2014-cü ildə çəkilən Azərbaycan filmləri - VİDEO

 2014-cü ildə çəkilən Azərbaycan filmləri - VİDEO
  08 Dekabr 2014    Oxunub:4717
Yekunlaşmaqda olan 2014-ci ilin Azərbaycan kinematoqrafı üçün uğursuz keçdiyini deyə bilmərik. Ola bilsin ki, çoxunuz Kann, Venesiya, Tokio kimi beynəlxalq film festivallarında nümayiş olunan, mükafatlar qazanan bu ekran işlərindən xəbərsizsiniz. Bu il ölkədə istehsalata buraxılan maraqlı filmlərin toplusunu təqdim edirik:
"Axınla aşağı"

"Axınla aşağı" psixoloji ailə dramıdır. "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Axınla aşağı" bədii filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiyadır. Quruluşçu rejissoru Asif Rüstəmov, operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andjevska və Teymur Məmmədov ifa edirlər.

"Axınla aşağı" bu il dünyanın ən böyük kinoforumlarından olan Karlovı Varı Beynəlxalq Film Festivalında iştirak edib.



"Nabat">

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında çəkilən "Nabat" filmi Qarabağ müharibəsindən bəhs edir.

Ekran əsərinin baş qəhrəmanı Nabat Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. Nabat isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.

Tammetrajlı bədii filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Film 2014-cü ildə bir çox beynəlxalq kinofestivallarda, o cümlədən Venesiya kinofestilında Azərbaycanı uğurla təmsil edib, Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının ən məşhur və nüfuzlu mükafatı olan "Oskar"a təqdim olunub.



"Qafqaz"

"Mozart media group" tərəfindən istehsal edilmiş "Qafqaz" qısametrajlı filminin ssenari müəllifi və rejissoru Orxan Mərdandır. Qarabağ müharibəsindən illər sonra Rusiyada yaşayan iki nəfərin söhbətindən bəhs edən filmin baş rollarında Rasim Cəfər və Anar Həşimzadə çəkilib. Filmdə erməni vəhşiliyi təxminən 6 dəqiqə ərzində tam çılpaqlığı ilə nümayiş olunur. Filmin digər işarəsi isə hələ də əcnəbi ölkələrdə olan azərbaycanlıların ermənilərlə dostluq etməsindədir.



"Sonuncu"

Sonuncu - İkinci Dünya müharibəsində iştirak edənlərdən Yer kürəsində günümüzə qədər sağ qalan sonuncu veteran haqqında fəlsəfi məsəl səciyyəvi filmdir. Qoca hər kəsi itirmişdi. Dostlarını, həyat yoldaşını, övladlarını... Ancaq o tənha deyildi. Dəhlizdə köhnə buzdolabı səs salırdı. Sonuncu dəfə insanlarla nə vaxt ünsiyyətdə olduğu qocanın heç yadında deyildi. Bir gün o yenə də yuxudan oyanarkən verandaya getdi. Ancaq buzdolabı artıq canını tapşırmışdı.

"Sonuncu" qısametrajlı bədii filmi "Buta Films" şirkətinin və "Azərbaycanfilm" Kinostudiyasının birgə istehsalıdır. Quruluşçu rejissor Serqey Pikalov, quruluşçu operatoru Denis Madışevdir. Ekran əsərində veteran rolunu aktyor İdris Rüstəmov, gənc qonşu rolunu isə aktyor Corc Qafarov oynamışlar. "Sonuncu" 67-ci Kann Kinofestivalının əsas proqramında nümayiş etdirilən 9 filmdən biridir.



"Torn"

Elmar İmanovun və Engin Kundağın birgə işi olan "Torn" filmi iki dünya haqqında qısametrajlı filmdir. Bugünki Bakının fonunda ata ilə oğulun həyatından bir epizod təqdim olunur. Oğlan uşağı həyətə yaşıdları ilə futbol oynamağa düşür, kişi isə evin damına qadınla görüşməyə çıxır. Onlar münasibətlərinin düyününü necə çözəcəklər? Bir yerdə, amma ayrı yaşayan adamlar necədirlər? filmin əsas problematikası bu sualar ətrafındadır.
"Torn" filmi Azərbaycan şirkəti Fil Production tərəfindən alman şirkəti Color of May-la birgə ötən il çəkilib. Filmdə Mirmövsüm Mirzəzadə, Zülfiyyə Qurbanova və Rasim Cəfər çəkilib. Filmdə Filmin sponsoru Azərbaycan Vergilər Nazirliyidir.

"Torn" 67-ci Kann festivalının "Rejissor həftəliyi" proqramına daxil edilmişdi.



"Mən evə qayıdıram"

"Salnamə" kinostudiyasında istehsal edilən filmin rejissoru Samir Kərimoğludur. Ekran əsəri 1990-cı illərdə rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. Film hərbi vətənpərvərlik mövzusunda, real hadisələr əsasında çəkilib. 85 dəqiqəlik ekran əsərində ilk dəfə Azərbaycan hərbi hava qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin səmada düşmən texnikası ilə mübarizəsi əks olunub. Çəkilişləri Quba, Sitalçay, Kürdəmir, Xızıda aparılan filmdə xalq artistləri Yaşar Nuri, Fuad Poladov, aktyorlar Emil Bədəlov, Murad Abdullayev, Kamran Ağabalayev, Yaqub Hüseynov, Vladimir Yakovlev, Katerina Fedorova, Anna Kostenko çəkiliblər. Film real faktlar əsasında ekranlaşdırılıb.



"Ümid"

"Art Film Pictures" studiyası tərəfindən ekranlaşdırılan film qaçqın və məcburi köçkünlərin həyatından bəhs edir. Filmin quruluşçu rejissoru Emil Quliyev, quruluşçu operatoru Elman Əliyev, prodüseri isə Bəhram Bağırzadədir. Rollarda Svetlana Hakimova, Qorqud Cəfərli, Natali Borsitski, Bəhram Bağırzadə və Tural Əhməd çəkiliblər.



"Qara"

Azərbaycanlı rejissor Novruz Hikmətin "Qara" ("Black") filmi Azərbaycan və Ukraynanın birgə layihəsidir. Çəkilişlər Bakıda və Kiyevdə aparılıb. Bütün rollarda qeyri-peşəkar aktyorlar çəkilib. Film kriminal qurumlarla əlaqələri olan gəncin qəribə taleyindən bəhs edir. Ssenari müəllifləri Novruz Hikmət və Samirə Nəcəf, operator Seymur Seyidbəylidir. Baş rollarda Sərxan Məmmədov və Sabir Kərimov oynayır.

"Qara" 2014-cü ildə Çexiyanın Brno şəhərində keçirilən "Brno16" beynəlxalq qısametrajlı kino festivalının müsabiqə proqramında iştirak edib.



Buro 24/7.az




Teqlər:  





Xəbər lenti