Fazil Mustafa mətbuata çağırış etdi

Fazil Mustafa mətbuata çağırış etdi
  09 May 2013    Oxunub:1340
Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa Nuru Paşayla bağlı mətbuata çağırış edib.
AzVision.az həmin çağırışı təqdim edir:

“YENƏ DƏ NURU PAŞA...”

“Bildiyiniz kimi bu il may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyətinin elan olunmasının 95 illiyi gəlir. Bu tarixdə həm də Azərbaycanın xilaskarı Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 95 illiyidir. Azərbaycanın müstəqillik tarixini Qafqaz İslam Ordusunun qəhrəmanlıq tarixindən ayrıca qeyd etmək mənəvi bir yanlışlıq sayıla bilər. Prezidentə göndərdiyimiz müracətə hələ ki, cavab verilməyib. Buna baxmayaraq cəmiyyət olaraq, millət olaraq öz qəhrəmanımıza sahib çıxmaq iradəsini davam etdirməliyik. Odur ki, bütün media quruluşlarına, sayt rəhbərlərinə, səlahiyyəti olan və ya olmayan qələm əhlinə, sosial şəbəkədə aktiv olan insanlara, hətta bizə xoş münasibəti olmayan iqtidarlı, müxalifətli bütün vətəndaşlara müraciət edirəm. Gəlin may ayının 20-28-i tarixlərini bütün Azərbaycanda "NURU PAŞA HƏFTƏSİ" olaraq qeyd edək. Bu həftə müddətində bu milli qəhrəmanımızla, eləcə də Qafqaz İslam Ordusunun qəhrəmanlığı ilə bağlı maraqlı nə varsa dərc edək, paylaşaq, müzakirələr açaq, çəkilmiş filmlərin bütün mümkün elektron informasiya vasitələrində nümayişini gerçəkləşdirək, tarixi fotoları və rəsm əsərlərini səhifələrimizdə yerləşdirək, orta və ali məktəblərdə müəllimlər könüllü şəkildə dərs saatlarında tarixin bu dövrünü doğru-dürüst övladlarımıza çatdırsın.

Öncə bu yazılara görə xüsusi mükafat təsis etmək düşünülsə də, sonra bir səbəbdən bunu gerçəkləşdirmək istəmədik. Nuru Paşa öz əsgərləri ilə millətimizi və vətənimizi təmənnasız xilas etmiş, bizim də onun ruhu qarşısında borcumuzu yerinə yetirməmiz təmənnasız olmalıdır.

"NURU PAŞANI TANIYAQ VƏ HALALLIQ ALAQ!" KAMPANİYASI bir mənəvi hərəkat olaraq uzun sürə davam edəcək. Əminəm ki, Nuru Paşa obrazını içində yaşadan Azərbaycan gənci bu ölkəni düşməndən təmizləmənin yolunu mütləq tapaçaqdır. Ən çıxılmaz durumda belə, bu nümunə insanımıza fərqli bir duyğu aşılayacaqdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti