Bakıda “bomj”lıq edən Avropa çempionu – ÖZƏL VİDEO

Bakıda “bomj”lıq edən Avropa çempionu – ÖZƏL VİDEO
  20 Oktyabr 2014    Oxunub:31801
Onu küçədə içkili, üstü-başlı tozlu, cırıq paltarda görsəniz, yəqin ki, ilk baxışdan “bomj” olduğunu düşünəcəksiniz. Halbuki o da vaxtilə bizlərdən biri olub. Normal ailədə yaşayıb, təhsil alıb, hətta öz yaşıdları arasında səliqə-səhmanına görə çoxlarının həsəd apardığı insan olub. Tale elə gətirib ki, indi onun qışın soyuğundan sığınmağa nə evi, nə də ailəsi var. Tək sığındığı kimsəsiz küçələr və içki şüşələridir…

Elə bu gün də hava çox soyuqdur deyə, reportajdan sonra özümü tələm-tələsik ofisə çatdırmağa çalışırdım. Ancaq bir səs mənim soyuq, küləkli küçədə tələsik addımlarımı saxlamağa səbəb oldu. Geriyə dönüb ağlaya-ağlaya mənə yalvaran bir kişini gördüm. Düzünü desəm onu bir saat əvvəl də bu küçədə yatarkən görmüşdüm. Ancaq görünür, havanın soyuqluğuna daha dözə bilməyən bu şəxs ağlayıb, yoldan keçənlərə yalvarmağa məcbur olub.

Yaxınlaşıb nə istədiyini soruşdum, məndən yemək üçün pul istədi. Pulu çıxarıb versəm də, kişinin ayağa durub pulu götürməyə taqəti yox idi. Üst-başı çirk, milçəklə dolu olan yanıq ayaqlı, “bomj” həyatı yaşayan bu insan mağazaya gedib ona spritli içki və çörək almağımı xahiş etdi. İsti çay təklif etsəm də içə bilmədiyini, ürəyi bulandığını dilə gətirdi….

27 gündür həbsdən çıxdığını deyən, “bomj” həyatı yaşayan Rövşən Kazımovla tanışlığım belə başladı. İlk olaraq ondan bu vəziyyətə necə düşməsi ilə maraqlandım.

“Boks üzrə Azərbaycan və Avropa çempionu olmuşam”

- Əslən Qazax rayonundanam, keçmiş idmançıyam. 1979-cu ildə boks üzrə Azərbaycan, daha sonra Avropa çempionu olmuşam. Uzun illər Moskovada yaşamışam. Ancaq anam rəhmətə gedəndən sonra həyatım uçuruma doğru yuvarlandı. Anam Qırmızı Körpüdən keçərkən ayağı sürüşüb Kürə düşdü, yaşlı qadın idi, onu görüb çıxaran olmayıb, boğulub. Ananı itirəndən sonra başladım bu zəhrimarı içməyə . Qardaşım da Kürdə boğuldu. Ancaq bacılarım yaşayır, Esmira , Ramidə , Yuliya Kazımovalar. Esmira və Ramidənin “Sahil” metrosunun üstündə mağazaları var. İmkanları yaxşıdır. Yuliya isə “Valadarskiy” fabrikdə direktor müavinidir. Özüm isə İdman Akademiyasını bitirmişəm.

Rövşən söhbət zamanı özünü saxlaya bilmirdi, elə hey ağlayaraq həbsxanaya düşməsində əmisi oğlunu günahlandırırdı:

-27 gündür ki, həbsxanadan çıxmışam. İfadəmə görə üzr istəyirəm, bir nəfər alçağın etdiyi hərəkəti öz üzərimə götürdüm. Həmin şəxs də qohumumuz idi. Kürdəxanıda mənim ayaqlarımı yandırdılar. İstəyirdilər mən günahını boynuma götürdüyüm adamın adını deyim. Mən axı kişiyəm, necə satqınlıq edərdim.

“Cinayəti üstünüzə götürməyə səbəb nə idi,sizi kim məcbur etmişdi” sualıma isə Rövşən belə cavab verdi:

-Həmin adam əmimoğlu idi, onun boynunu yerə soxum. Cinayəti işləyən zaman yaşı az idi, 19 yaşın içində idi, adam öldürmüşdü, yazığım gəldi. Nə qədər olmaya mən ondan böyük idim deyə, onun cinayətini öz üzərimə götürdüm.

“Mən geyinib çıxanda hamı mənə həsrətlə baxırdı”

- İndi baxın, görün, nə gündəyəm. Yaxşı ki, günahsız olduğumu sübuta yetirib həbsdən buraxdılar, yoxsa mən ömürlük gedirdim. Kubinkada , Günəşlidə, Qazaxda evimiz var, amma getmirəm. Bacılarım imkanlıdır, amma bədbəxtəm gedə bilmirəm, bacılarım da məni axtarır. Hər gün də yanıma gəlib gediblər. Andır, zəhrimar qoymur gedim. Əllərim donur, ölürəm, həyatdan artıq küsmüşəm. Özüm- özümü pis günə qoymuşam.

AzVision.az çəkiliş zamanı Rövşənin dediklərinin nə qədər həqiqətə uyğun olmasını araşdırır, verdiyi məlumatları dəqiqləşdirməyə çalışır. Bizi izləməkdə davam edin.



Şahanə RƏHİMLİ
Video: Nuron Məmmədov




Teqlər:  





Xəbər lenti