Milli Məclisdə daha bir cəza qaydaları sərtləşdirildi

Milli Məclisdə daha bir cəza qaydaları sərtləşdirildi
  14 May 2013    Oxunub:1256
Azərbaycanda toplantıların təşkili və keçirilməsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.
Bu, Milli Məclisin (MM) bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinə (İXM) edilən dəyişikliklər nəticəsində mümkün olub.

İXM-nin 298-ci maddəsinə edilən dəyişikliyə əsasən, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulmasına görə inzibati həbsin müddəti artırılıb. Belə ki, bu tədbirlərin keçirilməsinin qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə fiziki şəxslər 1500 manatdan 3000 manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və ya 2 ayadək (buna qədər 15 günədək nəzərdə tutulub) inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 3000 manatdan 6000 manatadək miqdarda, hüquqi şəxslər 15 min manatdan 30 min manatadək miqdarda cərimə edilir.

Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə 300 manatdan 600 manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 200 saatadək ictimai işlər və ya 2 ayadək (hazırda 15 günədək nəzərdə tutulub) inzibati həbs tətbiq olunur.

Millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, vətəndaşlar öz konstitusion hüquqlarından istifadə edir: “Dövlət də bunda maraqlı olmalıdır. Kimsə icazəsiz aksiyada iştirak edibsə, buna görə ona 2 ay inzibati həbs tətbiq etmək insanlarda qorxu yaratmağa yönəlib. Bu, ölkəmizin imici üçün də mənfi haldır. Buna yol vermək olmaz”.(apa)


Teqlər:  





Xəbər lenti