Bakıda Beynəlxalq Forum keçiriləcək

Bakıda Beynəlxalq Forum keçiriləcək
  20 Aprel 2013    Oxunub:1140
Avropa Gənc Alimlərinin I Beynəlxalq Bakı Forumu keçiriləcək
20-25 may 2013-cü il tarixlərdə Bakı şəhərində "Avropa məkanında çağırışlar: Avropa Gənc Alimlərinin I Beynəlxalq Bakı Forumu" keçiriləcəkdir. Forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı və EURODOC - Avropa Gənc Alimlər Şurasının təşkilati dəstəyi ilə keçirilir.

Forumun keçirilməsində əsas məqsəd Avropanın gənc alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, qarşılıqlı və birgə elmi tədqiqatların aparılması üçün şəraitin yaradılması, Avropa gənc alimləri, elmi tədqiqatçıları arasında şəbəkənin genişləndirilməsi və Azərbaycan alimlərinin Avropa elmi mühitinə inteqrasiyasının intensivləşdirilməsindən ibarətdir.

Qeyd edək ki, Forum çərçivəsində tədbirin rəsmi açılış mərasimi, “Kəsişən maraqlar: Avropalı gənc alimlərin yeni elmi istiqamətlərinin nəzəri əsasları - yanaşmalar, nəticələr” mövzusunda plenar sessiya, eləcə də aşağıdakı mövzuları əhatə edən paralel sessiyalar keçiriləcəkdir:

· İqtisadiyyat və sosiologiya: Elmin iqtisadi inkişafı, problemlər və yeni metodlar, alimlərin biznes və iqtisadi strukturlarla əməkdaşlığı və inteqrasiya.
· Texniki elmlər: texnika, nano texnologiyalar, İKT sahəsində yeni işlər.
· Tibb, Biologiya və Kimya: Biologiya, kimya və tibb sahəsində Avropa gənc alimlərinin elmi nəticələri.
· Yer elmləri və Ekologiya: yer elmləri sahəsində Avropa alimlərinin əldə etdikləri nəticələr; biomüxtəliflik, torpağın çirklənmə və deqrodasiyadan qorunması, suyun vəziyyəti.
· Tarix, fəlsəfə, mədəniyyət: Avropa gənc alimlərinin humanitar sferada əməkdaşlığı.
Foruma Avropa Gənc Alimlər Şurası - EURODOC-a üzv olan Avropanın 35 ölkəsindən və 2 müşahidəçi ölkədən ümumilikdə 200-dək gənc alim qatılacaqdır. Eyni zamanda tədbirdə Avropanın tanınmış alim və professorlarının da ekspert qismində iştirak edəcəyi nəzərdə tutulmuşdur.

Forumda iştirak etmək istəyən azərbaycanlı iştirakçılar - gənc alim və tədqiqatçılar yuxarıda qeyd olunmuş mövzulara uyğun tezisləri (azərbaycan və ingilis dillərində, 3 səhifədən çox olmamaq şərti ilə) [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər. Azərbaycanlı iştirakçıların qeydiyyatı 5 may 2013-cü il tarixədək davam edəcək.

Qeyd edək ki, Forumda iştirakçı qismində yalnız 42 yaşa qədər alim və tədqiqatçılar iştirak edə bilər.

Əlavə məlumat üçün:

Tel.: (012) 465 84 15


Teqlər:





Xəbər lenti