Təəssüf ki,texnologiyalar üstün yeniliklər gətirməklə yanaşı təhlükələr də yaradır. Bu barədə “Human Technology” Mərkəzinin həmtəsisçisi və texnologiya etikası üzrə mütəxəssis Tristan Harris də Davosda CEO-ların qarşısında “süni intellekt sunamisinin yaxınlaşdığını” bildirərək xərdarlıq etmişdi.
Hazırda müşahidə etdiyimiz bu mədəni dəyişiklik, əslində, “bəşəri dəyişiklik” adlandıra biləcəyimiz daha geniş bir prosesin tərkib hissəsidir. Qlobal iqlim dəyişikliyinin ciddi tədbirlər tələb etdiyi kimi, texnologiyanın insanlara, xüsusilə də uşaqlarımıza və gənc nəsilə təsiri də eyni dərəcədə diqqət mərkəzində olmalıdır. Əks halda, gələcəkdə bunun ağır nəticələri ilə üzləşəcəyik. Manipulyativ alqoritmlər, asılılıq yaradan dizayn xüsusiyyətləri və “diqqət iqtisadiyyatı”na əsaslanan biznes modelləri insan potensialını gücləndirmir, əksinə zəiflədir.
Ən böyük risk – uşaqlarımızın gələcəyi
Uzun-uzadı araşdırmalar göstərir ki, müasir uşaqlar real həyatda ünsiyyətdən çəkinirlər və daha çox virtual dünyaya meyllənirlər. Bu isə "təklik epidemiyası"nın yayılmasına, uşaqlarda sosial bacarıqların - emosional intellektin, dözümlülüyün və real münasibətləri inkişaf etdirmə qabiliyyətinin zəifləməsinə səbəb olur.

Problemin miqyası ortadadır: biz texnoloji inqilabın uşaqlarımızın potensialını sarsıtdığı və tənhalığa sövq etdiyi bir dövrdəyik.
Məsələn, Azərbaycanda yeniyetmələr gün ərzində orta hesabla səkkiz-doqquz saat ekran qarşısında vaxt keçirir, bunun da təxmini beş saatını sosial mediaya sərf edirlər. Elmi araşdırmalar göstərir ki, bugünkü uşaqlar virtual dünyada daha çox vaxt keçirirlər və bu, onların sosial bacarıqlarına ciddi təsir edir, onlarda gərginlik (tibdə-anksiyete) yaradır. “Narahat Nəsil” kitabının müəllifi, psixoloq Conatan Haydt da xəbərdarlıq edir ki, smartfon və digər elektron cihazlardan normadan artıq istifadə gənclərdə diqqət pozğunluğu yaradır və onların problem çözmə bacarığını azaldır.
Problemin astanasında
Məsələ burasındadır ki, bütün bunlar gələcəyin problemi deyil, biz artıq fəsadları hiss edirik. İşəgötürənlər "Z" nəslinin (Gen-Z) nümayəndələrini işə götürməkdə tərəddüd edirlər, çünki bu nəsilin problem həll etmə bacarıqları kasaddır, ünsiyyət qurmağa çətinlik çəkirlər, fikirləri sayrışandır və tənqidə tab gətirmirlər. Bir çox şirkət iş müsahibələri zamanı gənclərin göz kontaktı qurmaqda çətinlik çəkdiyini bildirir ki, bu da virtual ünsiyyətin dominant olduğu bir nəsilə xas xüsusiyyətdir.
Təhlükəni görmək və tədbir tökmək vaxtıdır
Texnologiyanın insan həyatına təsirləri mütəmadi diqqət mərkəzində olmalıdır. Müvafiq şirkətlərin AI ( "Artificial İntellegence"- Süni İntellekt) sahəsində üstünlük uğrunda mübarizə apardığı bir dövrdə insan amili prioritet olmalıdır.
Problemin miqyası aydındır: biz uşaqlarımızın potensialını məhdudlaşdıran və cəmiyyətdə təkliyi körükləyən texnoloji inqilab yaşayırıq. Bu, təkcə valideynləri deyil, bütün cəmiyyəti narahat etməlidir. Hər birimiz məsuliyyət daşıyırıq!
Valideynlər uşaqlarının 16 yaşına qədər smartfon və sosial mediadan uzaq qalmasını təmin edə bilərlər. Məktəblər isə telefonları qadağan etməlidirlər, çünki sübut olunub ki, smartfonsuz mühit diqqəti, akademik nəticələri və psixi sağlamlığı yaxşılaşdırır. Hökumətlər də hərəkətə keçməlidirlər: texnologiya şirkətlərini daha ciddi tənzimləməli və “qayğı borcu” prinsipini tətbiq etməlidirlər. Məsələn, Avstraliya 16 yaşdan aşağı uşaqlar üçün sosial medianı qadağan edərək nümunə göstərib. Süni İntellektdən qaynaqlanan risklərin qarşısını almaq üçün Böyük Britaniya
"İnternet Təhlükəsizliyi" qanununu, Aİ isə "Rəqəmsal Xidmətlər" aktını qəbul edib.
Hərçənd ən böyük məsuliyyət texnologiya kompaniyalarının üzərinə düşür. Onlar biznes strategiyalarında uşaq təhlükəsizliyini hər şeydən üstün tutmalıdırlar. Əks halda, cinayət məsuliyyətinə cəl edilməlidirlər. Xatırladaq ki, Character.AI uşaqlara zərər vurduğuna görə, TikTok isə “Blackout Challenge” çağırışı nəticəsində uşaq ölümlərinə səbəb olduğu üçün məhkəməyə verilib. Təbii ki, bu, onların təkcə imiclərinə deyil, həm də gəlirlərinə ciddi ziyan vuracaq.
Bir sözlə, gələcək nəsillərin rifahı həm biznes, həm də siyasət gündəminin mərkəzində olmalıdır. Texnoloji inqilab fonunda uşaqları qorumaq təkcə mənəvi borc deyil, eyni zamanda cəmiyyətimizin gələcəyi üçün zəruridir. Əgər bu məsələyə indi müdaxilə etməsək, gələcək nəsillər ciddi fəsadlarla üzləşə bilər. Texnologiyanın insan yönümlü olması üçün onu düzgün idarə etməliyik.
Səbinə Həsənova
AzVision.az