Dərd manyaklarının gözəl günləri

Dərd manyaklarının gözəl günləri
  04 Sentyabr 2014    Oxunub:2554
Azər Sarıyev

Rəhmətlik nənəmin göz yaşı ovcunda idi. Arvad sözün əsl mənasında dərd manyakı idi. Dərd-sərlərini dönüb-dönüb xatırlamaqdan, dünyadan köçmüşlərini yana-yana oxşamaqdan, xəstə qohum-əqrəbanın azar-bezarına heyfislənməkdən xüsusi zövq alırdı desəm, yanılmaram.
Ağlaşmalara (biz tərəflərdə arvadların iştirakı ilə keçirilən yas mərasimlərinə “ağlaşma” deyirlər) qaça-qaça gedərdi və zəngin təəssüratlarla qayıdardı: “Hayıf səndən ay Lumu, yaraşıqlı Lumu... Suğra anasını elə oxşayırdı ki, adamın ürəyi şan-şan olurdu... Səkinə elə kəlmə dedi ki, arvadlar qırıldı batdı. Dedim yanığlı səsüə Minə nənön qurban...”. Özünün də yanıqlı və gur səslə yaxşı ağı deməyi vardı. Qohum-əqrabanın yas məclislərində aparıcı fiqur olurdu. Ağısının səsi yeddi ağacdan eşidilirdi.

Şübhə etmirəm ki, sovetlər dövründə kənd-kənd gəzib istedad axtaranlar nənəmi də tapıb Bakıya aparsaydılar, adı Azərbaycanın mədəniyyət tarixinə yazılan vokalçı sopranolarından biri kimi düşərdi. Belə arvadlar kəndimizdə çox idi. Məsələn, atamın bir xalası var idi ki, üz cırmaqda, saç yolmaqda tayı-bərabəri yox idi. Ağı deməkdə isə bir az axsayırdı. Nənəm isə nəinki kəndimizin, hətta qonşu kəndlərin tanınmış kəlmə deyənlərinin ən istedadlısı və məharətlisi idi. Xeyli də bayatı bilirdi.

İndi isə vəziyyət dəyişib. Məclisləri qadın mollalar aparır. Bizim tanışlar arasında da biri var. Baxmayaraq ki, 20 ildir arvad mollalığı edir, amma repertuarı dəyişmir, eyni mərsiyələr, eyni rozalar. Di gəl ki, qazancı gündən-günə artır. Mollalığın hesabına evinin ikinci mərtəbəsini qaldırıb, oğlanlarına dördgöz Mersedes alıb, bir darvaza qoydurub ki, tamaşasına bütün qonşular dayanır. Nə isə sağlığına qismət..

Ağıçılıq sənəti əsrlərdir ki, var. Ərəb dünyasında ən yaxşı ağıçılar yəmənli arvadlar imiş. İmkanlı şəxslər, şeyxlər ölülərinin yerinə Yəməndən xüsusi ağıçılar gətirdirlərmiş. Deməyim odur ki, bu sənət bizdə ta qədimdən var. Nənələrimizdən ötürülə-ötürülə gəlir. Genetik kodumuzda informasiya kimi yazılıb. Yoxsa ağlaşma, ulaşma verilişlərinə bu qədər aludə olmağımız havadan deyil ki? Rəhmətlik nənəm də bu cür verilişlərin bazı idi. Soruşanda ki, xəbərlərdə nə dedilər, ümumi cavablar verərdi. Amma TV-lərdəki kriminal verilişlərdə verilən informasiyalar detalları ilə yadında qalırdı. Kim kimi necə baltaladı, nə cür doğradı, harada basdırdı, maşını üstündən necə sürdü? Bəhmənkəsin evinə oğrular necə girdi, uşağını nə təhər oğurladılar? Ursiyətdə doğulmuş bic uşağ atasından nə cür qisas aldı?

Deyirəm, heyf, arvad bu günləri görmədi. Əsl onluq zəmanədir. Oturardı televizorun qarşısnda, “Səni axtarıram”la başlayıb “Cinayət işi” ilə qurtarardı. Səhərisi gün də göz yaşları içində həmin verilişlərin müzakirəsini açardı. Allah sənə rəhmət eləsin ay nənə, əcəl aman vermədi belə gözəl günləri görəsən!


Teqlər:





Xəbər lenti