Şeytan necə yaradıldı – ELMİ YANAŞMA

Şeytan necə yaradıldı – ELMİ YANAŞMA
  21 Oktyabr 2014    Oxunub:29232
Yalçın İslamzadə
AzVision.az üçün

Yaradılışçı dünyagörüşünə görə, yaradılışdan əvvəl mütləq mənada heç nə yox idi. Bu, əslində məcburi başlanğıc nöqtəsidir, çünkü yaradılış “hər şey”-in yaradılmasıdır, yaradılışdan əvvəl nəyinsə var olmuş olması, yaradanın mütləqliyini şübhə altına alar.

Yaradılış planının ilk, “intro” qismi bitdikdən, bu dünya sınaq meydanı olaraq funksiyasını tamamladıqdan sonra əbədiyyət mərhələsi gəlir ki, burada da əbədiyyən cəhənnəmdə yanacaq və cənnətdə həyatını yaşayacaq insanlar mövcud olacaqlar. Qısaca, heçnəlikdən əbədiyyən cəza və mükafat almış insanlar yaradılır.

Aradakı fərqi yaradan nədir? Necə olur ki bu qədər çox insan doğru seçim edə bilmir? “Hardware-software” analogiyasına müraciət etsək, bu qədər fərqli komputer markası “Windows” və “Unix” işlətmə sistemləri ilə uyumlu olduğu halda, niyə çoxsayda insanın təbiəti dini təlimlərlə uyumlu deyil? Üstəlik, insanı yaradan və dini göndərən eyni mərkəzdir.

Bir insanın cənnət əvəzinə cəhənnəmə düşməsini müəyyən edən determinant nədir? Bunun “ağıl” və ya “azad iradə” olduğu deyilir. O zaman azad iradənin və ya ağlın qaynağı nədir? Niyə bir insan digərindən daha ağıllı və ya iradəli ola bilir? Əgər bu determinantın gücünü və ya dərəcəsini yaradan özü müəyyən edibsə o zaman insanların azad seçim etdikləri, buna görə cəzalandırılmalı olduqları fikri özünü doğrultmur.

Əgər bu determinant bir şəkildə avtonom varlığa sahibdirsə (yaradılışdan əvvəl heç nə olmayıbsa bu mümkün görünmür), birinə çox, digərinə az pay düşürsə, onun qeyri-bərabər paylanmasını nə müəyyən edir? Yaradanın iradəsindən, yaratmasından kənar heç nə ola bilməyəcəyinə görə, insanı az ağıllı olmasına görə necə məsul tutmaq olar? Əgər azad iradəni və ya ağlı tanrı verməyibsə, bunun miqdarından şəxs özü məsuldursa, ağıldan daha çox pay götürməyə imkan verən insane məxsus xüsusiyyət nədir? Belə çıxır ki yetərli azad iradəyə sahib olmaq üçün, lazımi miqdarda iradə seçə biləcək başqa insan xüsusiyyəti mövcuddur.

Bu ssenaridəki çətinlik iki yolla həll edilməyə çalışılır: Şeytanın icadı və şübhənin yox, inanmanın vacibliyi vurğulanaraq. Bilməyə çalışmadan, yanılmadan, müzakirə edib sınamadan inanma isə hər zaman problemlidir. İnanma məntiqi bəzi xalqların mifologiyasındakı şans çiçəyinə dair bir mifi xatırladır: şans çiçəyi ona sahib olanı gözəgörünməz edə bilər, ancaq bu çiçəyin təsadüfən tapılması lazımdır, məqsədi onu tapmaq olan insan bu çiçəyi heç vaxt tapmayacaq. Tapmadıqda isə səbəb kimi tapma niyyəti göstəriləcək. İnsanın tamamiylə çiçəyi tapmaq arzusunu tərk etdikdən sonra hələ də onu axtarmaq istəməsi isə qeyri-mümkündür.

İnanmaq üçün ağlın və şübhənin tərk edilməsi istənir. Ancaq ağıl və şübhə olmazsa, inanılacaq doqmanı necə seçmək olar? Seçmək üçün bir kriteriya yoxdursa, bütün inanclar eyni seçilmə hüququna sahibdirlər. Dünyada 4200 dinin olmasının səbəbi budur. Bir dindən olanın digər inancları “ağlasığmaz” qəbul etməsi bu halda normal qəbul edilməlidir. Belə çıxır ki eyni materialdan yaranmış insanlar 4199 dinin doğru olmadığını düşünür ki, hər hansı bir dinin doğru olmadığını düşünən çox sayda insan vardır. Bu isə universal dini insan təbiəti və bu təbiətə uyğun tək doğru din anlayışının olmadığını göstərir.

Ağlın imana götürməsi deterministik deyil, Orta Əsrlərdə xrsitiyan sxolastiklərinin ağılla imanın eyni həqiqətə götürdüyünü göstərməyə çalışmaları nəticəsiz qalmış və bunların tam olaraq ayrılması prosesinin əsasını qoymuşdu. Elmi inqilab doqmalara şübhə etməklə başladı. Kopernik, Kepler, Qaliley və Nyuton inancın köhnə doqmalarını kənara qoyduqları, “təbiətdən soruşduqları” üçün elmi inqilab mümkün oldu. İnsanın əsassız eqoizmindən qaynaqlanan əbədi həyat arzusu onu qorxudan və arzudan qaynaqlanan dünyagörüşləri yaratmağa sövq edib, insan obyektiv reallığı bu dünyagörüşünə görə deformasiya edib.

Şeytan, lap əvvəldən yaradılış planının içində deyildi, bu anlayış sonradan indi hegemon olan yaradılış açıqlamasına daxil edildi: “Qədim perslərin bu dualizmi (xeyir-şər) Xristian teologiyasının inkişafında əhəmiyyətli təsirə sahibdir. Xristianlığın musəvilikdən aldığı Şeytan fikrinin perslərin Əhrimən fikrindən yaranması ehtimalı böyükdür, ən azından əsas xüsusiyyətlərini oradan götürüb. Musəvilərin Babil əsarətindən əvvəl “bütün şərin yaradıcısı olan Şeytan” anlayışları yox idi. Tövratda, eyniylə “İliada”-dakı Zevs kimi Yehovanın pisi və yaxşını öz əlləri ilə ayırdığı yazılıb. Bütün pisliklərin səbəbi olan Şeytan fikri musəvilərin pers fikirləri ilə təmasa keçməsindən sonra yazılan kitablarda ortaya çıxır” (John Fiske, “Miflər və mif yaradanlar”).

Qorxu hissi və insanlara bəla gətirə biləcək təbiət qüvvələri anlayışının qədim tarixi olsa da, bu qüvvələr insandan xaricdə qərarlaşmış qüvvələr - əsasən dağıdıcı təbiət güclərinin insanlaşdırılmış formaları - idi və onları qurban və mərasimlərlə, sehrlə neytrallaşdırmaq mümkün idi. Əgər bir brahman qurban mərasimini qüsursuz icra etmişsə, Tanrı qurbanı qəbul etməyə məcbur idi. İnstitutlaşmış, 24 saat məqsədyönlü şəkildə insanı günaha sövq edən və fəaliyyət sahəsinə daxil olan günah anlayışının olduqca geniş tutulduğu Şeytan anlayışı monoteist dinlərin icadıdır. Üstəlik, insanı günaha sövq edən bioloji (şəhvət və acgözlük kimi) və psixoloji güclər (qürur və paxıllıq kimi) insanın daxilində idi, onun təbiətinin bir hissəsi idi. Bu gücləri sivil yollarla islah etmək modern yanaşmadır.

Ancaq Şeytan fikrini insanlara qəbul etdirmək asan olmayıb və bunun üçün uzun əsrlər lazım gəlib. Xristiyan teologiyasının tamamlanması və Şeytanın yaradılışın ayrılmaz hissəsi kimi qəbulu Orta Əsrlərdə baş tutub - İsa dövründə nə kilsə və də xristianlıq hələ formalaşmamışdı. Orta əsrlərdə din xadimlərinə görə, “Dünya şərə təslim olub, kin və şiddət hökm sürür, ədalətsizlik hegemonluq edir. Dünyanın sonu yaxınlaşır. Ancaq insanlar dinə gəlmirlər, Kilsə mübarizə aparır, vaizlər və şairlər şikayət edirlər və insanları dinə dəvət edirlər, ancaq bütün bu cəhdlər əbəsdir” (Johan Huizinga, “Ortaçağın qürubu”).

“Rable və dünyası” əsərində Mixail Baxtin yazır: “Orta əsr xalq ədəbiyyatında Şeytan qeyri-rəsmi baxış açısını, bədənin maddi hissələrini ifadə etməkdə istifadə olunan bir fiqurdur. Onda dəhşət oyandıran ya da yadlıq hissi verən heçbirşey yoxdur”. Bəlkə də Orta Əsrlərdə məşhur komik Arlekino fiquru Şeytanın xalq anlayışında təmsili idi.

Şeytanın insanların şüuruna və şuüraltına dini yozumda yeridilməsi iki yolla baş tutmuş ola bilər.

Bunlardan biri illərlə davam edən inkivizisya məhkəmələri idi. İnkvizisiya paqan düşüncələri olan və xalq təbabəti ilə məşğul olan insanları Şeytanla əməkdaşlıqda ittiham edirdi. Ancaq məhkələr qısa müddətdə cəza kəsmirdi, uzun illər davam edir, qarşı tərəfin bütün arqumentləri eşidilir onlara xristiyan teologiyasına görə cavablar verilirdi. Məşhur astronom Keplerin anasının məhkəməsi 9 il davam etdi, Carlo Ginzburgun təsvir etdiyi “Pendir və qurdlar” məhkəməsi isə iki il davam etmişdi. Bu cəzalar və eyni zamanda kilsə doqmaları insanları itaətə öyrətdi. İnkvizisiyanın qorxuncluğu, gücü və bunları arqumentlərlə dəstəkləmələri son nəticədə inancın xalq tərəfindən qəbuluna səbəb oldu. Cadugərlik ittihamları qurbanlarının 85%-i ara həkimliyi edən qadınlar oldu. Onlar həm müstəqil maddi imkanlara, həm də paqan inanclara sahib idilər.

İkinci, bəlkə də daha böyük təsir vəba epidemiyaları idi. Vəba bütün Avropanı bürüdü və bəzi ölkələrdə əhalinin üçdə birini öldürdü. Bütün 14-cü əsr boyunca bu epidmeiyalar təkrar olundu. İnsanlar anidənxəstələnir, bədənləri irinləyir və qısa müddətdə iztirab içiində, qışqıraraq ölürdülər. Bu hadasə Şeytanın varlığına ciddi sübut sayıldı.

Daha sonralar insanın bioloji növ olduğu üçün müəyyən instinktlərə sahib olduğu və insanın rasional olmayıb əsasən şüuraltı güclərin təsirində olmasının aydınlaşması ilə, bu gün bir çox Şeytan əməli bu güclərə istinadən izah edilə bilər. Freydə görə, insan şüuru (Eqo), gizli və limitsiz arzularla (İd) ictimai qadağalar arasında (Super Eqo) uzlaşdırma tapmağa çalışır. Psixoanalizdə bu gizli güclərin bilinməsi, şüura çıxarılması müalicədir, bilmək insana özünü idarəetmək və dəyişmək imkanı verir.

Bu gün beyin haqqında var olan üçlü modelə görə insan beyni R-kompleks (sürünən beyni), onun üzərində inkişaf etmiş məməli beyni (orqanik sistem) və sırf insana məxsus təbəqəyə (neo korteks) ayrıla bilir. Beyin haqqındakı müasir anlayışda şüurdan müxtəlif baxış bucaqları və prioritetləri olan beyin bölgələrinin tələblərini balanslaşdırmağa çalışan bir sistem kimi bəhs edirlir. Şeytanın insan üzərində hökmranlıq qurmasına imkan verən güclər isə bioloji növün davamı instinktidir - növün davamı üçün daha çox dişi dölləmək, güclüdən qorxmaq, zəifi əzmək, özü üçün yaşam arealını genişləndirirkən başqalarına mane olmaq.

Bütün psixoloji məktəblər, problemlərin həllinin onların bilinməsində, şüura çıxarılmasında yatdığını qəbul edirlər. Qaynağının və səbəbinin doğru bilinməsi həllin ilkin şərtidir. Modern bir cəmiyyət qurmaq üçün insanın bioloji kökəninin və psixoloji təbiətinin doğru anlaşılması, bir insanın məhdudsuz istək və arzularının cəmiyyətin bütün üzvlərinə yaşama şansı tanıyacaq qədər əhilləşdirilməsi dayanır.

Dini görüşə görə isə, həm səbəb doğru müəyyənləşdirilməyib, həm problemin həll üsulu doğru seçilməyib. Modern bir cəmiyyət olmaq üçün dini görüşdən sekulyar görüşə keçmək vacibdir, kurs düzgün seçilsə, Feyerbaxın dediyi kimi, “İncilin yerini ağıl, din və kilsənin yerini siyasət, cənnətin yerini bu dünya, duanın yerini iş, cəhənnəmin yerini məcburiyyət, İsanın yerini insan” alacaq. “Dövlətlərin qurulmasının səbəbi Tanrıya olan inanc deyil, Tanrının varlığına olan şübhədir. İnsanın Tanrıya inancından çox insana olan inancı bizə dövlətin mənşəyini açıqlayır”.


Teqlər:  





Xəbər lenti