“Deşiksiz olmaz!”

// Avropa İttifaqı “Apple”ın yeni inqilabının qarşısını kəsdi

   “Deşiksiz olmaz!”
  26 Mart 2025    Oxunub:2560
“Apple” şirkəti 2025-ci ildə heç bir qoşulma yeri (slot) olmayan telefon aparatı buraxmaq istəyirmiş. Amma Avropa İttifaqının qanunları şirkətin iddialı layihəsinə mane olub.
“Bloomberg”in məlumatına görə, “iPhone 17 Air” adlı aparatda fiziki qoşulma üçün heç bir port, hətta USB Type-C də nəzərdə tutulmayıbmış. Bütün qoşulmalar, o cümlədən, cərəyan toplama simsiz həyata keçiriləcəkmiş.

Bütöv korpus cihazı daha incə, toza və nəmə qarşı daha dözümlü edəcəkdi. Amma “inqilab” baş verməyib.

Məsələ ondadır ki, Avropa İttifaqının 2022-ci ildə qəbul etdiyi qanuna görə, onun ərazisində satılan bütün qurğular 2024-cü ilin sonuna qədər “Type-C” portu ilə təchiz olunmalı idi. Qanunun məqsədi elektrik sərfiyyatını azaltmaq və istifadəçilərin işini yüngülləşdirməkdir. Məhz bunun nəticəsində “Apple” şirkəti “Lightning” adlı fərqli qoşulma girişindən imtina etməli olmuşdu. Amma eyni qanun onun növbəti innovasiyasının qarşısını kəsdi.

Layihənin reallaşdırılması həqiqətən də smartfon dünyasında inqilab ola “Apple” şirkətinin innovativ imicini xeyli möhkəmləndirə bilərdi.

Bu hadisə göstərir ki, nizamlayıcı orqanlar hətta nəhəng şirkətlərin belə, qərarlarına təsir etməyi çox yaxşı bacarırlar.

Samir Quliyev
AzVision.az


Teqlər: Texnologiya   Apple  





Xəbər lenti