`İlham Əliyev sözünün üstündə durmağı bacarır`
Bu ilin iyununda Bakıda keçiriləcək Birinci Avropa Oyunları Azərbaycanın bütün sahələrdə göstərdiyi sürətli inkişafın sübutudur.
Oxu.Az xəbər verir ki, bunu “Vestnik Kavkaza” agentliyinin müxbiri ilə söhbətdə müasir Azərbaycan-Rusiya münasibətlərindən danışan MİA “Rossiya seqodnya”nın baş direktoru Dmitri Kiselyov bildirib.
“Mənim Birinci Avropa Oyunlarına dəvətim var və mən hətta bir müddət əvvəl Azərbaycanda oldum, burada yarışlara genişmiqyaslı hazırlığın şahidi oldum, ən yaxşı təəssüratlar aldım. Düzünü söyləsəm, Azərbaycanın göstərdiyi inkişaf və respublikada olan mehriban mühit məni heyran edib. Mənim Azərbaycana birgə səyahət etdiyim həyat yoldaşım Maşanın da yaxşı təəssüratları qalıb. Təəssüf ki, biz təkcə Bakıda olduq, lakin Azərbaycanın paytaxtı bir çox Avropa paytaxtlarından daha cəlbedicidir. Düşünürəm ki, bu oyunlar Azərbaycanı dünya xəritəsində artan nöqtə kimi göstərir və bu, çox xoşdur”, - deyə, Kiselyov bildirib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında münasibətlərin böyük potensialı olmaqla yanaşı, həm də “böyük indisi” var.
“Bir müddət əvvəl keçirilmiş Xəzər forumunu xatırlamaq kifayətdir. Orada Rusiya və Azərbaycan faktiki olaraq, yeganə hərtərəfli, yüzfaizlik müttəfiq idilər. Bu, aralarındakı münasibətlərdə heç bir problem olmayan iki ölkə idi və bütün bunlar Xəzər dialoqu çərçivəsində bəlkə də ilk dəfə əldə olunmuş razılıqlara nail olmağa kömək etdi”, - deyə, bildirən Kiselyov Prezident İlham Əliyevin bu işdə xidmətlərini xüsusilə vurğulayıb.
“Mən burada Azərbaycan Prezidenti, cənab İlham Əliyevin rolunu qeyd etmək istərdim. Onun belə bir keyfiyyəti var – sözünü tutmaq. Bizim zamanımızda hətta böyük dünya dövlətlərinin belə keyfiyyəti yoxdur, amma Prezident İlham Əliyev göstərir ki, çoxları ondan çox şey öyrənə bilər. Düşünürəm ki, elə bu prezidentlər Vladimir Putin və İlham Əliyev arasında dost və etibarlı münasibətlərin xarakterini müəyyənləşdirir. Onların hər ikisi bir-birinə bel bağlaya biləcəklərindən, qarşılıqlı anlaşma və götürülmüş öhdəliklərin icra ediləcəyindən xəbərdardılar. Prezident İlham Əliyevin möhkəmliyi mən deyərdim ki, Azərbaycanda sülhün qorunması üzrə strateji müdrikliyi ölkə və xalq üçün çox yaxşı perspektivlərə zəmanət verir”, - deyə, Dmitri Kiselyov bildirib.