülən kimi geniş nüfuz dairəsinə malik olan şəxsin nəzarətdə olan siyasi partiyanın yaradılması barədə göstəriş verməsi tam təbii qarşılanmalıdır.

Keçmiş prezident Abdullah Gül də daxil olmaqla AKP siyasi elitasında təmsil olunan bir sıra şəxslər “Hizmət” hərəkatına yaxınlıqları ilə tanınırlar. Ehtimal etmək olar ki, Gülən AKP-yə alternativ partiya yaratmaq fikrinə düşə bilər. Belə bir partiyanın formalaşması AKP-dən qopmalarla müşahidə olunacaq və Ərdoğanın siyasi dayaqları zəifləyəcək. Eyni zamanda Ərdoğana müxalif olan kiçik və xırda siyasi qüvvələr də yeni yaradılan siyasi qütblə birləşməyə çalışacaqlar. Yeni yaranacaq partiya ənənəvi müxalifətçi statusunu qazanmış MHP və CHP-dən fərqli olaraq, AKP-yə qarşı güclü siyasi rəqib və alternativ qismində çıxış edə biləcək. Hətta 2019-cu ildə Abdullah Gül prezident seçilə bilər. Seçilməsə belə, artıq parlament seçkilərində AKP a mütləq üstünlüyü qazana bilməyəcək və “Hizmət” nümayəndələri ilə hesablaşmalı olacaqlar.

Digər ehtimal isə ondan ibarətdir ki, bütün bu siyasi oyunlar vahid mərkəzdən idarə olunur və süni konfliktlərin mahir yaradıcısı olan Ərdoğanın planıdır. Söhbət ondan gedir ki, əvvəlcədən razılaşdırılmış şəkildə “Hizmət”lə konflikt yaradılır və AKP-dən suni qopmalar baş verir. Bu yolla eyni mərkəzdən idarə olunan iki bir-birinə müxalif siyasi qütb yaradılır. Yeni yaranmış müxalif qütb digər idarə olunmayan yaxud nəzarətdən kənar MHP və CHP kimi partiyaları kölkədə qoyur. Nəticədə siyasi arena bütövlükdə bir əldə cəmlənir və Qərb üçün demokratiya görüntüsü yaradılır. Qərb artıq bir-birinə alternativ siyasi qüvvələrin hansı birinə dəstək verməsindən asılı olmayaraq yekunda həmin qüvvə qalib gələcək. Elektorat üçün də seçim və alternativ illuziyası yaradılacaq.

Bu planın həyata keçirilməsi üçün, Abdullah Gül ideal namizəddir. Abdullah Gül kimi güclü siyasi fiquru oyundan kənar vəziyyətdə saxlamaq hakimiyyət üçün özlüyündə təhlükə mənbəyidir. Məhz bu səbəbdən Ərdoğanın Gülü “işsiz” qoyması müəyyən qədər təəccüb doğurur. Belə çıxır ki, Gülün növbəti missiyası alternativ qütbü yaratmaqdır.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti