Gürcü nazir ölkəmizdə səfərdədir

Gürcü nazir ölkəmizdə səfərdədir
  11 May 2013    Oxunub:1404
Gürcüstanın yeni təyin olunmuş idman və gənclərlə iş naziri Levan Kipiani bu gün Azərbaycana gəlib.
Bu barədə AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərin əsas məqsədi iki ölkə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq haqqında mövcud sazişlərin müddəalarının həyata keçirilməsi üzrə əlaqələrin indiki vəziyyətini, onların genişləndirilməsi və gücləndirilməsi perspektivini müzakirə etməkdir.

Səfər çərçivəsində qonağın şəhərimizin idman infrastrukturu ilə və gənclərlə iş sahəsində bir sıra layihələrlə tanış edilməsi nəzərdə tutulur. Nazir Levan Kipiani Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabınını ziyarət edəcək, Dövlət Bayrağı Meydanında olacaq, Azərbaycanın Gənclər və İdman Nazirliyində və Azərbaycanın Tələbə Gənclər Təşkilatları İttifaqında görüşlər keçirəcək.

Bundan başqa, qonağın Taekvondo idman mərkəzi ilə tanışlığı və "İdeya" kampaniyası çərçivəsində "Yer kürəsi uşaqların gözü ilə" adlı uşaqların beynəlxalq fotomüsabiqəsinin yekun tədbirində iştirakı nəzərdə tutulub.

Levan Kipianinin ölkəmizə səfəri mayın 13-dək davam edəcək.


Teqlər:  





Xəbər lenti