Haynts Fişer: Azərbaycan strateji müttəfiqimizdir

Haynts Fişer: Azərbaycan strateji müttəfiqimizdir
  14 May 2013    Oxunub:1221
Prezidentlər jurnalistlərin suallarını cavablandırıblar.
Azərbaycan və Avstriya prezidentlərinin geniş tərkibdə görüşündən sonra İlham Əliyev və Avstriya Prezidenti Haynts Fişer Vyanada birgə mətbuat konfransı keçiriblər.

Tədbiri açan Avstriya Ticarət Palatasının prezidenti Kristof Laytl Azərbaycanın inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevi təbrik edib:
“Bu gün Azərbaycanda çoxlu iri layihələr həyata keçirilir”, - deyən K.Laytl bildirdi ki, bu layihələr bir çox sahələri əhatə edir və Azərbaycanda əməkdaşlıq baxımından yaxşı potensial mövcuddur.

Avstriya Prezidenti Haynts Fişer bu biznes forumu ölkələrimiz arasında iqtisadi əməkdaşlığın göstəricisi kimi xarakterizə etdi. Qeyd etdi ki, Avstriya ilə Azərbaycan arasında iqtisadi əlaqələr genişlənir. Artıq Azərbaycan Avstriya şirkətləri üçün münbit bazara çevrilib.

2011-ci ilin oktyabr ayında respublikamıza rəsmi səfərini xatırladan Avstriya Prezidenti Haynts Fişer bu səfərin ölkələrimiz arasında əməkdaşlığa təkan verdiyini bildirib. Fişer qeyd edib ki, dostluq əlaqələrinin inkişafı Azərbaycan ilə Avstriya arasında bütün sahələrdə əməkdaşlığın inkişafına geniş imkanlar açıb.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın bir çox sahələri əhatə etdiyini deyən Haynts Fişer turizm, xidmət və bank sektorlarını konkret misallar kimi göstərdi. Qeyd etdi ki, 2011-ci ilin oktyabrında Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumundan sonra əməkdaşlıq xeyli genişlənmiş və iş adamlarının budəfəki görüşü iqtisadi əlaqələrimizin inkişafında mühüm addım olacaqdır. Bunu deməyə əsas verən ən mühüm amil isə ölkələrimizin yüksək siyasi əməkdaşlığa malik olmasıdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Haynts Fişer bildirib ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır. Avstriya Prezidenti iqtisadi əlaqələrimiz inkişaf etdiyini, Azərbaycanda Avstriya şirkətlərinin müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini bildirib. Haynts Fişer vurğulayıb ki, Azərbaycan ilə Avstriya arasında enerji sahəsində əməkdaşlığın böyük perspektivi var və səfər çərçivəsində bu məsələ diqqət mərkəzində olub.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti İlham Əliyev imzalanan birgə Bəyannamənin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyini deyib. Dövlətimizin başçısı qeyd edib ki, ölkələrimizin iqtisadi əməkdaşlığı uğurludur, ticarət dövriyyəsi artır. Hər iki ölkənin şirkətləri qarşılıqlı surətdə fəal əməkdaşlıq nümayiş etdirirlər. Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın vacibliyinə də toxunub və Trans-Anadolu qaz kəmərinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu kəmər Azərbaycan qazının Avropaya çatdırılmasına əlavə imkanlar yaradacaqdır.


Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Qeyd etdi ki, beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayır. Prezident İlham Əliyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları da status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər.

Prezident İlham Əliyev bir çox Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini və Azərbaycanın iqtisadi inkişafına töhfə verdiklərini qeyd etdi. “Memarlıq abidələrindən tutmuş hava limanına və Azərbaycanın rəmzlərindən biri olan Qız qalasının bərpasına qədər bir çox sahələrdə çalışan Avstriya şirkətləri sürətlə müasirləşən Azərbaycanın inkişafına töhfə verirlər”, - deyən Prezident İlham Əliyev ölkəmizin iqtisadi uğurları barədə məlumat verdi. Bildirdi ki, hazırda regionda ən böyük layihələri reallaşdıran Azərbaycan artıq öz peykini orbitə buraxmışdır. Qarşıda duran əsas məsələ isə iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdır.
Enerji sahəsində Avstriya ilə əməkdaşlığın uğurlu olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın enerji diplomatiyası əməkdaşlıq üzərində qurulmuşdur. Təsadüfi deyildir ki, Azərbaycan Xəzərin enerji resurslarını dünyaya açan ilk ölkə kimi tarixə düşmüşdür. Bu gün Azərbaycan neft-qaz kəmərləri sistemi ilə dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

“Avstriya şirkətləri bizim əsas tərəfdaşlarımızdır”, - deyən dövlətimizin başçısı biznes forumun işinə uğurlar arzuladı və bu ölkənin iş adamlarını Azərbaycana dəvət etdi.

Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırdılar.


Teqlər:  





Xəbər lenti