Kişi olmağın dözülməz `yüngüllüyü`

Kişi olmağın dözülməz `yüngüllüyü`
  04 Sentyabr 2014    Oxunub:8752
Vüsal Məmmədov

Əgər sən Şərqdə qadının əzildiyini düşünürsənsə, bu, o deməkdir ki, Azərbaycanda kişi olmaq nə deməkdir – bundan xəbərsizsən. Mən dünyada istər mənəvi, istərsə də maddi planda Azərbaycan kişisindən daha çox yüklənən ikinci bir məxluq təsəvvür edə bilmirəm.


Hər şey bu iki hecanın ağırlığından başlayır – KİŞİ! Bu sözün Azərbaycanda kəsb etdiyi mənanı fil çəkə bilməz ki, bizim kişilər pis-yaxşı, hələ ki çəkirlər. “Sən kişisən!” hökmü ilə uşaqlıqdan bizi elə yükləyirlər ki, böyüdükcə fərdiyyətimiz bu yükün altında deformasiya olunur. Azərbaycanda oğlan uşaqlarını yeni cücərən bir toxuma bənzətsək, “Sən kişisən!” hökmü beton yol örtüyüdür. Tanış bir qadın danışır ki, tək böyütdüyü oğlu ilə “əsl kişi necə olmalıdır” söhbəti eləyirmiş, 5 yaşlı uşaq qulaq asandan sonra deyib ki, “Ana, olar, mən hələ ki özüm olum, böyüyəndə istəsəm, kişi olaram?..” Bir azərbaycanlı qadının nəzərindəki kişilik şərtləri uşağa çox ağır görünübmüş...

Kişiliyin bir yük olması oğlan uşaqlarına verilən sarsaq və mənasız “Kişi ağlamaz!” təlimatından başlayır. Halbuki, kişi də insandır, emosiyaları, göz yaşı vəziləri və o vəziləri işə salan bioloji mexanizmləri var. O da yıxılanda ağlayıb sakitləşməlidir, amma yox – olmaz!
“Kişi ağlamaz” – bu, gələcək kişini normal insan olmaqdan uzaqlaşdıran ilk dəhşətli təlimatdır. Sən ağrını içində çəkməlisən, paylaşmamalısan, büruzə verməməlisən... Versən – deməli, qızbibisən!

Beləcə, gələcək insanın içindəki ilk insanlıq toxumları milli düşüncənin zəhərli radiasiyasına məruz qalır. Və getdikcə bu radiasiyanın dozası daha da artır: Kişi qeyrət çəkər, ana-bacıdan tutmuş, xalaqızıya qədər hamının namusuna “otveçat” olar, kişi heç nədən qorxmaz, kişi qadını qoruyar, kişi pul qazanar, kişi arvadın ipini boş buraxmaz, kişi yumruğunu stola vurar, kişi qabağından yeməz, kişi aciz və zəif olmaz, kişi ailəsini yaxşı saxlayar, kişi belə edər, kişi elə edər... edər, edər... kişi, kişi, kişi...

Bütün bu təlimatların içində bircə şey yoxdur: kişi də insandır. Kişinin də ürəyini boşaltmağa, başa düşülməyə, mənəvi rahatlıq tapmağa, bəzən qorxmağa, bəzən gücsüz və zəif olmağa ehtiyacı və haqqı var; kişinin də həyatında uğurlu və uğursuz, pullu və pulsuz dövrlər olur; kişi daim başqa kişilərlə yarışmağa məhkum edilməməlidir, kişi öz xoşbəxtliyini də düşünməlidir.

Şair, (onsuz da bu ölkədə hamı şair olduğu üçün, qoy, sənə belə müraciət edim) Azərbaycan kişisinə ən çox lazım olan şey yaxşı ağı deməyi bacaran bir anadır ki, oturub halına ağlasın. Bu bədbəxt kişinin mahiyyətində, genində öz qadınına böyüklük, ailəsinə başçılıq eləmək proqramı var. Bu, onun özündən asılı deyil, təbiətdən gəlir. Müasir cəmiyyətdə biz “f” ilə başlayan sözlə Azərbaycan kişisinin bu təbiətinə qarşı çıxırıq, deyirik ki, yox, ailənin başçısı tək sən deyilsən, qadının də ən azı sənin qədər hüququ var. Amma bu zaman kişinin çiynindəki məsuliyyətlərin heç birini qadına yükləmirik. Evdə nəsə çatışmırsa – günahkar kişidir; qadının toya geyməyə təzə paltarı, taxmağa qızılı yoxdursa – günahkar kişidir; kimsə nəsə qələt edibsə - günahkar kişidir...

Kişinin ancaq borcu və məsuliyyəti, qadınınsa hüquqları var. Hətta belinin ağrısından dikələ bilmədiyi vaxtlarda belə, kişi metroda durub, qadına yer verməlidir. Azərbaycan kişisi mümkün olmayanları etməlidir – məsələn, anası ilə arvadının arasında başını itirməmək kimi... Kişi ev almalıdır, təmir etməlidir, maşını olmalıdır – yoxsa “nə kişidir ki...”

Amma hətta bütün bunları etsə belə, hər bir azərbaycanlı kişi heç olmasa ömründə bircə dəfə də olsa, yenə də, “Sən nə kişisən e, kül sənin kişi başına” sözünü eşitməkdən qaça bilmir. Bu, artıq onun ölən günüdür. Onu Azərbaycan qadını öldürdü. Fatihə!..

Deməyim odur ki, şair, Azərbaycanda kişi olmaq – fərdiyyət deyil, tale deyil, bir obrazdır, qəlibdir. Hər bir oğlan uşağı böyüdükcə “Əəə, yekə kişsən...” deyilə-deyilə zorla bu qəliblərə soxulur. Onu məcbur edirlər ki, sən belə olmalısan, yoxsa kişi deyilsən. Sanki bütün analar kişi inkubatorudurlar, onların doğduqları kişilərin hamısı eyni cür olmalıdır.

Bax, hərdən düşünürəm ki, indi bizim müşahidə etdiyimiz bu saçını uzadan, qaşını çapdıran, şortik və mayka ilə küçəyə çıxan, sırğa taxan gənc nəsil ki var a, onlar bu yollarla özləri də fərqində olmadan həmin o “kişi” qəlibinə etiraz edirlər. İndi “kişinin bığı olar” stereotipi daha yoxdur, amma xeyli daha betərləri hələ qalır.

Hərdən isə mənə belə gəlir ki, Azərbaycan kişisi özü əzildiyi üçün bəzən qadını da əzməyə çalışır...

Əlimdə olsa, şəhərin gözəgəlimli bir yerində reklam billbordu götürüb, üstünə “Kişi də insandır” yazdırardım. Kişinin də qadının ehtiyac duyduğu hər şeyə - o cümlədən sevgiyə və qayğıya ehtiyacı var. Bax, elə indicə bunu deməklə mən oldum pis kişi, “light erkek”. Amma eybi yox, kimsə bunu deməli idi axı...


Teqlər:  





Xəbər lenti