Amnistiya aktı qəbul olundu
Mehriban xanım Əliyeva hazırda bununla bağlı çıxış edib.
O, deyib ki, böyük siyasətçi Heydər Əliyev Azərbaycan xalqının qəlbində yaşayıb və daim yaşayacaq: “Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və iradəyə malik insan idi. O, azərbaycançılıq və dövlətçilik istiqamətində böyük işlərlə yadda qalıb. Heydər Əliyev eyni zamanda çox mərhəmətli və humanist insan idi. O adi insanlarla münasibətdə çox səmimi və sadə idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında ədalətsizlik, satqınlıq və xəyanətlə üzləşmişdi. Elə bu salonda onun vaxtilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdi. Lakin o, 1993-cü ildə Azərbaycan prezidenti seçilərək bu adamların böyük əksəriyyətini bağışladı. Bu, Heydər Əliyevin bağışlamaq qabiliyyəti idi. Bu gün müzakirə olunan Amnistiya Aktı da əslində bağışlamaq deməkdir”.
M. Əliyeva deyib ki, Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı belə bir qanunun qəbul edilməsi böyük rəmzi xarakter daşıyır: “İnanıram ki, bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür”.(apa)
Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni Amnistiya aktının qəbul olunması ilə bağlı Parlamentə müraciət edib.
Amnistiya aktının təxminən 9 min şəxsə şamil ediləcəyi gözlənilir.
Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatan kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud I və ya II qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər.
Amnistiya Aktının həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara tətbiq edilməsi və bu kateqoriya şəxslərin cəzadan azad olunmaları təklif edilir. Layihəyə əsasən, Amnistiya Aktı təqribən 9 min şəxsə şamil oluna bilər. Bu akt əsasında 2 mindən artıq məhkumun azadlığa buraxılması gözlənilir.
Amnistiya Aktı 114 səslə qəbul edilib.