Yol qəzasında ölən məmur övladları...

Yol qəzasında ölən məmur övladları...
  01 Oktyabr 2014    Oxunub:28547
Azərbaycanda “yol terroru” davam edir. Demək olar ki, hər gün respublikanın müxtəlif yerlərindən ölüm xəbərləri, dəhşətli qəzalarla bağlı məlumatlar eşidirik. Əvvəlki illərlə müqayisə də son vaxtlar yol qəzalarının sayında xeyli artım müşahidə edilir.

Hətta hər kəs gündəlik həyatında yol qəzasının qurbanı olacağı qorxusu ilə yaşayır. Qəzaların böyük əksəriyyəti isə sürət həddinin aşması nəticəsində meydana gəlir.

Dəhşətli məqamlardan biridə odur ki, baş verən hadisələr faciə ilə nəticələnir. Yol qəzalarının əsas dəhşət saçan məqamlarından biri də baş verən hadisələrdə əsasən gənclərin həlak olmasıdır. Yol qəzasında dünyasını dəyişən gənclər arasında iş adamlarının və məmurların övladları da az deyil.

AzVision.az saytı məşhur insanların yol qəzasında dünyasını dəyişən yaxınları ilə bağlı kiçik araşdırma aparıb.

Biznesmen ailəsində faciə

Xəbər verdiyimiz kimi bu yaxınlarda Bakıda yüksək rütbəli məmur və tanınmış iş adamının övladlarının olduğu avtomobil qəzaya uğrayıb. Xəzər rayonu Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini Pərvin Fətullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

P.Fətullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sənan Mirzəyev orada ölüb.

Qəzada dünyasını dəyişən 16 yaşlı Sənan Mirzəyev McDonald’s - Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin övladı olub. Digərinin sürücüsü isə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli olub. Onları sürücü Paintball oyunundan evə qaytarırmış.

General-mayorun yeganə övladı

İki il öncə Fəxri Emin oğlu Şəkinski idarə etdiyi “Mercedes-S klas” markalı avtomobili yol kənarındakı dirəyə çırpmaqla qəza törədib. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

O, Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinskinin oğlu idi. 22 yaşında dünyasını dəyişən Fəxri Şəkinski E. Şəkinskinin yeganə övladı olub.


Nazirin ailəsində yas..

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı yol qəzasında dünyasını dəyişib. Dünyasını dəyişən Ələsgərova Günay Nəqliyyat Nazirliyinin ən böyük avtobazalarından birinə rəhbərlik edən Loğman Məmmədovun qızı olub.

Məlum avtomobil qəzası Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayon sakini, 1950-ci il təvəllüdlü Almasov Ramiz Qaflan oğlu idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı, “KİA” markalı minik maşını ilə Xaçmaz rayonu Hülövlü kənd sakini, 1962-ci il təvəllüdlü Mustafayev Bəhram Əlövsət oğlunun idarə etdiyi at arabasını vurub. Bundan sonra “KİA”nın arxasınca eyni istiqamətdə hərəkətdə olan və Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, 1956-cı il təvəllüdlü Cəbiyev Məhərrəm Şəmbala oğlunun idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını “KİA” ilə toqquşub. Qəza nəticəsində “KİA”da olan sərnişin, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Ələsgərova Günay Loğman qızı dünyasını dəyişib.

Həmçinin G.Ələsgərova “Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovun həyat yoldaşı olub.

Oğlunu vaxtsız itirən iş adamı

İş adamının oğluda yol qəzasına qurban gedib. Bu qəza Bakı-Qusar yolunda baş verib. “Maserati” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Şahdağ” İstirahət Mərkəzində dincəlməkdən geri qayıdan 20 yaşlı Bakı şəhər sakini Fərid Dadaşov dünyasını dəyişib. F.Dadaşov yaxın dostları ilə Şahdağ istirahət mərkəzinə şəxsi maşını ilə yox, başqa bir avtomobil ilə gedib. Şahdağdan qayıdarkən idarəetmedən çıxan maşın dağdan yuvarlanıb. F.Dadaşov iş adamı Nazim Dadaşovun oğludur.

N.Dadaşov böyük tikinti şirkətlərindən birinin sahibidir.

Lisey direktorunun oğlu...

Şabran rayonunda baş verən yol qəzasında direktorun oğlu dünyasını dəyişib. Belə ki, Bakı-Quba yolunun 110-cu kilometrliyində "KamAZ" markalı yük maşınına çırpılan "Mercedes"i Bakı sakini, 34 yaşlı Sənan Quliyev idarə edib. O, hadisə yerindəcə keçinib.
Avtomobildə olan sürücünün dostu Əfqan Əsgərovun isə ayaqları sınıb. Dəhşətli qəzada ölən 34 yaşlı S.Quliev Səbail rayonunda yerləşən 49 saylı "İntellekt" məktəb-liseyin direktoru, əməkdar müəllim Təhminə Əsədovanın oğludur. Dəhşətli qəzada ölən 34 yaşlı S.Quliyev subay olub.

Avtomobildə yanan zavod rəhbərinin oğlu

Bakı şəhəri, Sabunçu rayonunda yol-qəza hadisəsi nəticəsində "Mercedes" markalı minik avtomobilinin alovlanması nəticəsində sürücü yanıb. Maşın Səfərova Lalə Telman qızına aid olduğu üçün yanan şəxsin də məhz həmin xanımın olduğu ehtimal olunub. Yanğın söndürüldükdən sonra məlum olub ki, hadisədə yanan şəxs Lalə Səfərova deyil, qardaşı 17 yaşlı Hənifəyev Teymur olub. Hadisə zamanı Teymurun maşında tək olmayıb. Digər şəxsləri xilas etmək mümkün olsa da, Teymurun meyiti avtomobildə yanıb. Faciəvi şəkildə həlak olan Teymurun atası Bakıdakı şifer zavodlarından birinin rəhbəri olub.

Hazırladı: Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti