Şəhidlərin açdığı gözlə gördüklərimiz

Şəhidlərin açdığı gözlə gördüklərimiz
  05 Avqust 2014    Oxunub:7170
Emin Piri

13 şəhid verdik 3 günə. Axan göz yaşlarını anlamamaq mümkün deyil. Amma qurban verilən canlar bizə nələri qazandırmadı ki... Düzdür, indi torpaqları azad etmədik, amma ruhumuzda o azadlığın təməli qoyuldu. Qazanmağın yolunu göstərdilər. Qələbə qoxusunun nəfəs qədər yaxın olduğunu sübut etdilər.


Onlar bizə anlatdı. Anlatdı ki, əsgəri anlamaq üçün, azadlığı duymaq üçün bulvarın yox, səngərin qoxusunu udmalısan!

Utandırdılar. Utandırıb içimizdəki ölmüş məni oyatdılar. Anlatdılar ki, Vətən sevgisinin, azadlığın nə olduğunu, əsgərin nə çəkdiyini bilmək üçün virtual inqilabçı yox, gecə sübhə kimi, -20 dərəcədə və ya yayın qaynar istisində çiynində silah düşmən qarşında durmalısan!

Gözümüzü açdılar. Göstərdilər ki, əsgəri sevmək Praqadan, Parisdən əcnəbi dildə mesaj yazmaq yox, Ağdamda, Tərtərdə səngər qazmaqdan qabar olmuş əsgər əlini sıxmaqdır!

Hamı gördü ki, heç nəyə baxmayaraq, xalq bəzilərinin dediyinə rəğmən, yatmayıb. Qarabağı unutmayıb. Əsgərinə biganə deyil. Ürəyi cəbhənin nəbzilə vurur. Və hər an əsgərinə sahib çıxmağa, hazırdır.

Xalq göstərdi ki, ölkənin işğaldan kənarda olan bütün ərazisi hər an arxa cəbhə olmağa hazır və qadirdir.


Son hadisələrdən istifadə edib xalqın mübarizə əzmini qırmaq, əhalidə qorxu hissi yaratmaq istəyənlər, sosial şəbəkələrdə azərbaycanlı adıyla qeydiyyatdan keçən erməni əlaltılarının təbliğatına azacıq uyanlar da oldu. Bir-bir qara lent təbliğatı ilə məşğul olub, özlərini kənd sakini, hərbiçi kimi jurnalistlərə təqdim edib etibarlı mənbə rolunu oynadılar. Bəzi saytlardan buna uyanlar da oldu. Amma ümumilikdə bu saytlara, təbliğata, sözlərə inanan olmadı. Olsa da, olmamış kimi bir şey saya bilərik.

Bəzi bəsit köşələrlə kosmopolit siması yaradıb bəlkə də gələcəyin hansısa mükafat almaq iddiasında olan, özünü fərqli göstərmək istəyən yazarların xalq üçün heç bir əhəmiyyət daşımadığını göstərdi. Göstərdi və xalqın ürəyinin səngərlə döyündüyünü sübut etdi.

Vətən statuslarını yazanları lağ oyektinə qoyanları da gördük, gələcək siyasi karyerasını düşünüb lağa qoymasa da, susanları da. Gördük və qeyd etdik beynimizin bir guşəsinə... Kiminin ayağını mina qızdırır, kiminin ayağını Bakı asfaltı. Və durub yayın istisindən, Azərbaycan haqqında deyilən şirin sözlərin qaynarlığından şikayət etdilər.

Kiminin alnından, kiminin ürəyindən, kiminin gözlərindən öpdü güllələr. Qarşısında bir məzar və şəkil qalan anaların əlindən öpürəm. Bu xalqı titrədib, içindəki mənliyi oyatdığını görə, Azərbaycanı ruhən bir etdiyinə görə!


Teqlər:  





Xəbər lenti