Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı
  08 May 2013    Oxunub:1915
“Biz xaos və ölüm gətirən belə müdaxilələri qətiyyətlə pisləyirik”.
Qafqaz Müsəlmanları İdarəsi Suriyada baş verən hadisələrlə bağlı bəyanat yayıb.

QMİ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bəyanatda deyilir:

"Bölgə müsəlmanlarının dini mərkəzi olaraq son günlər ərzində Suriyanın suverenliyinə qarşı İsrail tərəfindən həyata keçirilmiş hərbi həmlələrdən, həmçinin, bu ölkədə radikal qüvvələr tərəfindən dinimizin mənəvi dəyərlərinə qarşı törədilmiş vandalizm aktlarından dərin narahatlığımızı bildirir və bu kimi hallara etiraz edərək qətiyyətlə pisləyirik.

Suriyada beynəxalq hüquqa zidd hadisələrin cərəyan etməsi bizi narahat etməyə bilməz. Belə ki, hər hansı suveren dövlətin ərazisinin bombalanması, məramından asılı olmayaraq, silahlı müdaxilə və təcavüzdür. Biz, din xadimləri, Suriya dövlətinin taleyinin Suriya xalqı tərəfindən həll olunmasını doğru sayaraq, dövlət və din xadimlərinin birgə səyləri, siyasi, ictimai xadimlərin, iqtidar və müxalif qüvvələrin ortaq məxrəcə gəlmələri sayəsində ölkədə sabitliyin bərqərar olacağı qənaətindəyik. Ümidvarıq ki, dünya birliyi bu hadisəni lazımınca qiymətləndirərək öz münasibətini bildirəcək."

Sənəddə bildirilir ki, biz ümumən dövlətlərin daxili işlərinə müdaxilələri, bu və ya digər strateji maraqlar naminə məkanlara nüfuz edilməsini, dini ideyaların siyasi mübarizə və millətlərarası münaqişələr üçün istifadə olunmasını yolverilməz sayırıq. Hərbi əməliyyatlar, suveren dövlətlərə müdaxilələr vətəndaş müharibələrinə rəvac verərək, dünyadakı vəziyyəti daha artıq dərəcədə səbatsız edir, məbədlər dağıdılır, çoxəsrlik irs məhv edilir, müxtəlif din və məzhəb ardıcılları arasında nifaq toxumu səpilir. Biz xaos və ölüm gətirən belə müdaxilələri qətiyyətlə pisləyirik.

Suriyada müqəddəs məzarlıqlara qarşı vandalizm faktları, İslam yolunda şəhid olmuşların müqəddəs qəbirlərinin açılaraq təhqir olunması müqəddəs dinimizə görə küfr və günahdır. İnsanlığa zidd belə əməlləri törədən münafiqlər Allah dərgahında öz layiqli cəzalarını alacaqlar. Dinlər və məzhəblər arasında qarşıdurma yaradanlar dünyanın bütün imanlı insanları tərəfindən qınaq hədəfinə çevrilməlidirlər. Biz, din xadimləri Quranın yandırılmasını, müqəddəslərin qəbirlərinin təhqirini ekstremizm və terrorizmin təzahürləri hesab edirik.

Bəyanatda vurğulanır: "Hər zaman müxtəlif mötəbər kürsülərdən israrla vurgulayırıq ki, bütün səmavi dinlərin ardıcılları üçün müqəddəslik kəsb edən atributlara qarşılıqlı ehtiram nümayiş etdirilməlidir. Bu vacib məqam Dünya dini liderlərinin Bakı Sammitinin (2010) və MDB Müsəlmanlarının Bakı Konfransının (2013) Yekun sənədlərində də öz əksini bariz şəkildə tapıb. Ümumbəşəri faciələrə yol aça biləcək bu kimi hadisələrin təkrarlanmaması üçün Qafqaz Müsəlmanları İdarəsi olaraq daim mövqeyimizi bildirmişik və dinimizin sülh və ədalət, insan ləyaqətinin qorunması kimi yüksək məramlara sadiqliyini tərənnüm etməyə bundan sonra da səy göstərəcəyik."




Teqlər:  





Xəbər lenti