`Mən 15 il Səmədə dözmüşəm` - Sevda Əliqızı

`Mən 15 il Səmədə dözmüşəm` - Sevda Əliqızı
  24 Noyabr 2014    Oxunub:3614
Şou-biznesin populyar və sevilən cütlüyü olan, 15 ildir bir yerdə duet oxuyan Səməd Səmədov və Sevda Əliqızı cütlüyü yollarını ayırıb.
AzVision.az xəbər verir ki, məlumatı Sevda Əliqızı təsdiqləyib. Ayrılığa səbəb isə Səməd Səmədovdan gəlib. Belə ki, S.Səmədov Sevda Əliqızı qocaldığı üçün onunla duet oxumaq istəmədiyini deyibmiş.

S.Əliqızının sözlərinə görə, S.Səmədov bu xəbəri ona öz prodüseri vasitəsilə göndərib: “Ən son Məhərrəmlik girməzdən 1 gün öncə toydan mehriban sağollaşıb ayrılmışıq. Bir neçə gün sonra Səmədin prodüserindən mənə zəng gəldi. Dedi ki, Səməd müəllim deyir ki, mən ansambla yeni müğənni götürürəm. Sevdaya isə hər toydan sadəcə 100 manat verə bilərəm. O artıq qocalıb. Mən onunla oxuya bilmərəm. Mən isə əlbəttə ki, bir anlıq dondum qaldım və bununla razılaşmadım təbii ki”.

S.Əliqızı deyir ki, prodüserə inanmayıb S.Səmədova zəng edib: “Səmədə zəng etdim. Həmişə zəngimi açan Səməd bu dəfə telefona cavab vermədi. Bundan sonra yoldaşına zəng etdim və olanı dedim. Söylədim ki, 15 ildir bir yerdə olmuşuq. Zəhmət çəkmişik, çörək kəsmişik bunun müqabilində insana bu sözü, xüsusilə də, xanıma bu sözü deyərlərmi? Oxumaq istəmirdisə bunu mənə normal şəkildə deyə bilərdi. Xanımı da təəcübləndi. Lakin o gündən sonra onlardan heç bir səs-soraq gəlmədi”.

S.Əliqızı əlavə edib ki, üzdə mülayim və insansevər olan S.Səmədovdan onsuzda özü tezliklə yollarını ayırmaq istəyirmiş: “Çünki bu insan 15 ildə mənim reperturaımı, sağlamlığımı heç etdi. Mən nə zamansa tək efirə çıxırdımsa qısqanclıq edər və deyirdi ki, yox biz birlikdə çıxmalıyıq. Bu insanın içində mənə qarşı paxıllıq olduğunu sezmişdim. O heç də üzdəki kimi mülayim deyil. Ansambılla məşqlər edən zaman onun etdiyi o kobudluğu görsəniz inanın heç ora ayaq basmazdınız. Ancaq mən bu 15 ildə bunlara dözdüm və qarşılığında ondan da bu hörməti gördüm. Qocalmağa gəlincə isə mən bildiyimə görə, Səməd 70 yaşa çatıb. Yəqin, o öz yaşı ilə mənim yaşımı səhv salıb. Onu demək istəyirəm ki, cürbəcür qocalıqlar olur. İnsan var qocalanda müdrikləşir, insan da var başı gedir. Çox təəssüf Səmədə müdriklik qismət olmadı”.

Qeyd edək ki, S.Əliqızı artıq sənətinə solo fəaliyyətlə davam edəcək.

Mirvari Nəcəf
AzVision.az



Teqlər:  





Xəbər lenti