ABŞ-ın Konnektikut Ştatı Xocalını tanıdı
Azərbaycanın ABŞ-dakı Səfirliyindən AzVision.az-a verilən məlumata görə, tədbir zamanı Konnektikut ştatı Senatında çoxluq liderinin müavini senator Endryu Meynard (Andrew Maynard) və Nümayəndələr Palatası spikeri müavini Kevin Rayan (Kevin Ryan) Xocalı qətliamının anılması və tanınması haqqında onların təşəbbüsü ilə Konektikut Ştatının Baş Məclisi tərəfindən qəbul olunmuş sənədi tədbirdə iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbova təqdim edib.
Çıxış edən M.Talıbov Konektikut ştatı Baş Məclisinin nümayəndələrinə Azərbaycan xalqı tarixinin bu ağrı dolu səhifəsinə diqqət yetirilməsi üçün təşəkkürünü bildirərək,8 mayın qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin mərkəzlərindən olan Şuşa şəhərinin işğalı günü olduğunu və Azərbaycan Respublikasının 20% ərazisinin 21 ildir ki, Ermənistan Respublikası hərbi qüvvələrinin işğalı altında olduğunu qeyd edib.
Bu kontekstdə, M.Talıbov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında tezliklə həll edilməsində ABŞ-ın daha fəal olmasının zəruri olduğunu bildirib.
AzVision.az