Dövlət Xidməti internet bazarında araşdırmaya başladı

   Dövlət Xidməti internet bazarında araşdırmaya başladı
  14 Avqust 2024    Oxunub:1176
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.
AzVision.az bu barədə quruma istinafən xəbər verir.

Məlumata görə, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlərinin internet xidmətlərinin minimum tariflərini yüksəltməsinə dair xəbərlər yer alır, məsələ ilə əlaqədar Dövlət Xidmətinə çoxsaylı vətəndaş müraciətləri daxil olur.

Belə ki, internet provayderlərinin nəzərdə tutulan dəyişikliklərdən sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətlərini 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzləyəcəyi məlum olub. Nəticə etibarilə, müştərilər (o cümlədən istehlakçı) üçün formalaşan minimum fiber optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq. Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib.

Kütləvi informasiya vasitələrində yer alan məlumatların, Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərini müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlərin kollektiv əsaslarla müəyyən etdiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlər təyin etdiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderlərinin əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçirəcəyinin ilkin əlamətləri müşahidə olunur.

Hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları iyulun 1-dən qüvvəyə minmiş Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur.

Genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb, bazar iştirakçılarına sorğu məktubları ünvanlayıb, bir sıra görüşlər keçirib və onlardan müvafiq məlumatlar istəyib. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.

AzVision.az




Teqlər:





Xəbər lenti