Boşanmış qadınlar və boşalmış kişiliklər

Boşanmış qadınlar və boşalmış kişiliklər
  03 Sentyabr 2014    Oxunub:34569
Emin Piri

Əgər bir cəmiyyətdə dul, boşanmış xanıma “seks makinası” kimi baxılırsa, o cəmiyyətdə əxlaqın “ə” hərfindən belə danışmağa dəyməz.
Bu gün bir qədər mehribanlıqdan sonra insanlıq halı kimi sirrini bölüşən belə xanımlara “mən səni anlayıram” deyən kişilərin “anlamaq” sözünün altında belə, “mən səninlə yatmaq istəyirəm, səninlə gəzmək, qeyri-leqal macəra yaşamaq istəyirəm” arzusu yatır. Əslində isə qadının ərindən ayrılma səbəbi dinləyənlər üçün maraqlı deyil. Amma diqqətlə, anlayışlı biri kimi dinləyəcək. Ən azından qadının təsəvvüründə “ərindən fərqli olaraq mən anlayışlı biriyəm” obrazı yaratmaq üçün.

Hə, bilirəm, “istisnalar var” deyəcəksiniz, “mən elə deyiləm” və s.i.a... Həm də deyəcəksiniz ki, sizdən fərqli olaraq cəmiyyətin 90%-dən artığı belədir və belə düşünür. Sizinsə bu 90-lığa heç bir aidiyyatınız yoxdur. Çünki bunu oxuyan hər kəs özünü yerdə qalan 10%-dən hesab edəcək. İçinizdə bir təsəlli verəcəksiniz özünüzə. Beləcə rahatlıq tapacaq, bəlkə kimi, nəyisə yada salıb, üzərindən bir qurtum su da içəcəksiniz.

Bu, bilirsiniz, nəyi xatırladır? Hərbi xidmətdə hansısa hadisədən sonra bir zabit çıxıb taburu söyərdi ki, 90%-niz “filan-filansınız”. Çoxunun səsi çıxmazdı. Çünki hamı özünü qalan 10%-də hesab edirdi. Və o sözün ona heç bir aidiyyatı olmadığını düşünürdü.

İstisnalar nə zaman ümumi qaydanı pozur ki?! Buna görə də elə dəqiq və ümumidən danışıram.

Bu gün Rusiyaya gedən kişilərimiz yüzlərlə sifət görmüş bir rus qadınıyla (hələ onun özündən 25-30 yaş böyük olmasını, onunla bərabər ola-ola başqalarıyla gəzməklərini qeyd etmirəm) vətəndaşlıq almağa görə nikah üçün “sinov” gedib, Azərbaycanda həyat yoldaşı şəhid olan, xəstəlikdən ölənlərlə evliliyi özünə şərəfsizlik biləcək.

Niyə? Çünki Rusiyadakı qadının hoqqalarını burada bilən olmur. Onun yatdığı azərbaycanlı kişi olmayıbsa, bu, daha da rahatdır. Çünki o, gələcək üçün vətəndaşlıq, qeydiyyat istəyir. Və bu da gələcəkdə pul deməkdir. Demək ki, məqsəd heç də şərəf, nüfuz deyilmiş. Gələcək maddi arzular və karyeralardır.

Heç bu hərəkətinə görə burada qınanmayacaq da. Bir-iki qohumunu da ora aparıb, çörək sahibi etsə, arada burdakı məktəbli yaşında nişanlısına hədiyyələr göndərsə, olacaq lap “bomba” kişi. Hətta ailəvi əxlaq məsələlərini onun sözüylə həll edəcəklər...

Amma burada dostların üzünə necə baxa bilər? Bəlkə tanışlardan biri onun keçmiş sevgilisi olub? Axı o, həm də heyvani hisslər üçün virtualdan tutmuş, adi görüşə qədər dəridən-qabıqdan çıxıb, “işlərimi yoluna qoyum, səninlə evlənəcəyəm” deyib, dostlar arasın çıxanda “bazlıqdan gəlirəm” söyləyəndir. Onun duyğuları uzaq bir yerdə azərbaycanlı dostlarının tanımadığı bir fahişəyə layiqdir.

Bu cür insanların Azərbaycanda “facebook-da olmayan” birini aramalarını demirəm. Elə bunun üzündəndir ki, Azərbaycanda facebook-da yarım milyona yaxın “fake” qadın profili var.

Necə deyərlər, “illüminatlar”dan, mason lojalarından, İŞİD-dən, “Mossad”dan, CİA-dan daha təhlükəli bir güc var: camaat. Camaat nə deyər? Çünki burada heç kim özünü yaşamır, burada hər kəs “camaat nə deyər” aksiomu üçün yaşayır. Hətta metroda yer verənlərin də əksəri başının üstündə duran xanıma onun hamilə olmasına, yaşına, qadınlığına görə deyil, “ətrafdan baxanlar nə deyər” düşüncəsinə görə edir.

Nədənsə Azərbaycandan çıxdıqdan sonra bu aksiom bir gecədə dağılır.

Hər halda, az görmədik Avropada yaşayan xanımlarla nikaha girmək üçün dəridən-qabıqdan çıxanları.

Hələ qadına ərindən qalan miras varsa, nə şərəf, nə keçmiş önəmli olmayacaq. Kasıba mühafizəkar baxan oğlanın baxışları qəfildən müasirləşəcək. Nə olsa da, qadının pulu ilə zatən özünə şərəf, ləyaqət toplayacaq. Qadın isə ərindən qalma obyektlərini gəzib, oğlunun başını tumarlayıb, özünü aldadacaq. Və özünü aldatdığının fərqində olaraq.

P.S. Siz isə, mənim özünə “maarafçi” deyən qardaş-bacılarım, durub Dostayevskinin “Cinayət və Cəza”sından yazıb, insanlara vicdan oyanışından danışırsınız. Bu formatda onlar üçün tez deyilmi?

P.S.S. Heç mənim yazım da düz qurulmayıb. Bir qadının qarşısına tanıtım üçün təhsilini, savadını deyil, “dul”, “ayrılmış” sözünü qoyursansa ta heç zad...


Teqlər:





Xəbər lenti