Xalq artisti: `Məni nüfuzdan salmaq istəyirdilər`

 Xalq artisti: `Məni nüfuzdan salmaq istəyirdilər`
  04 Sentyabr 2014    Oxunub:2398
"Bu gün “Azdrama” potensialına görə keyfiyyətli məhsul buraxmır".
AzVision.az xəbər verir ki, bu fikirləri xalq artisti Nurəddin Mehdixanlı səsləndirib. Məşhur aktyor milli.az-a müsahibəsində teatrın problemlərindən söz açıb.

"Peşəkar rejissorlardan daha çox həvəskar rejissorlar meydana buraxılıb. Bütün rejissorlar ştatdan çıxarılıb və dəvət olunan rejissorlar tamaşa qoyurlar. Bu isə teatrımıza ziyan verir. Hamının bildiyi zay tamaşalar var ki, haqqında gözəl-gözəl yazılar təşkil olunur. Zalda özləri üçün əl çalan adamlar tutublar. Otururlar zalda, mənasız bir şeyə əl çaldırırlar" - deyə N.Mehdixanlı söyləyib.

Bu səbəbdən teatrın repertuarındakı əksər tamaşalarda oynamayan N.Mehdixanlı son iki ildə iki tamaşada işlədiyini deyib:

"Tamaşanı kimin səhnələşdirməyi mənimçün əhəmiyyətlidir. İndi 58 yaşım var. Bu gün mənim tamaşaçı qarşısına “proval” tamaşa ilə çıxmağa ixtiyarım yoxdur. Məsələn, teatrın direktoru desə ki niyə tamaşalardan imtina edirsən, onda mənim də arqumentlərim var. Bir var səbəb göstərməyəsən, bir də var nədənlərini deyəsən. Hər şey kifayət qədər açıq-aydındır. Amma biz nələrinsə, kimlərinsə xatirinə, dəstəbazlıq, qrupbazlıq xatirinə gerçəkləri demirik və nəticə etibarilə lazım olan nəticəni əldə edə bilmirik. Bu, təkcə teatra yox, bir çox sahələrə aiddir. İnanın ki, Akademik Milli Dram Teatrının özündə kifayət qədər istedadlı aktyor və aktrisalar var. 50 vatt gücü olan lampaya 500 enerjini buraxsan, yanacaq".

Nurəddin Mehdixanlı son zamanlar ətrafında baş verən qalmaqalların ona qarşı məqsədli şəkildə hazırlandığını deyir:

"Bizim cəmiyyətimizdə öz sözünü demək istəyən adamlara qarşı belə şeylər olur. Hesab edirəm ki, bunlar məni aşağılamağa, nüfuzdan salmağa hesablanmışdı. Millətimizdə çox pis xüsusiyyət yaranıb. Təəssüf ki, bir-birimizə zərbə vurub ağrıtmaqdan zövq almağa başlamışıq. Bu, artıq ictimai bəlaya çevrilməyə başlayıb".


Teqlər:





Xəbər lenti