Yəməndəki azərbaycanlıları Rusiya təxliyyə edəcək

Yəməndəki azərbaycanlıları Rusiya təxliyyə edəcək
  30 Mart 2015    Oxunub:1740
Hazırda Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı yaşayır, onlardan 3 nəfəri konsulluq qeydiyyatındadır.
Bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanında və eyni zamanda Yəməndəki səfirliyinin ikinci katibi Emil Qasımzadə bildirib.

Diplomat vurğulayıb ki, konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşları Ədəndə yaşayır. Səfirlik onlarla bir müddət əvvəl telefon əlaqəsi saxlayıb, lakin həmin vətəndaşlar ölkəni tərk etməkdən imtina edib: "O zaman vəziyyət indiki kimi gərgin deyildi. Lakin Yəməndə vəziyyət pisləşdikdən sonra biz Türkiyənin Səudiyyə Ərəbistanındakı səfirliyi ilə vətəndaşların təxliyə edilməsi ilə bağlı əlaqə saxladıq. Lakin onlar bildirdilər ki, Sanadakı səfirliyi bağlayırlar və Turkish Airlines şirkəti bu ölkəyə uçuşları dayandırır. Bundan sonra biz Rusiya səfirliyi ilə əlaqə saxladıq". Diplomat qeyd edib ki, Rusiya tərəfi lazım gəldiyi halda vətəndaşlarımızın təxliyə olunmasında kömək etməyə hazır olduğunu bildirib.

E.Qasımzasdə həmçinin bildirib ki, Azərbaycanın Ər-Riyaddakı səfirliyində qaynar xətt fəaliyyət göstərir, Yəməndə yaşayan Azərbaycan vətəndaşları problem yarandıqda həmin qaynar xəttə müraciət edə bilərlər.

Qeyd edək ki, Pakistan, Hindistan və Çin Yəməndə yaşayan vətəndaşlarını təxliyə etmək haqqında qərar qəbul edib. Bir müddət əvvəl Sanadan BMT missiyasının əməkdaşları təxliyə olunub.

Martın 19-da Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələrinin də iştirak etdiyi beynəlxalq koalisiya Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadinin xahişi ilə ölkənin əsasən qərb və şimal bölgələrinə nəzarət edən üsyançı husitlərə qarşı "Sabitlik fırtınası" adlı hərbi əməliyyatlara başlayıb. Səudiyyə Ərəbistanı HHQ və onun müttəfiqləri Sanadakı hərbi bazalara zərbələr endirməyə davam edirlər. Yəmən Xarici İşlər Nazirliyinin məlumatına görə, bu hücumlar nəticəsində 13 hərbçi və dinc sakin həlak olub, 70-dən artıq insan yaralanıb. (Report)


Teqlər:  





Xəbər lenti