PƏRDƏARXASI - YUĞ-dan salam... - FOTOLAR

PƏRDƏARXASI - YUĞ-dan salam... - FOTOLAR
  19 Aprel 2013    Oxunub:4251
“Kafkadan salam”... Tamaşa öncəsi və böyük təəssüratlar...
“Bizim hazırladıqlarımız tamaşa deyil ki, siz gəlib əl çalasınız, tərifləyəsiniz ya da tənqid edəsiniz... Bunlar müxtəlif dərəcədə tutan, təsir edən ayinlər, rituallardır...”

Murtuza Muxtarov 83... Bu ensiz qapıda sizi hündürboy, israrla hara gəldiyinizi soruşan mühafizəçilər deyil, gülərüzlü aktyorlar və varlığını hər addımda hiss etdiyiniz Vaqif İbrahimoğlu portreti qarşılayır. Əlavə suala ehtiyac qalmır, çünki YUĞ-un qapısını döymüsünüzsə, nə üçün gəldiyiniz artıq məlumdur... Nitşenin dediyi kimi, bura HAMI VƏ HEÇ KƏS ÜÇÜNDÜR...

“Kənar şəxslərə giriş qadağandır” yazılı qapının arxasında isə sizi nə zahiri görünüşü, nə də mehribanlığı ilə direktoru xatırlatmayan Tərlan Rəsulov gözləyir...

Əşyalarınızı ərklə direktorun otağına qoyub həyəcanla aktyorların yanına tələsirsiniz... Bu tamaşaya qədər yaxşı tanıdığınız zəhmli Vidadi İsmayılın əslində nə qədər sevimli olduğunu görür, Məmməd Səfanın o bariton səsi altında titrəyir, Fərhad İsrafilovun zarafatları ilə bu həyəcandan xilas olmağa çalışır, Sona Mikayılovanın filmlərdən tanış doğma səsini dinləyir, otaqda var-gəl edən Qasım Nağıya gülümsəyir, Hikmət Rəhimovun səliqəsiz qrimini düzəliş edən Yaqut Paşazadənin gözlərinə baxmaqdan doymursunuz...

“O yerində mənə işarə verərsən, yaxşısı budur, əlini saçına çəkərsən”... Bu teatrda hər şey, ən xırda detallar belə tamaşadan əvvəl danışılır, vərəqlərə yazılır, qeydlər aparılır... Bu teatrda heç kim tərəf müqabili sindromu ilə yaşamır...

“Teatr dedikdə, o, nə rejissordur, nə dramaturqdur... Teatr aktyordur !!! YUĞ-da isə aktyor və ya aktrisa yoxdur. YUĞ-da mediatorlar var, biz mediatorluq edirik...”

YUĞ-da tamaşa ilə reallıq arasındakı o sərhəd bir göz qırpımında keçilir... On dəqiqə öncə yanında dayanan və indi ölçüsü kiçik, ancaq sənə verdiyi enerjisi böyük olan səhnədə dayanan aktyorların rolda olub-olmadığı düşüncəsi səni tərk etmir...

“Mən mediumam, mən mediumam” deyib Frans Kanın ruhunu çağıran və elə tamaşa zamanı sənə şokolad uzadan Vidadi İsmayılın hansı anda özü, hansı anda obrazda olması səninçün müəmma olaraq qalır...

“... Odur ki, qara pişiklərin izdivac gecələri hələ də bitib-tükənmir bu yer üzündə” misraları... Elə ilk dəqiqələrindən əl-qolu bağlanıb bir küncdə oturan, öldürülən və öldürən ata Fərhad İsrafilovun tamaşa boyu atdığı replikalar yalnız güldürmür...

Ruhuna ünvanlanan beş sual qarşısında susan Möhtərəm Ka – Qasım Nağının işıq altındakı qıcolmaları, balaca şeypurdan gələn səslər sükutu poza bilir...

“Hoqqa... Mən hoqqa çıxardıram” sözləri ilə monoloquna başlayan ancaq dəqiqələr sonra sakitcə stol arxasına keçib “Başlayaq” deyən Sona Mikayılova qədər, sevinc və kədər, gülüşü və göz yaşları arasındakı incə xətti məharətlə keçən Yaqut Paşazadə də təəccübləndirməyi bacarır...

Məmməd Səfanın tamaşa boyu davam edən təmkini və gözlərinizin içinə zillənən baxışları elə Frans Kafkanı xatırladır, “Çevrilmə”ni oxuduğunuz anda keçirdiyiniz qorxu və təəccübü təkrar yaşadır ...

Ani gəlişləri və bir sini dolusu çay stəkanları ilə “səhnəyə” qədəm qoyan Hikmət Rəhimovun bir həftə öncə izlədiyiniz “Qatil”dəki Oğlan olduğuna inanmaq isə qeyri-mümkündür...

“İncəsənət kütlə üçün deyil. Teatr elitar müəssisədir və teatra tələbatı olan insanlar gəlməlidir... Bizim isə tamaşaçımız yoxdur, bizim həmsöhbətlərimiz, qonaqlarımız var...”

Daha öncə YUĞ-da olan tanışımın fikirlərini eşidəndən sonra teatra yenidən getmək istəyim birə-beş artdı... Çünki YUĞ-u tənqid edən insanın kafası və intellekti orta statistik azərbaycanlının teatr gözləntisini aşa bilməzdi. YUĞ isə incəsənəti və ən əsası, özünü tanıyan və dərk edən tamaşaçının teatrıdır. Fasiləsi, dəbdəbəli foyesi və bufeti olmayan teatrdır...
Şənbə günü – YUĞ günü deməkdir...Siz də YUĞ-a qonaq getməyə, YUĞ-la həmsöhbət olmağa tələsin!..

Leyla Əliyeva

Selcan Qurbanova

Qalereya




Teqlər:  





Xəbər lenti