Gerçək `Qurd Cəbrayıl`ın qəribə sevgisi – MÜSAHİBƏ

Gerçək  `Qurd Cəbrayıl`ın qəribə sevgisi – MÜSAHİBƏ
  16 Sentyabr 2014    Oxunub:33495
(Əfsanəvi `Qurd Cəbrayıl`la bağlı birinci yazını BURADAN oxuya bilərsiniz)

...Cəbrayıl Həştərxandan 12 il əvvəl ayrıldığı Bakıya qayıdandan sonra həm göbəkkəsdisi, həm də doğma xalası qızı olan Minəxanımla evlənir. Onda Minəxanım başqa bir qohumuyla nişanlıymış. Qohum-əqrəba görür ki, qızın göbəkkəsdisi gəlib çıxıb, nişanı qaytarıb Minəxanımı Cəbrayıla verirlər.

Cəbrayıl Minəxanımla evlənsə də, Yasəməni unuda bilmir. Bir yandan da vicdan əzabı onu rahat buraxmır. Sən demə, atışma bəhanəymiş, özü qızı Bakıya gətirmək istəmirmiş.

Xoşqədəm Quliyev (Cəbrayılın oğlu):

- Atam qatarda fikirləşir ki, mən bu qızı hara aparıram? Atam yox, anam yox, babam da yəqin, çoxdan ölüb. Harda yaşayacağıq, qohumlar bizi qəbul eləyəcəkmi? Yoldaca fikrini dəyişir, nəsə almaq bəhanəsiylə qatardan düşür. Elə bu zaman da atışma başlayır. Bu atışma atama göydəndüşmə olur. Bir ağacın arxasında gizlənir, bir də geri qayıtmır. Yasəmənsə onu çox gözləyir, elə bilir, Cəbrayıl atışmada ölüb. Kor-peşman Həştərxana qayıdır. Atamsa Bakıya...

Əslində, Cəbrayıl ev-eşik, güzərən dərdi çəkməyiməliydi. Yasəmən Həştərxandan çıxanda atasından qalan mal-mülkü satıb pula çevirmişdi. Üstəlik, dədə-babadan qalma daş-qaşları da Cəbrayıla etibar eləmişdi. Qadının fikiri oydu ki, Bakıda özlərinə yaxşı ev-eşik qursunlar, bir yerdə xoşbəxt yaşasınlar. Amma belə olmadı.

...Cəbrayıl qatardan düşəndə qızın daş-qaşları onun cibində qalır. Onları özüylə Bakıya aparır..

- Atam daş-qaşların onda qaldığını sonradan bilib. Heç vaxt da onları xərcləməyib. O, Yasəmənin hesabına yaşamaq istəmirmiş. Elə ona görə də, Yasəməni Bakıya gətirməyib. Fikirləşib ki, mən ona heç nə vəd eləyə bilmərəm. Onunsa pulu var, qoy gedib, özünə həyat qursun!

- Məncə, bu bir az inandırıcı deyil, bəlkə, başqa səbəb də olub?

- Bəlkə də.

- Bəs yenidən necə görüşüblər?

- Atam bir gün yenidən Yasəmənin arxasınca Həştərxana yola düşür. Həştərxanda Yasəməni nə qədər axtarırsa, tapa bilmir. Geri qayıdanda Həştərxandan bir az aralıda yeməkxanaya girir. Yemək sifariş eləyir, görür, bir bığlı kişi ona bayaqdan göz qoyur. Özü də, bu kişi Yasəmənə çox oxşayır. Fikirləşir, bəlkə, bu, Yasəmənin qohumudur, onu öldürmək istəyir?

Nə isə, yeməyini yeyib getmək istəyəndə bir nəfər ona yaxınlaşır ki, səni yeməkxananın sahibi yanına çağırır. Atam gedir, görür, sahibkar bayaq ona göz qoyan bığlı kişiymiş. Kişi onu otaqda qoyub çıxır. Aradan bir az keçməmiş işəri bir qadın girir. Atam başını qaldırıb qadının üzünə baxan kimi onu tanıyır. Yəsəmənmiş. Sən demə, elə bayaqki bığlı kişi də Yasəmənin özüymüş.

- Bəs niyə kişi cildindəymiş?

- O vaxt qadının yeməkxana işlətməyi asan məsələ deyildi axı. Başı dinc olsun deyə, belə eləyirmiş.

- Həə, sonra noolub?

- Yasəmən atama deyir, o vaxt sən məni niyə qoyub qaçdın? Deməli, daş-qaşları oğurlamaq istəyirdin? Mən onsuz da onları özümüzçün aparırdım. Bu zaman atam sinəsində gizlətdiyi qaş-qaşları çıxardır. Deyir, bax, əlimi də vurmamışam. Sonra hər şeyi ona danışır.

- Evləndiyini də?

- Yox, bunu demir. Amma elə oradaca Yasəmənə deyir, gedək Bakıya, səninlə evlənəcəyəm. Yasəmən də razılaşır. Gəlirlər Bakıya. Yasəmən Bakıda öyrənir ki, Cəbrayıl evliymiş. Amma başqa çarəsi qalmır, anamla bir yerdə yaşamağa məcbur olur.

- Yəqin, çətin yola gediblər?

- Yox, çox mehriban yaşayıblar. Yadımdadır, anam deyərdi, Yasəmən mənə bacıdan artıq olub. O, anama, atama söz gəlməsin deyə, çarşab örtürmüş. Amma sonra çıxıb getdi.

- Niyə?

- Onun övladı olmadı. Anam qardaşımı qucağına alanda, atam uşaqla oynayanda onun ürəyinə toxunurmuş. Bir gün deyib, Cəbrayıl, mən gedirəm. Atam razılaşmayıb. O, həbsdə olanda evdən çıxıb.

- Həştərxana qayıdıb?

- Yox, elə Bakıda qalıb. Sonralar atam öyrənib ki, Yasəmən hansısa bağçanın müdiri işləyir. Savadlı qadınıydi, rus dilini gözəl bilirdi. Müharibə dövründə bizim ailə çox pis vəziyyətə düşmüşdü. Həmin dövrdə Yasəmən bizim ailəyə çox əl tutur, anama pul verir. Amma atamla birdəfəlik qurtarmışdı.

- Yasəmən sonra ailə qurur?

- Həə, amma yenə övladı olmur. O, atamdan tez dünyasını dəyişir. O, rəhmətə gedəndə atam qazamatdaydı. Qayıdıb gələndə yenə onu axtardı, öyrəndi ki, özü də, əri də rəhmətə gedib. Atam onu çox sevirdi. Yadımdadır, qoca vaxtında da, onun haqqında mənə danışardı, deyərdi, kaş rəssam olardım, onun şəkilini çəkərdim. Necə gözəl olduğunu görərdin.

- Atanızda onun fotoşəkili yoxuydu?

- Yox. Atamın dediyinə görə gözəl qadınmış. Atamı ona bağlayan təkcə gözəliyi deyildi. Anam atamdan 10 yaş kiçik idi. Atam ona uşaq kimi baxırdı. Amma Yasəmənlə yaşıdıydılar.

- Atanız ananızla necə davranırdı?

- Atamın öz qanunları vardı. Anam onları pozanda atam çox qəzəbli olurdu.

- Onlar hansı qanunlariydı?

- Məsələn, atam evə gələn kimi yeməyi, içməyi stolun üstündə olmalıydı. Köynəyini təmiz, ütülü geyinməliydi. Yadımdadı, köynəyi təmiz olmayanda onu çırıq-çırıq eləyirdi.

-Yazıq ananız!

- Həə, anam atama görə çox əziyyət çəkib. Zarafat deyil, atam 36 ilini həbsdə yaşayıb, anam 5 uşağı tək böyüdüb. Bir də, atan anama çox xəyanət eləyib. Tək Yasəmən olsaydı, dərd yarıydı. Yaman şorgöz kişi olub.

Səfurə Çərkəzqızı
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti