Kleopatra, araq içən azərbaycanlı və “Köpək qızı”... - Misir sərgüzəştləri

Kleopatra, araq içən azərbaycanlı və “Köpək qızı”... - Misir sərgüzəştləri
  13 Yanvar 2015    Oxunub:11137
Kleopatranın vətəni, Hüsnü Mübarəkin ölkəsi Misirə səfər edəsən, özü də dayverlərlə birgə…

Bəri başdan səfərin maraqlı olacağını bilirdim. Misirə yolumun ilk dəfə düşdüyünü nəzərə alsaq çox həyəcanlı idim. Orada məni nələrin gözlədiyindən xəbərsiz idim. Misirlə bağlı bilgilərim orta məktəbdəki tarix kitablarından və mətbuat səhifələrindən oxuduqlarımdan ibarət idi. Bu ərəb ölkəsi haqda nə qədər məlumat toplasam da orada olmaq, Misir piramidalarını canlı görmək uşaqlıq arzum idi. Amma Misirdə baş verən qanlı toqquşmalardan gözləri qorxan yaxınlarım ərəb torpaqlarına gedəcəyi eşidəndə bilmirdilər sevinsinlər, yaxud kədərlənsinlər. Lakin qərarlı idim.

...Danışdığımız vaxtda, gecənin bir yarısı 10 nəfərlik komanda (dayverlərlə) ilə görüşüb Gürcüstana doğru yola düşdük. Bakıdan ayrıldıqca yaxşı tanımadığım yollar, hər rayonumuzun özünə məxsus havası daha çox irəlilədiyimizdən xəbər verirdi. Tovuzun kəskin soyuğu da bizi qorxutmurdu.

Budur artıq Tiflisə çatmışıq, səhər yeməyi … və bizi Misirin Şarm-Əl Şeyx şəhərinə aparacaq təyyarənin uçuşa hazır olacağı vaxtı gözləyirik….

Hər şey tamamdır, hər kəs təyyarədə öz yerini tutub, ingilis dilində danışan gürcülər sərnişinlərə uğurlar diləyir… Ağ pambıq tarlalarını xatırladan buludlar üzərində və onlara yaxın uçmaq isə hardasa 3 saatdan çox çəkir…

Budur, yerə doğru enirik, Misirə sağ-salamat çatdığına sevinən sərnişinlərin alqış səsi məni yuxudan oyadır. Gözlərimə inana bilmirəm, artıq Bakıdan xeyli uzaqda –Misirdəyəm…

Həmişəki kimi bir saata yaxın sərhəddən keçmək üçün müxtəlif prosesduraları uğurla başa vurub, Şarm-Əl Şeyxdəki otellərdən birinə doğru üz tuturuq.



Komandanın rəhbəri, dayver-instruktur Andreyin “Niujeli mı priexali” deməsi hər kəsin hələ də Misirə çatdığımıza, yorucu yolun bitdiyinə inanmamasından xəbər verirdi.

Şarm-Əl Şeyxin ilk günü mənim üçün otelə yerləşdikdən sonra İtalyan mətbəxində etdiyimiz şam yeməyi ilə başladı. O səbəbdən yox ki, mən qarınquluyam, yemək mənim üçün birinci nüansdır. O səbəbdən ilk gün unudulmaz oldu ki, qətiyyən dadını, iyini bəyənmədiyim, dəniz məhsullarından ibarət “krivetka” supundan 5 qaşıq güc-bəla ilə yediyim. Düzünü desəm səfər boyunca bu supla tanışlığım birinci və axrıncı dəfə oldu. Allah versin kartof qızartmasına deyib, yanımdakı həm yerlimin özgə vaxtı bəyənmədiyim yeməyinə əl uzatdım. ...

Səfərin digər günlərində də diqqətimdən yayınmayan məqamlar oldu. ..
Dayverlərimiz Qırmızı dənizdə daldıqları zaman çimərlikdə dincəlirdim. Buna görə də maraqlı dəqiqələri qaçırmadım. Məsələn, bilək və ayaqlarına kimi qara paltara bürünmüş, ayağında çəkmə, başında şlyapa, gözündə eynək olan misirli qadının elə dediyim vəziyyətdə dənizə girib çimməsi və bunun normal olduğunu nümayişkaranə göstərməsi … Yox buna da şükür etdim, yaxşı ki, şuba ilə girib çinmədi…



Ən çox xoşlandığım məqamlardan biri isə italyanların və rusların həyatdan zövq almaq bacarıqları idi. Əbəs yerə “həyatdan zövq almaq bacarıqları” demədim. Emilyo və digər xalalar, dayılar əminəm ki, heç də imkanlı adamlar deyildilər. Sadəcə normal insan şüuru ilə ildə bir dəfə hansısa ölkədə, hardasa dincəlmək onların hüququ olduqlarını bilirdilər. Məhz il boyu işlədiklərinə hansısa mebel almaqdansa, nəfsinə güc gəlib “qonşu getdi, mən qaldım” prinsindən uzaq pozitivlik gətirən səyahəti, istirahəti nəzərdə tutan adamlar idilər... Onlarla tanış olub həmsöhbət olduq.



Və ən maraqlı məqamlardan biri də ilk dəfə suya daldığım gün idi. Sən qorxursan, amma suyun altını görmək marağın, iddian onların üstündən qırmızı bir xətt çəkir. Və sən suda səninlə birgə üzən qırmızı , qara və digər formada rəngdə balıqları, sualtı dünyanın az bir hissəsini hələ gördükcə elə düz edib çəkmişəm o xətti deyirsən. İlk dəfə dalanda həm psixoloji, həm də fiziki mənada hər tərəfli hərəkətdə olursan. Düzgün nəfəs almaq yadından çıxmamalıdır, qulaqlarını sıxan təzyiqi geri qaytarmalısan vəs. Və ən nəhayəti sualtı səltənəti seyr edirsən….



Dediyim kimi səyahət dayverlərlə birgə olduğundan qurudan çox dənizdə olanlar xatirəmdə qalıb. Qırmızı dənizdə hər gün səhərin o başından gəmi ilə üzüb müxtəlif yerlərə baş çəkirdik. “Ross Mohammad” adlanan milli parkda ,1942-ci ildə almanlar tərəfindən vurularaq suya qərq olmuş “Thistlegorm"adlanan gəmiyə dayverlərimizin baxması, fotolar və videolar çəkməsi ,onların təəssüratlarını eşitmək bir ayrı aləm idi.



Ancaq gün təkcə bundan ibarət olmurdu. Yadımda qalanlardan gəmidəki yaşlı İtalyan dostlar idi. Onlarla tanışlığım “please, foto” deməklə başladı. Anabella və Zanza Renatino cütlüyü Şarm- Əl Şeyxə dayver və sualtı fotoqraf olan, Misirdə yaşayan qızları Renatanı görmək üçün gəlmişdilər.



Onların və mənim ingilis dilində az bilməyimizə baxmayaraq, ünsiyyət sərhəd tanımır, deyib bir-birimizlə dil tapıb danışa bilirdik. Bəlkədə iki saata yaxın söhbətimiz zamanı İtalyadakı işsizlikdən, tutmuş Azərbaycanın harada yerləşməsinə kimi söhbət etdik. Ən çox təəssüf etdiyim məqam isə üstümdə xəritənin və bayrağımızın olmaması idi.

Ancaq Xəzər dənizi, Gürcüstan və Rusiya ilə sərhəd dedikdən sonra İtalyan xanım “yesss aceri” deyə bildi... Və söz verdi ki geri qayıdan kimi ölkəmiz haqqında məlumat əldə edəcək.

Bu qarşılaşdığım birinci məqam deyildi və yaxud da misirli dayver Miladın sualı isə mənim gözümü kəlləmə çıxardı. “Sizin ölkə harada yerləşir, necə bir ölkədir”, deməsi yox, artıq mənim üçün adi suallar idi bunlar, o sual ki, “sizdə də ərəb ölkələr kimi 4 arvad almağa icazə verilir”? Lənətə gələsən şeytan deyib, izah etdim ki qanun buna icazə vermir. ..



Qışdan çıxıb yaya düşmək, gün ərzində dalmalarla bərabər gəmidə maraqlı təamlar, yay “zaqarı” almaq bütün bunlar əla idi.



Müşahidə etdiyim maraqlı məqamlardan biri də o idi ki, turist şəhəri olan Şarm-Əl Şeyxdə demək olar ki, əksər misirli işləri getməkdən ötəri rus və ingilis dillərində sərbəst danışır.

Və elə bu bacarıqları ilə də yerli satıcılar bazarlarda turist gördülərsə, vəssalam əl çəkən deyillər. 5-üstünə 10 qoyub sənə nə isə aldıracaqdılar. Ancaq görünür daş qayaya rast gəlmişdi , azərbaycanlı qrupun üzvülərindən bir neçəsi onların qoyduqları qiyməti “öldürdükcə” kimə rast gəldiklərini yaxşı başa düşdülər. Dişi ətini çeynəyən satıcı qrupun xanım üzvünə“tı jadnaya” deməklə sakitləşdi.



Sakitləşməyən satıcılar da var idi. Onları maraqlandıran suallardan biri də qara dərili bəndənizin hansı millətdən olması idi. Artıq Şarm-Əl Şeyxdəki bazarda oldunmu bilirdim ki, bunu deyib çağıracaqlar “bizim misirli qız“ .



Şəhərdə heç vaxt yadımdan çıxmayacaq məqamlardan biri: Bir kişinin bazarlıq edərkən öz uşağını axtardığını gördüm. Uşağın yoxa çıxması məni də narahat etdi. Diqqətimi ona yönəltdim. Birdən kişinin uşağı tapması və Azərbaycan dilində “köpək qızı sənə demişəm məndən ayrılma...” - daha özünüz başa düşdünüz də yalnız bizim həmyerlimiz Misirdə də dillər əzbəri ifadələrimizdən “Köpək qızı”na sadiq qala bilərdi.



Sadiqlik tək onunla bitmir: axşam yeməyi zamanı qonşu masada əyləşən, tanımadığım iki həmyerlimin misirli ofisiantı nəyi var yerinə otuzdurması məsələn. Şarm-Əl Şeyxdə elə rstoranlar var ki, sən orada içki içə bilmərsən.

Misirli ofisiant stolun altından spirtli içkini badəsinə süzüb sağlıq deyən həmin həmyerlimizə yaxınlaşıb “burada içki içmək olmaz” deyəndə, “biz içki içmirik, bu sudur” deyib vəziyyətdən elə çıxdılar ki, ofisiant üzr istəyib geri qayıtdı.



Şəhərdə müsəlmanlarla bərabər xristianların olması səbəbindən orada provaslav və katolik kilsələri də var.



Bax, beləcə isti, turist şəhəri olan Şarm-Əl Şeyxdən yadımda qalanlar daha çox bunlar oldu.



PS: Heç unutmadığım, Bakıya döndükdən sonra məni düşündürən bir məqamı da xüsusi vurğulamaq istərdim. Nədənsə, Misirdə yenə tanımadığım, təsadüfən qarşılaşdığım bir azərbaycanlı özünü Azərbaycan vətəndaşı kimi deyil, Anqolalı kimi təqdim etdi. Bunun səbəbini isə hələ də öz-özlüyümdə tapa bilmirəm...

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti