Bu gün Qədr gecəsidir
Allah-Təala Qurani-Kərimdə buyurur: “Həqiqətən biz onu (Quranı) Qədr gecəsi nazil etdik!”.
Dindarlar bildirirlər ki, Qədr gecəsi elə bir gözəl gecədir ki, Allah-Təala o gecədə elə bir mərhəmət, sağlamlıq və əmin-amanlıq nazil edir.
Hədislərdə nəql olunur ki, o gecə şeytan möminlərə yaxın düşə bilməz. Hər kəs bu gecənin ləzzətini, mənəvi gözəlliyini hiss etmək və günahlarının bağışlanmasını istəyirsə, bu gecəni ibadətlə keçirməli, mələklərin salamına cavab verməlidirlər.
Qədr gecəsi əhya saxlamaq, yəni səhərədək oyaq qalmaq savab sayılır.
Həmin gecədə təkcə oyaq qalmağın özü də ibadət sayılır. Çünki oyaq qalmanın özü bu mübarək gecəni ilin başqa günlərindən tamamilə fərqləndirir. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası insanın sanki Quranı qarşılamasıdır.
Allah-Təala tərəfindən Ramazan ayına verilən fəzilət və üstünlük onda baş vermiş mühüm hadisələr və qədr gecəsidir.
Qədr gecəsi Allah insanların dualarını qəbul edir və mələklər yerə enib insanları salamlayırlar
Qədr gecəsi ilə əlaqədar əhya (oyaq qalma) gecələrinin keçirilməsi haqqında:
I əhya gecəsi - Ramazan ayının 18-dən 19-na (bu il üçün avqustun 19-dan 20-nə) keçən gecədir;
II əhya gecəsi - Ramazan ayının 20-dən 21-nə (avqustun 21-dən 22-nə) keçən gecədir;
III əhya gecəsi - Ramazan ayının 22-dən 23-nə (avqustun 23-dən 24-nə) keçən gecədir.
Qeyd: Ümumiyyətlə, imkan daxilində, mübarək Ramazan ayının bütün gecələrində əhya saxlamaq tövsiyə edilir. Lakin bu mümkün olmasa, Ramazan ayının 18-dən 19-na keçən gecədən başlayaraq, ayın sonuna kimi əhya saxlamaq məsləhətdir. Bu da çətinlik törətsə, onda qeyd olunmuş 3 gecəni əhya saxlamaq yaxşı olar.
Mübarək Ramazan ayının mühüm proqramlarından biri olan
Qədr gecəsi haqqında:
Qədr gecəsi - elə bir gecədir ki, 1000 aydan üstündür. Bir gecədir ki, onun 1000 ay cihaddan, 1000 ay ibadətdən, 1000 ay səltənət etməkdən üstün olduğu buyrulub. Bu elə bir şərafətli gecədir ki, insanların ruzisi, onların əcəlləri və digər işləri bu gecədə tə’yin edilir. Bu bir gecədir ki, onda Qur’an nazil olunub. Bu əzəmətli gecənin mübarəkliyi Qur’ani-şərifin özündə bildirilir.
Qədr gecəsi ilə əlaqədar tövsiyələr:
1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;
2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;
3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;
4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün mö’minlərin öz üzərində haqqını halal etmək;
5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;
6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Qur’an oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.
Teqlər: