Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq sərgi açılacaq

Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq sərgi açılacaq
  10 May 2013    Oxunub:1177
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində mayın 12-dən 14-dək Bakıda "Yer kürəsi uşaqların gözü ilə" devizi altında gənclərin birinci Beynəlxalq foto festivalı və sərgisi keçiriləcək.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festival və sərginin təşkilatçıları İDEA Kampaniyası və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır.

Festivalın təşkilat komitəsindən bildiriblər ki, bu mühüm tədbirin keçirilməsindən məqsəd ətraf mühit problemlərinə gənc fotoqrafların münasibətini göstərməkdir. Bu tədbir müsabiqədə ən yaxşı 100 fotoşəklin seçilməsi şansı yaradacaqdır.

Festival çərçivəsində "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" devizləri altında keçiriləcək müsabiqə dünyanın 90 ölkəsindən minlərlə gəncin diqqətini cəlb edəcəkdir. Bu fotomüsabiqə sosial və ətraf mühit məsələləri ilə bağlı şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur.

Gənclərin birinci Beynəlxalq foto festivalı və sərgisində müsabiqənin qalibləri Bakıda təşkil olunacaq bir sıra tədbir və seminarlarda öz bacarıqlarını daha da inkişaf etdirmək üçün böyük imkanlar əldə edəcəklər. Foto sənətinin canlı təntənəsi olan və ətraf mühitin mühafizəsi istiqamətində vacib addım sayılan bu tədbir çərçivəsində açıq havada sərgi, slayd-təqdimatlar, seminarlar və mükafatlandırma mərasimi təşkil ediləcəkdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi və ənənəvi Gül bayramı ərəfəsinə təsadüf edən bu Beynəlxalq Festivala Bakının ev sahibliyi etməsi gənc istedadların qədim mədəniyyətin, möhtəşəm arxitekturanın və bayramların gözəlliklərini fotoaparatın yaddaşına köçürmələri üçün yaxşı imkan yaradacaqdır.

Qeyd edək ki, beynəlxalq münsiflər heyəti 100 ən yaxşı və 6 qalib şəkil seçəcəklər. Dünya şöhrətli fotoqraf Reza Deqatinin sədrlik etdiyi münsiflər heyətinə "Reuters"in foto üzrə vitse-prezidenti Ayperi Ecer, "Polka" jurnalının təsisçisi Alen Genestra, "National Geographic"in fotoqrafı Kris Reyner, "Kanope" jurnalının təsisçisi Fransua Lemarkand, "Fox International"in icraçı direktoru Fredrik Şevans, "National Geographic"in böyük redaktoru Silvie Brieu, jurnalist Marko Pinna, "Photocloser.com" saytının təsisçisi Frank Meo, fotoqraf Şahidul Alam və "Associated Press"in vitse-prezidenti Santiyaqo Lyon daxildirlər.

Münsiflər birinci, ikinci və üçüncü yerlərlə yanaşı, ictimai səsvermə yolu ilə həyata keçirilən "Sənin seçimin" nominasiyası üzrə də qalibləri müəyyənləşdirəcəklər.

Beynəlxalq fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim edilmişdir. Onlardan yalnız yüzü yaxşılar kimi festivalda və sərgidə nümayiş olunacaqdır. Müsabiqənin altı qalibinə mükafatlar, o cümlədən kamera avadanlığı təqdim ediləcəkdir. Onlar, həmçinin dünyada məşhur fotoqraf Rezanın fotoseminarında iştirak etmək imkanı əldə edəcəklər.

Xatırladaq ki, keçən ilin yayında Bakıda "Yer kürəsi uşaqların gözü ilə" adlı gənclərin Beynəlxalq fotomüsabiqəsi keçirilmişdi. Həmin müsabiqədə birinci yerə Rusiyadan olan 8 yaşlı Anastasiya Vorobko layiq görülmüşdü. İkinci yerə 14 yaşlı ispan Xuan Karlos Kanales sahib olmuşdur. Üçüncü yerləri 14 yaşlı rumıniyalı Bianka Stan və 10 yaşlı indoneziyalı Maykl Teodriçdir qazanmışdılar. Müsabiqənin xüsusi mükafatını 14 yaşlı fransalı Sofiye Vela almışdı. Bunlarla yanaşı, internet səsverməsinə görə "Sənin seçimin" nominasiyasında 17 yaşlı rusiyalı iştirakçı Kseniya Saberzanova xüsusi mükafatın sahibi olub.


Teqlər:  





Xəbər lenti