Yazarlarımız döyüşə hazırdılarmı? -SORĞU

Yazarlarımız döyüşə hazırdılarmı?  -SORĞU
  09 Avqust 2014    Oxunub:12715
Son günlər cəbhədə baş verən gərginlik cəmiyyətin, medianın diqqətini təmas xəttinə yönəldib. Bu hadisələrin fonunda II Qarabağ müharibəsinin başlaması ehtimalı günün müzakirə mövzusuna çevrilib. Ölkə başçısının da Ağdama səfəri zamanı vurğuladığı kimi Müharibə bitməyib, ikinci Qarabağ müharibəsi yenidən başlaya bilər.

AzVision.az mövzunun aktuallığını nəzərə alaraq yazarlara “Müharibə başlayarsa döyüşə gedərsinizmi?” deyə sualla müraciət edib.

Ədəbi cameə nümayəndələrindən kimlər döyüşə hazırdır?

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair Əkbər Qoşalı öz mesajını Macarıstandan yollayıb. Döyüşə hazır olduğunu deyən şair ehtiyatda olan zabit kimi savaşa qatılacağını bildirib:

“İşğalçı Ermənistan Azərbaycan torpaqlarını azad etmirsə, beynəlxalq hüquq normalarına, birgə yaşayış qaydalarına uya bilmirsə, əlbəttə İkinci Qarabağ savaşı başlayacaqdır. Müharibə başa çatmayıb - o zaman hər bir vətən övladı kimi mənim də, sizin də borcunuz öz üzərimizə düşəni etməkdir. Mən Silahlı Qüvvələrin zabiti olaraq, tank əleyhinə əlahiddə artilleriya briqadasında həqiqi hərbi xidmət keçmişəm. II Qarabağ savaşında da harda uyğun bilinəcək orda üzərimizə düşəni edəcəyik. Vətən buyruğu qutsaldır!”

Əli Kərim adına poeziya klubunun direktoru, şair İbrahim İlyaslı Ali Baş Komandanın əmrini gözlədiyini deyib.

“Müharibənin başlanması ehtimalının olub-olmadığını cənab prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilərlə keçirdiyi müşavirədə bir mənalı şəkildə dedi. Müharibə başlayarsa mən hərbi mükəlləfiyyətli bir vətəndaş kimi dövlətimiz və onun rəhbərliyinin tapşırığını və əmrini yerinə yetirəcəyəm”.

AYO başqanı Namiq Hüseynov müharibə olarsa hərbi-reportyor kimi fəaliyyət göstərmək istəyir.

“Mən qətiyyən siyasi-ictimai xəbərləri izləmirəm, özümü bu xəbərlərdən təcrid etməyə çalışıram, çünki bu tip xəbərlər mənə pis təsir edir. Ancaq arada bir ədəbiyyat saytlarına girirəm. Müharibənin başlanılmasını heç arzulamıram. Amma başlansa əlbəttə, hər kəs necə, mən də elə davranmağa çalışacağam. Ən azından hərbi-reportyor kimi müharibəni işıqlandırmaq istərdim”.

Tənqidçi Əsəd Cahangir isə bu məsələdə Rusiyanı günahlandırır.

“Son olaylar Azərbaycanı Gömrük Komitəsinə daxil olmağa məcbur etmək üçün Rusiya tərəfindən törədilib. Rusiya Ukraynadan fərqli olaraq Azərbaycana açıq təcavüz edə bilmir. Çünki Ukrayna məsələsindən sonra bu dəfə Azərbaycana açıq təcavüz beynəlxalq güclər tərəfindən kəskin narazılıqla qarşılana bilər. İkincisi, Ukraynadan fərqli olaraq Azərbaycanla Rusiyanın heç bir qarşılıqlı torpaq iddiaları yoxdur. Ona görə Rusiya Soçidə keçiriləcək görüşdə Azərbaycanı könüllü surətdə təslim olmağa və Gömrük Komitəsinə daxil olmağa məcbur etməyə cəhd edəcək. Amma çətin ki, Azərbaycan buna getsin və görüş həmişə olduğu kimi nəticəsiz bitəcək. Rusiyanın iştirakı olmadan Ermənistanın isə Azərbaycanla müharibə aparmaq gücü yoxdur. Buna görə müharibə olmayacaq. Müharibə olmayacaqsa, demək mənim müharibədə hansısa formada iştirakım da mümkün deyil”.

Yazıçı Şərif Ağayar erməniləri ağıllı olmağa çağırıb. Onun fikrincə, azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilər. Buna görə ruslara aldanmaq lazım deyil.

“Müharibə, ölüm-qan olmasın. Rusa aldanıb bir-birimizə zülm eləməyək. Ermənilər də ağıllı olsunlar. Yəhudilər bu ölkələrdə kef eləyir, varlı ölkəyik. Rastrapoviçin festivalına ildə 3 milyon pul ayırırıq. Bunu Paracanaova da ayıra bilərik. Bir kəmər Ermənistanın belini qurşayar. Rus İmperiyasının strateji mövqeyi ki, daha güclü dövlətlərə hesablanıb ona qurban getməsinlər. Birlikdə yaşaya bilərik. Adam çörəyin yediyi torpağa bıçaq batırmaz. Küyə getməyək. Gücümüzü sənət və futbolda sınayaq”.

Yazar Akif Əhmədgil müharibə olarsa birinci onu aparacaqlarını düşünür:

“Mən şair olmasam da Dövlət qulluğunun müşaviriyəm. Bu, təxminən polkovnik-leytenant rütbəsinə bərabər statusdur. Müharibə başlasa yəqin ki, elə birinci olaraq mənim kimiləri çağıracaq və hara lazımsa ora da göndərəcəklər...”

Şair Fərid Hüseynin sözlərinə görə, son günlər cəbhədə baş verənlər hadisələr müharibəni qaçılmaz edir.

“Mən arzulayardım ki, sülh olsun, qan tökülməsin. Bu çox sadə yoldur, çünki ermənilər bizim tarixi torpaqlarımızı işğal edib və ərazimizdən geri çəkilməlidirlər. Beynəlxalq təşkilatların da bu barədə qətnamələri də var. Həmin qətnamələr rəhbər tutularaq sülh yolu ilə torpaqlarımız qaytarılmalıdır. Bütün bunlar olmayacaqsa müharibə qaçılmazdır. Bu gün də müharibə hazırkı şəraitdə qaçınılmaz görünür. Mənsə müharibədə hanısa formada - ancaq bacardığım və gərəkli olduğum mövqedə olmağa üstünlük verərdim. Həqiqi hərbi xidmət də də olmuşam. Müharibə olsa yenə də hərbi xidmətə getməyə ruhən və fiziki cəhətdən hazıram”.

Azad Qaradərəli isə sülhün tərəfdarı olduğunu bildirib: “Bütün yazıçılar kimi mən də sülh tərəfdarıyam, amma mən yazıçıdan əvvəl torpaq, yurd, kənd, 1000 illik tarixi olan bir nəslin (baharlılar tayfası) nümayəndəsi kimi qəbiristan itirmişəm. Evimi, kitabxanamı, suyumu, havamı itirmişəm. Atam, anam Bakıda yurd həsrətilə vəfat ediblər. Mən torpağımı istəyirəm. Erməni isə vermir. Demək, müharibə labüddür”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəylinin fikrincə, Azərbaycan Silahlı Qüvvələri müasir, texniki bazaya malikdir. Buna görə o, ehtiyac duyularsa əsgərlərimizin mənəvi-psixoloji hazırlığı prosesində iştirak edə, yaxud ön cəbhədən reportajlar hazırlaya bilər.

“İkinci Qarabağ savaşı gec-tez olacaq. Bu lokal hərbi əməliyyatlar vasitəsilə də baş tuta bilər, genişmiqyaslı müharibə ilə də. Hər şey dünyada və regionda baş verən proseslərdən, Qərb-Rusiya qarşıdurmasının nəticəsindən və digər amillərdən asılıdır. Amma Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması və Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızın bərpası üçün döyüşmək mütləq lazım gələcək. O ki qaldı mənim İkinci Qarabağ müharibəsində iştirakıma, bu məsələdə boğazdan yuxarı bəyanat vermək istəmirəm.

Azərbaycan idarəçilik sistemi oturuşmuş, güclü bir dövlətdir. 90-cı illərdə "mən də döyüşə gedəcəyəm" kimi fikirlər səsləndirsəydim bu, bəlkə də inandırıcı olardı. Amma indi ən müasir hər texnika və silah sursatla təchiz olunmuş və peşəkarların idarə etdiyi silahlı qüvvələrimiz var və onlar istənilən döyüş tapşırığını yüksək səviyyədə həyata keçirmək iqtidarındadırlar. Belə olduğu təqdirdə mən müharibədə bir döyüşçü hansı işə yaraya bilərəm ki?

Doğrudur, demək olar ki, bütün kiçik və iri çaplı avtomat silahlardan atəş açmaq vərdişim var, hərbi ixtisasım tank əleyhinə idarə olunan raket kompleksinin komandiridir. Hərbi xidmətdə olduğum zaman sovet ordusunun ən elit hərbi birləşməsində 6 ay təlim keçmişəm və sonradan kiçik qrupların tərkibində mülki geyimdə mühüm tapşırıqların yerinə yetirilməsində iştirak etmişəm. Amma o zamandan 26-28 il vaxt keçir. Bu gün, sabah 47 yaşım olacaq. İstəsəm də, istəməsəm də yaş öz sözünü deyir. Bu baxımdan, ehtiyac duyularsa əsgərlərimizin mənəvi-psixoloji hazırlığı prosesində iştirak edə, yaxud ön cəbhədən reportajlar hazırlaya bilərəm. Digər tərəfdən, mən hər zaman silahlı qüvvələrimizin yanında olmuşam. Azərbaycan silahlı qüvvələrinin yarandığı ilk gündən başlayaraq hər gün Azərbaycan əsgərləri müəllifi olduğum marşları xorla ifa edərək yürüş edirlər, döyüşə atılırlar. Buna görə də özümü xoşbəxt hiss edirəm. Amma əgər 18 yaşlı bir Azərbaycan gənci yaşasın deyə ölümə getmək lazım gələrsə düşünmədən gedərəm. Ola bilsin ki, həmin 18 yaşlı gənc mənim yaşıma çatanadək vətənə məndən daha çox xeyir versin”.

Tənqidçi Cavanşir Yusifli müharibənin labüd olduğunu, ya şəhid olmaq, ya da intiqam almağın vacibliyini diqqətə çatdırıb:

“İkinci Qarabağ savaşı labüddür, geriyə yol yoxdur, o torpaqlar uğrunda döyüşüb təmizlənmək şərtdir. O ki qaldı mənim özümün nə formada iştirakıma, neçə ildi bizim hamımız bu müharibənin içindəyik və özümüz-özümüzə uduzuruq, indi düşməni yenmək vaxtıdır. Əsgərlikdə raketçi və daha sonra desant olmuşam. Hansı formadasa iştirak vacibdir, ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!”.

Yazıçı-kulturoloq Aydın Xan Əbilov Ali Baş Komandanın əmrini gözləyir:

“Ölkədəki inkişaf, xalqın cənab Prezidentə, dövlətimizə, Milli ordumuza və özünə olan güvənci görmək necə də xoş idi: İran sərhədi boyunca rayon və kəndlərimizdə gedən quruculuq işləri, asfaltlanmış yollar, cəbhə bölgəsində salınan infrastrukturlar, moden silahlar, igid əsgərlər, tikililər, əkin sahələri, bahalı maşın və kənd təsərrüfatı avadanlıqları, saysız mal-qara, yenicə salınan meşə zolaqları, insanların yüksək əhval-ruhiyəsi, ən əsası da insanlarımızın öz ölkəsinə, dövlət başçısına inamı, söykənməsi adamın qəlbini dağa döndərirdi. İqtisadi inkişafımız, düzələn rifahımız, dövlətin qayğısı adamlarımızı tənbəlləşdirmişdi, hətta Qarabağı da az qala yaddan çxartmışdı, - axı çadır düşərgələrini ən müasir evlərlə dəyişib qaçqınlarımızın da vəziyyətini düzəltmişdik, - amma son hadisələr vətəndaşlarla ordu və dövlət arasında monolit birliyə aparıb çıxartdı. Biz hətta son günlər savaşa getmək istəyən on minlərlə igidlərimizlə fəxr edir, Ali Baş Komandanın bircə işarəsini gözləyirik: baxmayaraq anlayırıq, Prezident İlham Əliyev bütün imkanlardan yararlanır ki, az itkiylə, şəhidlərsiz Qarabağı geri qaytarsın: bir az da səbir etsək, bunun real xeyrini də görərik... Dünən Qarabağa etdiyim səfər bir daha Vətənimlə, millətimlə, insanlarımızla, dövlətimizlə, Milli Ordumuzla, Prezidentimizlə fəxr etməkdə haqlı olduğumu sübut etmiş oldu...

Yaşasın Azərbaycan, dövlətimiz, insanlarımız! Əgər ümumsəfərbəylik elan olunsa, ilk sırada müharibəyə qatılmağa hazıram!”.

Ceyhun Musaoğlu digər həmkarları kimi müharibəyə hazırdır.

“Müharibə pisdir. Elə bir xalq, elə bir adam tapılmaz ki, müharibə arzulasın. Görün düşmən Azərbaycan xalqını hansı dərəcədə incidib ki, biz müharibə arzulamaq məcburiyyətində qalmışıq. Mən jurnalistəm, hansı formada tələb olunsa o formada da istirak etməyə hazıram və borcluyam”

Gənc yazar Elmin Nuri zərurət olarsa müharibəyə görə, gözlərini əməliyyat etdirəcək.

“Zənnimcə, çox gözəl tarixi şansın şahidi olduq. Düşünürəm ki, o şansdan yararlandıq. Düzdür, kənd almadıq, post tutmadıq, amma xarakter olaraq mübarizə aparmağın mümkünlüyünü öyrəndik. Başqalarını demirəm, şəxsən mən ordu və cəmiyyətdə savaş əzminin bu səviyyədə olduğunu bilmirdim. Müharibə ehtimalları hələ də qalıb. Bu ehtimal gücləndikcə savaş əzmi də artır. Mən özüm dağ əsgəri, təmas nöqtəsinin əsgəri olmuşam. Postu çox sevirəm. Postdakı günlərimlə bağlı "Gözlə məni" və "Ana qartal" hekayələrini də yazmışam. Əgər müharibə başlasa ya hərbi müxbir, ya da döyüşçü kimi iştirak edəcəyəm. Gözlərimdən problem var, amma yəqin ki, zərurət olsa gözlərimi əməliyyat etdirib sonra gedərəm”.

Kulis.az-ın əməkdaşı, yazıçı Mirmehdi Ağaoğlunun fikrincə heç bir torpaq insandan qiymətli deyil.

“Azərbaycanın bağladığı nəhəng iqtisadi müqavilələr fonunda, 2015-ci ildə baş tutacaq Avropa olimpiyası fonunda müharibə olacağını zənn etmirəm. Üstəlik inandırıcı olmasa da münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyam. Heç bir torpaq insandan qiymətli deyil. O ki, qaldı müharibənin başlayacağı təqdirdə iştirakım, əgər səfərbərlik elan olunsa, hərbiyə çağırılsam təbii ki , iştirak edərəm. Hərbi mükəlləfiyyət deyə bir şey var”.

Alpay Azər ikinci Qarabağ müharibəsində iştirak etməyə hazırdır.

“İkinci Qarabağ savaşının başlanması siyasi qərarın qəbul olunmasından asılıdır. Müharibə Azərbaycan rəhbərliyinin indiki geosiyasi durumu torpaqların azad olunması üçün əlverişli şərait hesab edib-etməməsindən asılıdır. Başqa variant da ola bilər, düşmən genişmiqyasılı hücuma keçər və Azərbaycan ikinci Qarabağ müharibəsinə başlamağa məcbur olar. Hərbi səfərbərlik olsa, mən də bu müharibədə iştirak edəcəm”.

Qan Turalı isə Afətlərə mesaj ötürməyi vacib bilir.

“Müharibə zamanı hərbi müxbir kimi işləməyə hazıram. Müharibə vəsf zamanı deyil. Afətlər də bunu anlamalıdır”.

Gənc şair Aqşin Evrən isə sülhə inanır: “Böyük ehtimalla müharibə başlamayacaq. Bu hər üç tərəf üçün uğursuz bir addım olar. Mövqe məsələsinə qaldıqda isə müharibə zamanı sülh, ağ göyərçin, humanizm kimi kefiyyətlər keçir arxa plana. İndi ideologiyaya söykənib sülh demək çox asandır. Asandır...

Elə ona görə də gəlin "sülh" deyək, bu məsələ ən məntiqli yolla həll olunmalıdır. Ancaq başlasa, papağımız başımızda, külüngümüz də əlimizdə gedib döyüşərik. Məhv olmamaq üçün məhv etməlisən prinsipi. Təbiətin qəribə qanunauyğunluğudur ki, "müharibə" sözündəki hərflər, "sülh" sözündəki hərflərdən iki dəfə çoxdur. Amma məncə, bu dəfə azlıq çoxluğa tabe olmayacaq. Bəla ataların ölməsi deyil, uşaqların atasız qalmasıdır”.

Dilqəm Əhməd müharibə olarsa jurnalist kimi fəaliyyət göstərib cəmiyyəti məlumatlandırmaq istəyir.

"İkinci Qarabağ savaşı başlamayacaq. Çünki hazırda sanksiyalara məruz qalan Rusiya Qafqazda ikinci bir ocağın yaranmasında maraqlı deyil. Cəbhədəki son hadisələrin sırf Avrasiya İttifaqına qoşulmağımızın istənilməsi ilə bağlıdır. Bəlkə də, ola bilər ki, Rusiya ətraf rayonların qaytarılmasına razı olsun və bunun müqabilində Azərbaycan Avrasiya İttifaqına qoşulmaq təklif edilsin. Amma buna az ehtimal verirəm. Çünki Azərbaycan müstəqillikdən bu yana avrointeqrasiya yolunu seçib və buna da sadiq qalacaq. Özümə gəldikdə isə yaşım müharibədə iştirak etməyə çatır. Nə zaman ehtiyac olsa, gedəcəyəm. Hər halda jurnalist olduğumuza görə, işimizin başında olacıq, vətəndaşları məlumatlandıracağıq".

Elşən Əzim hesab edir ki, vəziyyətdən çıxış yolu yalnız müharibədir:

“Çıxış yolunu yalnız savaşda görürəm. Çünki erməni tərəfi Qarabağda seperatçı rejim yaradıb və adını respublika qoyublar. Beləliklə də özlərini dünya ictimaiyyətinə işğalçı kimi təqdim etmirlər. Məsələni Qarabağ ermənilərinin öz müqəddaratını həll etməsi kimi hallandırırlar. Bu səbəbdən sülh yolu ilə məsələnin həlli çətinləşir. Onların havadarları da qarşı tərəfə heç bir təzyiq göstərmir, Azərbaycan torpaqlarını azad etmək tələbi ilə çıxış etmirlər. Dolayısı ilə mövcud status kvonun saxlanılmasının tərəfdarı olduqlarını ortaya qoyurlar ki, bu da münaqişənin uzun müddət dondurulmasına və ermənilərin vaxt udmasına gətirib çıxara bilər. Bu səbəbdən Azrərbaycan dövləti öz torpaqlarında antiterror əməliyyatlarına başlamalı, separatçı rejimi yerlə yeksan etməlidir. Düşünürəm ki, buna gücümüz çatar. Mən birinci Qarabağ savaşının iştirakçısı olmuşam və xəsarət almışam. Yenə də hansı sahədə məsləhət olarsa xidmət etməyə hazıram. Könüllü əsgər kimi, hərbi müxbir kimi və s.”

Faiq Balabəylinin sözlərinə görə, duayla donuzu məsciddən çıxartmaq olmaz. Buna görə müharibə etmək lazımdır.

“Müharibə olacaq. Ən azından “dua oxumaqla donuz məsciddən çıxmaz” deyimini nəzərə almalıyıq. Torpaqlarımıza qayıtmasaq ölkənin gələcək taleyi şübhə altında ola bilər. Bu baxımdan üzücü danışıqların fayda vermədiyi bir məqamda silahlı qüvvələrimiz sözünü deməlidir. O ki qaldı mənim hansı formada olmağıma, mənə hərbiçi demək olar. mən mülkü gəmilərin zabiti, gəmi kapitanıyam həm də. düşünürəm ki həm əsgər, həm də jurnalist kimi cəbhə bölgəsində heç kəsə mane olmaram.”

Yazıçı Varis müharibəyə hər an hazı olduğunu bildirir.

“Təbii ki, hər bir ölkə vətəndaşı kimi mənim də arzum budur ki, torpaqlarımız azad olunsun, qalibiyyət bayrağımız dalğalansın. Hər birimizin borcudur ki, istər müharibə, istərsə də sülh yolu ilə həyata keçəcək bu azadetməyə öz töhfəmizi verək. Müharibə ilk öncə peşəkar hərbçilərin, ardınca da ehtiyac olarsa vətənpərvər könüllülərin işidir. Əlbəttə ki, ehtiyac olarsa vətənpərvər könüllü kimi mən də silaha sarılaram.

Bununla belə, bir yazıçı kimi xalqımın haqq işinə yaramaq - dünya ictimaiyyəti üçün Qarabağ barədə əsil həqiqətlərin bədii ədəbiyyat şəklində ortaya qoyulmasına can atmaq mənim missiyamdır. Bacardığım qədər bu missiyamı həyata keçirməyə can atıram. Ədəbiyyat çox güclü bir silahdır”.


Yazıçı Aslan Quliyev vaxtilə çox ov edib. Buna görə müharibədə də ov etməyə hazırdır.

“Müharibənin başlama ehtimalı haqda heç nə deyə bilmərəm. Məncə, Azərbaycanda bunu bir kimsə bilə bilməz. Çünki nə biz, nə də ermənilər istəsək də böyük güclərin razılığı olmadan müharibəyə başlaya bilmərik. Şəxsən mənim bildiyim nədir, qışda Rusiya sanksiyalara cavab olaraq Avropanı qazla imtahana çəkəndə bizi də öz yanında görmək istəyəcək, yəni Bakı-Ceyhanın da neft nəqlini dayandırmasını istəyəcək. Bunu nə cür eləyəcək, məsələ bundadır. Həm də qərbdən meyvə-tərəvəz idxalını dayandırandan sonra Azərbaycana daha zəruri ehtiyacı var. Bir sözlə, mənim qənaətimcə, Rusiya Azərbaycanı yanında görmək istəyir. Ya da tam tərsinə, indi Azərbaycanın, xüsusi ilə də Bakı-Ceyhanın onun üçün ikinci nəfəslik rolunu oynayacağını da düşünə bilər. Müharibə başlayarsa sıravi döyüşçü kimi iştirak eləmək istəyərəm. Vaxtı ilə çox ov eləmişəm. Tüfəngdən ata bilirəm”.

Hazırladı: Emin Piri


Teqlər:  





Xəbər lenti