“Kung-fu Panda”nın gözü ilə Azərbaycan cəmiyyəti

“Kung-fu Panda”nın gözü ilə Azərbaycan cəmiyyəti
  05 Avqust 2014    Oxunub:16251
Yalçın İslamzadə

İkinci Dünya müharibəsində məğlub olan Yaponiyada yaşayan amerikalıların yaponları daha yaxşı anlaması üçün antropoloq Rut Benediktə bu xalqın etnopsixologiyası haqqında kitab yazması sifariş verilir. Yaponiyanı heç vaxt ziyarət etməmiş Rut Benedikt, yapon filmlərini, bədii əsərləri, yapon qəzetlərini incələyərək və Amerikadakı yaponlarla görüşərək bu gün də etnopsixologiyanın klassikası sayılan “Xrizantem və Qılınc” əsərini yazır.


Benediktin tövsiyələrini nəzərə alaraq, Franklin Ruzvelt Yaponiyada İmperator Sarayının ləğv edilməməsinə və Kioto şəhərinin bombalanmamasına razılıq verir. Benedikt amerikalılarla yaponları müqayisə edərkən amerikalıların “günah”, yaponların isə “utanma” kültürünə aid olduqlarını iddia edir. Utanma psixologiyası, fərdi əxlaq və digərləri qarşısında “simasını itirməmə”-nin əhəmiyyəti üzərində qurulur.

Yaponiya öz unikallığı, iqtisadi və texnoloji uğurları sayəsində haqqında bəlkə də ən çox yazılan mədəniyyətdir - iki dünya müharibəsində məğlub olan, ərazisinin 80%-i dağlıq və seysmik bölgə olan, iki atom bombası atılmış bu ölkə haqqında Sovet dövründə yazılmış V.Ovçinnikovun “Sakura budağı” və V. Pryannikov, İ. Ladanovun “Yaponlar: etnopsixoloji oçerklər” kitabları da kifayət qədər maraqlı sayıla bilər.

“Axırıncı Samuray” və “Geyşanın memuarları” filmləri də yapon mədəniyyəti haqqında dəyərli bədii mətnlərdir - ilki bir az dəyişdirilsə də, hər iki film tarixi reallıqlara əsaslanır. Yaponiya haqqında yaponların çəkdikləri maraqlı filmlərdən Akira Kurosavanın “Yeddi samuray” və T. Ketanonun qara yumor şah əsəri “Getting Any?” filmini misal göstərmək olar.

Umberto Eko bir müsahibəsində deyir: “Bəli, mən həmişə demişəm, Corc Buş rusların və ingilislərin Əfqanıstan haqqında yazdıqları kitabları oxusaydı, heç vaxt ora soxulmazdı. O, başa düşərdi ki, həmin dağlarda hamı məğlubiyyətə düçar olub, hətta Böyük İsgəndərin özü də geri çəkilməyə məcbur olmuşdu. Lakin ona məsləhət verə biləcək bir ziyalı tapılmayıb.

Yaxud Hitler sərhəddən Moskvaya qədər olan məsafənin neçə kilometr olduğunu və Rusiya qışının necə sərt keçdiyini bilsəydi, çətin ki, SSRİ-yə hücüm etmək haqda düşünərdi. Bunun üçün “Hərb və Sülh” romanını oxumaq kifayət idi”.

Yuxarıdakı iki paraqraf iki fərqli yanaşmanı təsvir edir: bilgiyə dayanaraq idarə etmək (menecmentin bir tərifi də budur) və gücdən gələn qürura əsaslanaraq işğal etmək.

Qloballaşmanın nə olduğunu alman filosof Martin Haydeqqer dəqiq ifadə edib: “Düşünülmüş bir simvol olaraq dünyanın fəthi” . Şirkətlərə görə dünya qlobal market, dinlərə görə xilas edilməli olan günah məkanı, imperialist dövlətlərə görə fəth edilməli torpaqlar və bu torpaqlardakı sərvətlərdir.

Qloballaşmanın vüsət aldığı, mədəniyyətlər, xalqlar və insan qruplarının bir-birlərinə nüfuz etdikləri, dövlətlərin maraqlarının sərhədləri aşdığı günümüzdə etnopsixologiyanın əhəmiyyəti daha da artır. İnsanlar özlərini və ölkələrini digərləri və başqa ölkələrlə müqayisə etməyə meyillidirlər. “Başqası” olmadan özünü və mədəniyyətini fərqləndirmək, onu anlamaq mümkün deyil. İnsanın və millətin özünü tanıması və formalaşması başqaları ilə müqayisədə baş verir. Öz millətinin ya da başqa mədəniyyətin psixologiyasını açan mətnlər həmişə maraq doğurub. Bir tərəfdən yazıöncəsi təbii cəmiyyətlərin öyrənilməsi, eyni anda müasir cəmiyyətlərin araşdırılması insan haqqında düzgün təsəvvür yaranması üçün zəruri addımdır.

Yazılı və vizual sənət nümunələri ixtisası antropoloq olmayan insanlar üçün maraqlı qaynaqlar ola bilərlər. Bədii əsərlərin səhnəarxasını bir az araşdırmaq və müəyyən kontekstə oturtmaq bunun üçün kifayətdir.

Türk filmi “Rəcəb İvedik”-dəki eyniadlı obraz, insanlara tanış bir tip olmasa idi, bu qədər populyar olmazdı. Türk toplumunda həm “GORA”-nın qəhrəmanı Arif kimi çoxbilmiş şəhərli, həm Rəcəb İvedikin qəhrəmanı kimi kobud insanlar bilinən tiplərdir. Türk reklam sənayesinin uğurları da reklamçıların cəmiyyəti yaxşı tanıması ilə izah edilə bilər.

Azərbaycanda isə təəssüf ki, yaradılan obrazlar pafoslu və reallıqdan uzaqdır, ya da məişət tipinin təsviridir. Bizdə ciddi ədəbiyyatın yaranmamasının bir səbəbi də insanın yaxşı öyrənilməməsidir. Azərbaycanı anlamaq istəyənlərin müraciət etdiyi yeganə kitab hələ də bir əsrlik “Əli və Nino”-dur. İstənilən ciddi mətn isə doğru yanaşma ilə hermenevtika mövzusudur.

2008-ci ildə çəkilmiş “Kung fu Panda” animasiya filmi Çin mədəniyyətinin incəliklərinə necə dərindən nüfuz etməsi ilə çinliləri belə heyrətləndirmişdi. Filmin musiqisini “Axırıncı samuray”, “Qladiator”, “İncə qırmızı xətt” kimi məşhur filmlərə də musiqi yazmış Hans Zimmer bəstələmişdi. Zimmer musiqini bəstələyərkən Çini ziyarət etmiş və Çin Simfonik Orkestri ilə çalışmışdı.

Filmdəki xarakterlər də diqqətlə seçilib: Uqvey müdriklik simvolu tısbağadır (“Uqvey” çincə tısbağa deməkdir), kung-fu müəlliminin adı Şifudur - çincə “ustad” deməkdir. Digər qəhrəmanlar Pələng, İlan, Durna, Meymun və Peyğəmbər böcəyi, kung fu döyüş növündəki məşhur stillərin adına uyğun seçiliblər.

Konfutsinin xəyal edəcəyi qədər harmonik bir cəmiyyət qurulmuş vadidə görünüşdə hər şey normaldır. Ölmək üzrə olan Uqvey Şifuya Tai Lunqun geri qayıdacağını bildirir. “Əjdaha döyüşçü” statusunu almaq istəyən Tai Lunq, ona bu ünvan verilmədikdə (Uqvey onun mənəvi cəhətdən yetərli olmadığını düşünür) zor tətbiq etməyə çalışır və həbs olunur.

Şifu filmin sonunda Tai Lunqun eqosunu, onu əjdaha döyüşçüsü kimi hazırlamaqla lazımsız yerə şişirdiyini anlayır. Tai Lunq vadidə anadan olmayıb, təhlükə olmasının səbəbi bəlkə də “yad” olmasıdır, uşaqkən vadiyə gətirilib və Şifu onu övladlığa götürür. Paradoksal olaraq, Tai Lunqun həbs şəraitinin gücləndirilməsi üçün Şifu tərəfindən zindana göndərilmiş Zanq adlı qazın lələyindən istifadə edərək həbsdən qaçır. Olacaq olan baş verməlidir, Şifu yaratdığı problemlə üzləşməli və onu həll etməlidir.

Uqvey, gözlənilənin əksinə, qarınqulu Ponu “əjdaha döyüşçüsü” seçərək və işin yerdə qalanını Şifunu üzərinə ataraq, dünyadan köçür. Tənbəl, çox danışan, qorxaq və bacarıqsız panda ilə Şifu bir müddət sonra Ponun Tai Lunqa qalib gələ bilməyəcəyinə əmin olurlar. Ancaq Şifunun təlimdə Ponun zəifliyindən - yemək düşkünlüyündən istifadə etməsi və Ponun atasının heç bir sirli formul olmadığını, sadəcə inanmanın bəs etdiyini deməsi Poya Tai Lunqu məğlub etmə cəsarəti verir və Konfutsivari vadidə hər kəsin yerini tapdığı, harmonik cəmiyyət yenidən qurulur.

Şifu bir Zen ustası kimi yaratdığı problemlə üzləşir və problemi həll edir, Tai Lunq həbsdə qalsa idi, bir zaman azad olma ehtimalı belə vadidəkiləri narahat etməyə bəs edirdi.

Antropolojik bilgi insanın zehnini zamanda keçmişə və gələcəyə, məkanda isə bütün dünyaya genişləndirir. İnsan müxtəlifliyinin anlaşılması norma sayılanların əslində stereotip olduğunu ortaya çıxarır. Ənənəvi olaraq bizdəki vəziyyətə baxsaq, vəziyyət ürəkaçan deyil. Bizə dair nə elmi, nə də bədii ciddi əsərlər yoxdur. Populyar kültürün yaratdığı obrazlar “atan”, “yalançı”, “fırıldaqçı” obrazlarıdır. Ya da pafoslu məişət qəhrəmanlarıdır.

Paytaxtda belə, hələ də qaradərili insanın arxasınca baxanlar çoxdur. Bütün zəncilər “qarabala”, hindistanlılar “Cimi”, orta asiyalılar “əkə”- dirlər. Dünyada kosmosa öz imkanları ilə insan göndərə bilən üç ölkədən biri olan Çin isə “kitayski” malların vətəni olaraq tanınır.

Çini “kitayski” mallara görə tanımaq, Türkiyəni bizə arabesk gətirməkdə ittiham etmək yerinə, bu mədəniyyətlərlə təmas nöqtəmizi belə aşağıdan seçdiyimiz üçün özümünü günahlandırmalı deyilikmi? “Bizə nə verdilər” yerinə, “biz nə götürdük” deyə düşünməli deyilikmi? 2013-cü ildə Türkiyənin təkcə sənaye avadanlığı ixracı 13 milyard dollar oldu. Hazırda Çin “Elmi İnkişaf Konsepti”-nə uyğun olaraq konfutsinin “harmonik cəmiyyət”ini qurmağı yenidən qarşısına məqsəd qoyub.


Teqlər:  





Xəbər lenti