Yaşıl enerji istehsalı 2 dəfəyədək artıb

Yaşıl enerji istehsalı 2 dəfəyədək artıb
  13 Avqust 2024    Oxunub:1070
Cari ilin yanvar-iyul aylarında ölkədə elektrik enerjisinin istehsalı 0,33 faiz azalaraq 16 milyard 269 milyon kilovat-saat olub.
AzVision.az Energetika Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, 7 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 13 milyard 863,7 milyon kilovat-saat, SES-lərdə 1 milyard 867,3 milyon kilovat-saat, digər mənbələr üzrə isə 538 milyon kilovat-saat təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 33,3 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 352 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 152,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1327,7 milyon kilovat-saat) nisbətən 1 milyard 77,6 milyon kilovat-saat və ya 1,8 dəfə artaraq 2 milyard 405,3 milyon kilovat-saat təşkil edib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 milyard 323 milyon kilovat-saat (İES-lərdə 12 milyard 590,6 milyon kilovat-saat, SES-lərdə 1 milyard 732,4 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 277,7 milyon kilovat-saat (İES-lərdə 116,7 milyon kilovat-saat, SES-lərdə 124,2 milyon kilovat-saat, Günəş ES-də 36,8 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 25,1 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 643,2 milyon kilovat-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 2,4 dəfə azalaraq 522,1 milyon kilovat-saat, idxalı isə 1,4 dəfə azalaraq 112,4 milyon kilovat-saat olub.

Qeyd edək ki, cari ilin iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 12,2 faiz artaraq 2 milyard 711,2 milyon kilovat-saat olub. Bu dövrdə elektrik enerjisinin idxalı 14,2 faiz azalaraq 16,9 milyon kilovat-saat, ixrac isə 6,4 dəfə artaraq 78,9 milyon kilovat-saat təşkil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti