İlham Əliyev Həzi Aslanovun abidəsini ziyarət edib

İlham Əliyev Həzi Aslanovun abidəsini ziyarət edib
  09 May 2013    Oxunub:1355
Bu gün Bakıda təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Burada fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev 9 May – Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin qarşısına əklil qoyub, Böyük Vətən Müharibəsində dünyasını dəyişmiş insanların xatirəsini yad ediblər. Daha sonra dövlət başçısı müharibə veteranları ilə görüşüb, onların xatirələrini dinləyib, problemləri ilə maraqlanıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Respublika Veteranlar Şurasının sədri Əlövsət Baxışova "Şöhrət" ordenini təqdim edib. Azərbaycan Prezidenti 2013-cü il martın 1-də ölkəmizin ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Əlövsət Baxışovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlətimizin başçısı müharibə veteranlarını səmimiyyətlə salamlayıb, onların hər birini Qələbə bayramı münasibətilə təbrik edib.

Azərbaycan Prezidenti 1941-1945-ci illərin ağır və çətin sınaqlarından keçmiş veteranlara yaxınlaşaraq, onların problemləri, qayğıları ilə maraqlandı. Veteranlar ümummilli liderimiz Heydər Əliyevin onlara göstərdiyi diqqət və qayğını xatırladaraq, onun siyasi xəttini davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Onlar ölkəmizin hərtərəfli inkişaf etdirilməsi üçün çalışan dövlətimizin başçısını bundan sonra da dəstəkləyəcəklərini vurğuladılar.

Ali Baş Komandan, Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad etdi.

Dövlətimizin başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçdi.

Prezident İlham Əliyev mərasimdə iştirak edən Rusiya Dövlət Dumasından olan deputatlardan ibarət nümayəndə heyəti ilə görüşdü.

Dövlətimizin başçısı tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə də görüşdü, onları Qələbə Günü münasibətilə təbrik etdi.

Qeyd edək ki, mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

AzVision.az




Teqlər:  





Xəbər lenti