İlham Əliyev: `Azərbaycana qarşı çirkin kampaniya aparılır`

İlham Əliyev: `Azərbaycana qarşı çirkin kampaniya aparılır`
  17 Mart 2015    Oxunub:3136
"Əfsuslar olsun ki, bu gün Türkiyə və Azərbaycana qarşı çirkin kampaniya aparılır. Bizim keçmişimizi qaralamaq, bizə şər-böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparırlar. Biz isə öz işimizlə buna cavab veririk".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib ki, bu gün Türkiyə və Azərbaycan kimi dünyada inkişaf edən ikinci ölkələr tapmaq çox çətindir: "Bütün böhranlara baxmayaraq, bu gün biz inkişaf edirik. Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulub. Biz tarixi həqiqət üzərində gələcəyimizi qururuq. Tarixi olduğu kimi gənc nəsillərə təqdim edirik. Bəzi başqa ölkələr kimi tarixi təhrif etmirik. Öz gələcəyimizi yalan, böhtan üzərində qurmuruq".

Dövlət başçısının sözlərinə görə, əfsuslar olsun ki, bu gün Türkiyə və Azərbaycana qarşı əsassız iddialar irəli sürən işğalçı Ermənistan dövləti yalan üzərində qurulub: "Onların tarixi də yalandır. Onların bizə qarşı irəli sürdüyü iddialar da əsassızdır. Tarix var, həqiqət var, tarixi sənədlər var. Onlar açıq sənədlərdir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Türkiyə-Azərbaycan birliyi bu gün dünya miqyasında artıq inkar edilməz faktordur. Türkiyə dünya birliyinin önəmli ölkəsidir. Azərbaycanın da imkanları artır".

***

"İlk növbədə, qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Bunu ifadə etmək istəyirəm. Xüsusilə, qədim türk torpağı olan Qarsda olmağımdan çox məmnunam. Qars qədim türk dünyasının tarixi yeridir və belə məktəbin məhz Qarsda açılması böyük məna daşıyır".

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "Bu məktəb mənim atam, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyır. Bu gün Qarsa, hava limanına enərkən ilk növbədə Heydər Əliyevin adını daşıyan parkı, onun abidəsini ziyarət etdim. Azərbaycan xalqının lideri Heydər Əliyevin xatirəsinə Türkiyədə, Qarsda olan hörmətə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm".

Prezident bildirib ki, Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük xidmətlər göstərmişdir: "O, daim çalışırdı ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı daha da möhkəm olsun. Onun məşhur kəlamı bizim hamımız üçün bir nümunədir. O demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Biz bu siyasətə sadiqik və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla son 11 il ərzində Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirmək üçün böyük səylər göstəririk. Biz bütün məsələlərdə bir yerdəyik. Siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıra bilmişik. Bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik".

Dövlət başçısı deyib ki, Türkiyənin artan gücü Azərbaycanı da gücləndirir: "Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər ərzində böyük yol keçmişdir. Bunu bu gün Qarsda görülən işlər də təsdiqləyir. Burada tikilən binalar, məktəblər, xəstəxana, sosial obyektlər Qarsın simasını dəyişib. Türkiyənin hər bir yerində inkişaf göz qabağındadır".

AzVision.az


Teqlər:  





Xəbər lenti